"İcra başçılarının dəyişdirilməsi..." - Mehman Əliyev "iqtidar daha çox QHT və media ilə dialoqa getməlidir" deyir (MÜSAHİBƏ)
SİYASƏT
25.05.2020, 12:05
Ölkədə başlayan iqtisadi, sosial və siyasi islahatlar, kadr və struktur dəyişikliklərinin haraya qədər davam edəcəyi və hansı nəticələr verəcəyi cəmiyyətdə ən çox səslənən suallar sırasındadır.
Mia.az xəbər verir ki, “AzPolitika.info” bu mövzuyla bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyevin fikirlərini öyrənib:
- Mehman bəy, son zamanlar hakimiyyətin apardığı kadr islahatları və korrupsiyaya qarşı atılan sərt addımlar cəmiyyət tərəfindən əsasən təqdir edilir. Bəs Siz bu addımları necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, bu prosesdə bir neçə məsələ var. Onlardan biri kadr dəyişiklikləri çərçivəsində baş verən hadisələrdir. Burada kadr dəyişikliyi başqa formatda baş verir. Adətən, vəzifəli şəxs sərəncamla işdən çıxarılıb yola salınır, ona medal da verilir və o, hörmətli şəxs kimi qalmaqda davam edir. Bizdə də son zamanlar kadr dəyişikliyi daha çox bu istiqamətdə gedirdi. Ancaq indi bu proses həbs edilən məmurlar nəzərə alındıqda, bir qədər fərqlənir. Beləcə hamıya göstərilir ki, əslində hər kəs haqqında dolğun informasiya var, kimin nə işlə məşğul olduğu “yuxarılara” məlumdur. Burada nümayiş etdirirlər ki, artıq köhnə qayda və prinsiplərlə işləmək olmaz. Yəni bu prinsiplər dəyişir.
- Sizcə, bu proses sonda hansı nəticəni doğuracaq?
- Prezident İlham Əliyev ötən il yeni təyin edilən icra başçıları ilə görüşdə qeyd edirdi ki, gedin, camaatla işləyin, insanları incitməyin, onlara müəyyən şərait yaradın. Ancaq bir çox icra başçıları Prezidentin bu dediklərini eşitmədi. Odur ki, nəticədə belə “nümunəvi” həbslər aparıldı. Artıq bu gün çoxlu sayda icra başçısı var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi.
Fikrimcə, bu addımlarda məqsəd hamını eyni çərçivəyə salmaq və yeni qaydalarla işləmələrinə nail olmaqdır. Əvvəllər kifayət qədər oğurluqlar var idi, bunu edənlərin milyonlarla ölçülən mal-mülkü var. Əslində, oyun qaydaları belə idi. Sadəcə olaraq, indi bu sistemin və münasibətlərin dəyişdirilməsi ən yüksək səviyyədən elan edilib. Ancaq bir çoxları bunu başa düşmək istəmədi.
Fikrimcə, bundan sonra başa düşməyə, anlamağa başlayacaqlar. Proses bu formada davam edəcək. Mən demirəm ki, həbslər hər gün aparılacaq, amma dəqiqdir ki, kadr dəyişiklikləri yenə olacaq. Yəni icra başçıları dəyişdiriləcək və bu proses sürətlə aparılacaq. Beləcə idarəçilikdə xeyli tərkib dəyişikliyi baş verəcək. Həm də nəzərə almaq lazımdır ki, cəmiyyət, insanlar icra başçılarından narazıdır. İcra başçıları indiyə qədər rayonlarda insanların torpaqlarını əlindən alıb, sahibkarları, iş adamlarını incidib, dövlət tərəfindən ayrılan vəsaitləri amansızlıqla talayıblar. Əhali də haqlı olaraq narazıdır. Odur ki, yerlərdə əhalinin könlünü almaq istəyirlər və insanlara göstərirlər ki, belə məmurlara qarşı ciddi mübarizə aparılır.
Hakimiyyətin bu addımlarla əhalinin rəğbətini qazanmaq və həm də onun dəstəyini almaq niyyəti var. Çünki bütün dünya kimi biz də iqtisadi böhran mərhələsinə daxil oluruq.
