Rüstəm İbrahimbəyov sabah Moskvaya uçur

img

31-07-2013 [12:49]



"Vətəndaşlıqla bağlı sənədlərim hələlik qaydasında olmadığı üçün avqustun 1-də Moskvaya dönməliyəm. Milli Şura nə zaman Bakıya gəlməyim haqqında qərar qəbul etsə, Azərbaycana onda gələcəyəm”. Musavat.com bildirir ki, Milli Şuranın Tiflis görüşündən sonra jurnalistlərə açıqlama verən sədr, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov belə deyib.

Sədrin sözlərinə görə, Rusiya vətəndaşlığından imtinası məsələsinə yaxın zamanlarda baxılacaq: "İndi vəziyyət elədir ki, mən Bakıya getsəm, durum heç də bizim xeyrimizə olmayacaq. Ona görə də biz bu məsələni işlər bizim xeyrimizə olana qədər yubadırıq. Milli Şuradakı dostlarım mənim indiki halda Bakıya gəlişimi qətiyyən istəmir. Ona görə də mən uyğun vaxta qədər gözləyəcəyəm”.

Milli Şuranın nədən məhz Tiflisdə toplanmasına dair sualı Rüstəm İbrahimbəyov belə cavablandırıb: "Gürcüstan kinematoqrafları ilə film çəkməyi planlaşdırırdıq. Yəni onsuz da mən Tiflisə gələcəkdim. Ancaq ən önəmlisi Azərbaycanın ilk Milli Şurası burada toplanaraq önəmli qərarlar verib. Yəni Tiflis bizim sevdiyimiz şəhərlər sırasında ona görə var ki, buradan Azərbaycanın inqilabi hərəkatı başlayıb. Yəni bu, bir ənənədir. Ona görə də Milli Şuranın 100 ildən sonra yenidən Tiflisdə toplaşması olduqca əsaslıdır”.

Rüstəm İbrahimbəyov "Seçkidə şansınızı necə qiymətləndirirsiniz” sualına cavabında deyib ki, xalq seçkidə mütləq dəyişiklik istəyir ona görə də şansı böyükdür: "Azərbaycan xalqı öz hakimiyyətini qurmağa layiq, azad, ədalətli seçki keçirə biləcək bir xalqdır. Ancaq hakimiyyət hər dəfə seçkini saxtalaşdıraraq onun hüququnu tapdalayır. Biz çalışacağıq ki, bu hüququ xalqa qaytaraq”.

Sədr əlavə edib ki, seçkidə iştirakı mümkün olmasa, Milli Şura Azərbaycandakı qanunsuzluqlarla mübarizəsini davam etdirəcək: "Milli Şura yalnız seçki ilə bağlı deyil. Biz Azərbaycanda korrupsiyaya, rüşvətə, ümumiyyətlə bu gün baş verən bütün haqsızlıqlara qarşı mübarizə aparırıq. Seçkidə iştirakımız mümkün olmasa, digər sahələr üzrə fəaliyyətimizi davam etdirəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA