“65 yaşında da erotik film dəvəti gəlsə, çəkilərəm”

img

16-08-2013 [16:17]


Əməkdar artist Vəfa Zeynalovanın çəkildiyi "İlahi məxluq” filmi ətrafındakı müzakirələrdən sonra Azərbaycan aktrisalarının erotik epizodu olan filmlərə çəkilib-çəkilməməsi müzakirə mövzusudur. Heç şübhəsiz ki, bütün məsələlərdə olduğu kimi burda da razılaşanlar da var, razı olmayanlar da.

"Modern.az" tanınmış aktrisalara "erotik epizodları olan filmə çəkilərsinizmi” sualı ilə müraciət edib.

Aktrisa Səmimə Səlimova bildirib ki, mümkün olmayan heç nə yoxdur: "Ancaq mentalitetimizi nəzərə alsaq, şəxsən mən çəkilmərəm. Bir qadın olaraq efirdə açıq səhnələrlə özümü reklam edib populyarlıq əldə eləmək naminə ailəmin başını aşağı eləmərəm”.

Aktrisa hesab edir ki, açıq səhnələrin daha münasib və uyğun həlləri var: "Bunu rejissor düşünə və uyğun səhnələrdə tamaşaçılara o açıq səhnələrin əvəzinə həmin hissləri başqa üsulla çatdıra bilər. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirdiyim üçün bunu əminliklə deyirəm. Əgər açıq səhnələrə zərurət varsa, yəni bu səhnə filmin kulminasiyası hesab olunursa, yaxud da hansısa hadisənin gedişatına kömək edirsə, mütləq çəkilməlidir. Amma tam çılpaqlığıyla yox. Bu səhnələrin ən sadə variantı musiqi, gözəl ustalıqla qurulmuş işıqlar və kölgələrlə işləməkdir. Dediklərimi isə hər rejissor dərk etmir. Onlar öz filmlərinin populyarlığını ancaq açıq səhnələrdə axtarırlarsa, bu böyük yanlışdır. Əgər dediyim istisnalarla çəkilərsə, mən də belə filmə çəkilərəm”.

Əməkdar artist Nahidə Orucova da hesab edir ki, belə bir filmə çəkilmək olar. Amma: "Erotik filmə çəkilmək olar e... Biz aktrisayıq, hər şeyi bacarmalıyıq. Ancaq onu da fikirləşək ki, mentalitetimiz var, müsəlmanıq. Müsəlman ölkəsində erotik səhnə necə ola bilər? Olar, amma üstüörtülü... Baxır hansı formada erotika. Məsələn üstünə bir şey örtmək olar. Onsuz da baxanda bilinir ki, o lütdür. Amma kadrda lüt olmaz. Mən belə bir filmə çəkilmərəm”. N. Orucova deyib ki, çimərlik geyimində çəkilə bilər: "Onsuz da bizim bəzi filmlərdə belə kadrlar var. Amma danışıq tərzi və maneralarla ehtiraslı görüntü yaratmaq da mümkündür".

Əməkdar artist Nəsibə Eldarova isə düşünür ki, aktrisa üçün belə məsələlər kompleks yaratmamalıdır: "Belə filmə çəkilmək normaldır. Film filmdir. İstər Azərbaycanda, istər Hollivudda, film yaşıdırsa, yaxşıdır, pisdirsə pisdir. Mənə hətta 65 yaşında da erotik film dəvəti gəlsə, çəkilərəm. Amma doğrudan da yaxşı filmdirsə, erotika xatirinə yox”. Əməkdar artist bildirdi ki, belə filmə çəkilmək üçün yaş əsas deyil: "Var yaxşı film, var pis film. Hərdən də dahiyanə filmlər olur. Bir film var, deyəsən, Berqmanın idi, onun sevimli aktyorları oynayırdı. Liv Ulmanın orda bəlkə də 70-ə yaxın yaşı var. Filmdə iki qocanın yataq səhnəsi vardı tam çılpaq. Qırışmış, sallaq əzalar... Əslində bu iyrənc görünməliydi, amma bu səhnə filmin ideyasını açır. Elə ustalıqla çəkilmişdi ki, qeyri-iradi ağladım”.

Tanınmış aktrisa, əməkdar artist Naibə Allahverdiyeva isə bildirib ki, erotik filmə çəkilməyinə mane olan səbəblər var: "Erotik filmə çəkilmərəm. Birincisi, bizdə belə şeylər qəbul olunmur. Kimsə çəkilirsə də mən ona pis baxmıram. Ola bilər elə səhnədir ki, film üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycanda açıq-saçıq səhnələri olan erotik filmin çəkiləcəyinə inanmıram. Sırf erotika bizdə ola bilməz”. Aktrisanın fikrincə "erotik səhnə” anlayışı tamam başqadır:
"Bizdə kim bir-birinin əlindən tutursa, deyirlər ki, bu, erotikadır”. Erotik səhnə anlayışı tamam başqa bir şeydir”.

Əməkdar artist Sevinc Əliyeva isə belə bir təklif olarsa, qətiyyən qəbul etməyəcəyini deyir: "Erotik filmə çəkilməmişəm və çəkilə də bilmərəm. Əvvəla mənim yaşım buna imkan vermir. İkincisi, bura Azərbaycandır. Gənc olsam da çəkilməzdim. Bəlkə də xaricdə böyüsdəydim, oranın tərbiyəsini görsəydim, çəkilərdim. Burda böyümüşən, Azərbaycan qızıyam. Düzdür, peşəkar aktrisa hər şey oynamalıdır və mən də oynayaram. Amma erotikaya çəkilə bilmərəm qurban olum sənə. Mənim qohum-əqrəbam, el-oba, qonşu, özümdən yekə 22 yaşlı oğlum mənə nə deyər? Bəyəm özümüzü küçədən tapmışıq? Elə şey heç vaxt ola bilməz. 50 yaşım var. Amma 30 yaş verirlər. Buna baxmayaraq, yenə də imtina edərəm. Teatrda görkəmi erotikaya çəkilməyə imkan verən gəc aktrisalarımız çoxdur”.

Əməkdar artist Münəvvər Əliyeva isə burda heç bir qəbahət görmür: "Aktrisa hər şey oynamalıdır. Niyə çəkilmirəm ki?”

Digər xəbərlər
SON XƏBƏRLƏR