Aparılan bu proseslə paralel olaraq, Azərbaycan hakimiyyəti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar aparır. Ola bilsin ki, danışıqlarda bir sıra layihələrin həyata keçirilməsi, kreditlərin alınması, islahatların aparılması, yeni özəlləşdirmə proqramının həyata keçirilməsi müzakirə edilir. Məlum həbslərlə eyni zamanda beynəlxalq institutlara göstərilir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə gedir, həbs edilənlər var. Bununla paralel olaraq, “Dost” Mərkəzləri açılır, dövlət xidmətlərinin vətəndaşlar tərəfindən asanlıqla istifadə edilməsinə imkan yaradılır, bu sahədə olan korrupsiya halları sıradan çıxarılır.
- Bu, o deməkdirmi ki, məlum tədbirlər sayəsində yeni dünya reytinqlərində Azərbaycan anti-korrupsiya addımlarına görə ön yerləri tutacaq?
- Bəlli məsələdir ki, 2020-ci il üçün təşkil ediləcək reytinqlərdə Azərbaycan müsbət şəkildə irəliləyəcək. Çünki ölkədə bu istiqamətdə nə baş veribsə, hamısı reytinqlərdə öz əksini tapacaq. Yəni həbslər, korrupsiyaya qarşı addımlar, görülən tədbirlər...
- Biraz əvvəl sistem dəyişikliyi ifadəsini işlətdiniz. Sizcə, indi idarəçilik sahəsində sistem dəyişikliyi baş verirmi?
- Yox, biz sistem dəyişikliyini müşahidə etmirik. Əslində, hakimiyyət başa düşür ki, qarşıdan böhran gəlir. Biz neft ölkəsiyik və neft-qaz qiymətlərindən daha çox asılıyıq. Hazırda neft dünya bazarında aşağı qiymətə satılır. Neftin Ümum Daxili Məhsulda payı olduqca böyükdür, büdcə payı da 60 faizdən az deyil. Odur ki, yaranan durum Azərbaycan iqtisadiyyatına zərbədir. Bu, sosial duruma da istər-istəməz təsir edəcək. Bunun üçün lazımı tədbirlərin görülməsi, anti-böhran proqramının ortaya qoyulması vacibdir. Ancaq 4-5 aydır ki, problemin olmasına baxmayaraq, hakimiyyət ortaya plan və ya proqram qoymur. Bu da onu göstərir ki, hakimiyyət ləngiyir və hansısa dəyişikliklərə getmək istəmir. Və ya mümkündür ki, bundan sonra nəsə hazırlaya bilərlər. Hər halda, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə institutları ilə danışıqlar aparılır.
Digər tərəfdən də repressiv tədbirlər gücləndirilir. Həbslər aparılır, bloklanma, saytlara hücumlar müşahidə edilir. Bu da onu göstərir ki, hakimiyyət hələlik daha çox təzyiq, məhdudlaşdırma istiqamətində hərəkətlər edir. Başqa sözlə, hakimiyyət cəmiyyətlə dialoq qurmaq və çıxış yolları axtarmaq platformasına deyil, güc tətbiq etmək, həbslər aparmaq metoduna üstünlük verir. Bu hal göstərir ki, hakimiyyət sistemli dəyişikliklərə hələlik hazır deyil.
- Ancaq hakimiyyət siyasi partiyalarla dialoq qurur, onlarla görüşlər keçirir, bəzi partiyaları dövlət qeydiyyatına alır. Bu prosesi nəzərə almırsınız?
- Hansı partiyalar qeydiyyata alınıb, hansı siyasi qüvvələrlə təmaslar qurulub? Mən özümüzü aldatmağın tərəfdarı deyiləm. Azərbaycanda real olaraq iki müxalifət partiyası var. Birincisi AXCP, ikincisi Müsavat Partiyasıdır. Hakimiyyətlə bu partiyalar arasında işbirliyi yoxdur, onlar parlamentdə təmsil olunmurlar, təzyiqlə üzləşirlər və hakimiyyətin onlarla münasibətləri gərgindir. Qalan partiyaların ümumiyyətlə tərəfdarları varmı? Çoxlarının görürsən ki, 50-100 nəfər tərəfdarı, üzvləri, qohumları var. Əlbəttə, məndən kimlərsə inciyə bilər, amma reallıq budur.
- Söhbət reallıqdan düşmüşkən... Siz Real Partiyasının da bu prosesdə iştirakını az qala nəzərə almırsınız...
- Mən, sizin nə dediyinizi anlayıram. Və deyirəm ki, dünəndən danışmırıq, demirik ki, dünən kim necə olub. Bu gündən danışırıq. Məsələn, Real Partiyasının üzvü Erkin Qədirli parlamentə gedib. Hakimiyyət istəməsə seçki yoluyla heç kəs parlamentə düşə bilməz. Kimsə bəyan edə bilər ki, parlamentə getdim, orada sözümü deyəcəyəm, xalqa xeyrim dəyəcək və s. Bu, həmin şəxsin mövqeyidir, özünə görə doğru da görünə bilər. Amma mən deyirəm ki, belə şəxs qeyri-demokratik prosesdə hansısa formada iştirak edib.
- Yəni Siz siyasi qüvvələr arasında dialoqun olmadığını iddia edirsiniz...
- Söhbət hansı siyasi qüvvələrdən gedir? Əgər müxalifətlə hakimiyyət arasında dialoqdan gedirsə, nəzərə alın ki, müxalifətin öz daxilində dialoq mühiti yoxdur. O halda hakimiyyətlə müxalifət arasında dialoq necə ola bilər?
Partiyalarla görüşə gəldikdə isə, fikrimcə, daha çox vətəndaş cəmiyyəti ilə görüş və dialoq əhəmiyyətlidir. Mən hesab edirəm ki, hakimiyyət daha çox vətəndaş cəmiyyəti ilə dialoqa getməlidir. Amma bunu müşahidə etmirik. Eləcə də mediaya müstəqillik vermək haqqında düşünmürlər. Bu halda hansı dialoq haqqında danışa bilərik? Əlbəttə, bu mövzuda fərqli fikirlər işlədə bilərik. Ancaq sonda bu dialoqun hansı nəticəyə gətirib çıxaracağı vacibdir.
- Sizcə, hansı nəticələr ortaya çıxa bilər?
- Mən bilmirəm hansı məsələləri müzakirə edirlər və nəyə hazırdırlar. Şəxsən mənim hakimiyyət nümayəndələri ilə xeyli danışığım olub. Təkliflər vermişəm. Amma təkliflərin əksəriyyəti heç yaxına da buraxılmır. Biz buna dialoq deyə bilərikmi? Məncə, yox. Biz sadəcə danışırıq, müzakirə aparırıq, amma son nəticədə heç nə dəyişmir. Zamanında biz deyirdik ki, böhran olacaq, bunun işartıları var, ehtiyatlı olmaq lazımdır. Amma o zaman da cavab verirdilər ki, heç bir problem yoxdur, böhran gözlənilmir və s. Amma sonda devalvasiya baş verdi.
- İndi də hakimiyyət nümayəndələri ilə görüşüb müzakirələr aparırsınızmı?
- Yox, artıq belə təmas yoxdur. Çünki bir-birimizi başa düşə bilmirik. Onların məsələyə baxışları ilə mənim baxışlarım arasında fərqlər var. Mən səmimi təkliflər verirəm. Hər hansı məqsəd güdmürəm. Mən də onları başa düşmək istəyirəm. O mənada ki, niyə narahatdırlar, nə üçün təklifləri qəbul etmirlər. Açığı, özüm üçün də bu maraqlıdır. Bildiyim doğru təklifləri onsuz da səsləndirirəm. Ona görə yox ki, şəxsi marağım var, nəsə qazanmaq istəyirəm. Mənə bunlar maraqlı deyil. İstəyirəm faydalı iş olsun, qarşı tərəf müsbət qərarlar qəbul etsin və cəmiyyət də bunun faydasını görsün.
Vaqif NƏSİBOV
AzPolitika.info
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Həsən Şaş narkoman çıxdı: kokain qəbul edirmiş
Bugün, 20:30 İDMAN
-
Oktyabrın ilk günlərində bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq
Bugün, 20:21 GÜNDƏM
-
İstefaya göndərilən sabiq nazirin adı partiyanın internet resurslarından tamamilə silinib
Bugün, 19:45 DÜNYA
-
Bu qurumlarda yoxlama aparılıb - İcra Hakimiyyəti, Ombudsman, Fondlar... (SİYAHI)
Bugün, 19:08 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Bugün, 18:49 GÜNDƏM
-
Qanunsuz mərc oyunlarında rol alan klub rəsmiləri: onlar kimdirlər? - SİYAHI
Bugün, 18:43 İDMAN
-
Klub prezidentini başından güllələdilər - Bolqarıstanda
Bugün, 18:38 İDMAN
-
İlham Əliyev və Birinci xanım "ADEX 2026" və "Securex Caspian" silah sərgilərində - FOTOLAR
Bugün, 18:24 GÜNDƏM
-
Türkiyəli aktrisa 14 il əvvəl sonra xatırladığı parolla sərvət sahibi oldu
Bugün, 18:19 ŞOU-BİZNES
-
CHP-də gözlənilməz qərar - İstanbulda 3 bələdiyyə sədri partiyadan çıxarıldı
Bugün, 18:08 SİYASƏT
-
Azərbaycan ilə Rumıniya arasındakı dərin münasibətlər... - TƏHLİL
Bugün, 18:00 SİYASƏT
-
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Bugün, 17:52 İQTİSADİYYAT
-
Türkiyə və Azərbaycan birgə qırıcı təyyarə istehsal edib - İlk dəfə nümayiş olundu (FOTOLAR)
Bugün, 17:38 GÜNDƏM
-
Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Bugün, 17:11 CƏMİYYƏT
-
Dövlət Komitəsindən Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadınla bağlı - Açıqlama
Bugün, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Şahin Mustafayev İranda - Münasibətlərdə yeni mərhələ, yoxsa...(TƏHLİL)
Bugün, 16:53 SİYASƏT
-
20 mindən 50 min manata qaldırıldı - Pul köçürmələri edənlərə xəbərdarlıq, qayda yenidən dəyişdi (YENİLƏNİB
Bugün, 16:46 İQTİSADİYYAT
-
Tbilisidə erməni vandallığı: büstü zədələyən Ermənistan vətəndaşı saxlanıldı
Bugün, 16:35 GÜNDƏM
-
AZƏRBAYCANIN YENİ SİLAHLARI: dünyaya səs salacaq dron və... - PUA-ları yerində aşkarlayıb məhv edir + FOTOLAR (Yenilənib)
Bugün, 16:25 GÜNDƏM
-
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalanıb - FOTOLAR
Bugün, 16:12 SİYASƏT
-
Ombudsmanın aylıq vəzifə maaşı 12 min manat müəyyənləşdi
Bugün, 16:01 GÜNDƏM
-
"Dövlət qulluğu haqqında" qanun dəyişdi: qudalar, ər-arvad, qardaş-bacı, övladlar... - Onlar eyni qurumda işləyə bilməyəcəklər!
Bugün, 15:42 CƏMİYYƏT
-
Pensiya qaydası dəyişir: hansı düsturla hesablanacaq? - DETALLAR (YENİLƏNİB)
Bugün, 15:37 İQTİSADİYYAT
-
NAXÇIVANDA SON 10 İLİN PENSİYA TƏYİNATLARI TƏFTİŞ OLUNUR - İndiyə qədər 300-dək insanın pulu ya kəsilib, ya da azaldılıb
Bugün, 15:34 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 15:21 GÜNDƏM
-
Yeraltı yataqlarla bağlı yeni qanun qəbul edildi
Bugün, 15:11 İQTİSADİYYAT
-
İkardi danışdı: “Hər şeyim var”
Bugün, 15:09 İDMAN
-
Ağsaqqallar Şurasının keçmiş sədrinə ağır cəza tələb olundu
Bugün, 14:57 SİYASƏT
-
Bulvar İdarəsinin sabiq rəhbəri hakim qarşısında - “Pulları Fuad müəllimə verirdim”
Bugün, 14:29 KRİMİNAL
-
BANK ALDI, MƏŞHUR ŞADLIQ EVİNİ SATDI - Mərkəzi Bankın sabiq sədri barədə maraqlı məlumat yayıldı
Bugün, 14:05 İQTİSADİYYAT
-
Nazirin birinci müavini Federasiya prezidenti seçildi
Bugün, 13:51 İDMAN
-
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır - 1 milyard dollarlıq
Bugün, 13:29 İQTİSADİYYAT
-
Payızın ilk “Ulduz”u
Bugün, 13:28 MƏDƏNİYYƏT