Fuad Abbasova tətbiq olunan əcaib miqrasiya qanunu...

img

23-05-2019 [15:58]


Nadir QOCABƏYLİ

***

Rusiyada miqrantlara qarşı həm qanunvericilik , həm də məmular və hüquq-mühafizə orqanları səviyyəsində alçaldıcı, təhqiramiz münasibət olması haqqında bir neçə dəfə yazmışam. Rusiyada olduğum 4 ayda bu məsələləri az-çox yaxından müşahidə edə bildim.

Təsəvvür edin ki, miqrasiya qanununa əsasən, bir azərbaycanlı Rusiya ərazisində cəmi 90 gün qala bilər. Bundan artıq qalmaq istəyirsə, yenidən vətənə qayıtmalı, 3 ay burada qaldıqdan sonra yenidən Rusiyaya dönməlidir. Rusiyada qaldığın 3 ay ərzində hökmən qeydiyyata düşməlisən. Bunun üçün pasportunu tərcümə etdirməli, hansısa işbaza səni qeydiyyata saldırması üçün adam başına təxminən 50-70 manat ödəməlisən. 20 manat da pasportun tərcüməsidir. Bəla burasındadır ki, kirayə etdiyin evlərin sahibləri səni qeydiyyata saldırmaqdan imtina edirlər. Çünki bunun üçün müəyyən sənədlər, vergi-filan tələb olunur. Üstəlik ev sahibi Miqrasiya idarəsini gedib, orada bir gün vaxt itirməlidir. Ən asan yol adambaşı bir işbaza 70-80 manat verirsən, məsələ 3 aylıq həll olunur. Öz millətimizdən olan həmin işbazlar hüquq-mühafizə və miqrasiya orqanları ilə əlbir işləyirlər.

3 ayın tamamında gərək Azərbaycana qayıdasan, yalnız burada 3 ay qaldıqdan sonra geri dönə bilərsən. Qanun belədir və bunun alternativi yoxdur. Ancaq işbazlar Rusiyadakı korrupsioner dairələr ilə bunun da çarəsini tapıblar. Ən yaxın sərhəddən ölkədən çıxır və dərhal da geri qayıdırsan. Məsələn, Samaradan ən yaxın xarici ölkə olan Qazaxıstana gedir, dərhal da geri qayıdır və yeni miqrasiya kartı əldə edirsən. Həmin kartla pasportun yeni tərcüməsini və 50-60 manatı işbaza verirsən və o səni yenidən qeydiyyata saldırır. Onu da qeyd edim ki, 30-40 manat da səni sərhədə aparıb, giriş-çıxış əməliyyatını həyata keçirən işbaz sürücüyə ödəyirsən və o da puldan məmurlara, yoldakı postlara pay verir.

Mən Rusiyanın miqrasiya qanunvericiliyini tapıb oxudum. Orada belə bir prosedur qeyri-qanuni sayılır. Yəni Qazaxıstana giriş-çıxış edildikdən sonra edilən qeydiyyat birmənalı saxtadır. Amma bunu miqrasiya idarəsi, digər qurumlar, hətta universitetlər qəbul edirlər. Mən onlardan bu haqda soruşdum, ancaq cavab verə biləmədilər, ağız sürüdülər.

Universitet tələbəni təhsil almağa qəbul edir, amma onu qeydiyyata salmır. Yataqxanada yer ala bilsən, qeydiyyata da salırlar. Yer olmasa, hər üç aydan bir məcburən ölkəyə giriş-çıxış etməli, hər dəfə də 100 manata qədər xərcə düşməlisən. Bu pullar işbazlarla rus məmurlarının cibinə axır. Təsəvvür edin ki, universitet öz tələbəsinin, həm də ona təhsil haqqı ödəyən tələbənin dərslərdə iştirakı, bilik əldə etməsi üçün heç nə edə bilmir. Miqrasiya idarəsi onu hər an qeydiyyata görə deportasiya edə bilər.

Məsələ burasındadır ki, miqrant tələbələrə yataqxanada yer almaq da lotoreya uduşu kimi bir şeydir. Odur ki, hər üç aydan bir 100 manat xərc çəkib Qazaxıstana getməli, qeydiyyatı təzələməlidirlər. Yoxsa ən adi pul köçürməsi əməliyyatında belə iştirak edə bilməzlər. Yən banka adlarına gəlmiş pulu ala bilməzlər, çünki istənilən bank miqrasiya kartı və qeydiyyat vərəqəsi tələb edir. Üstəlik universitet də hər üç aydan bir həmin sənədləri tələbədən istəyir. Bir rüsvayçı durumu da qeyd edim ki, qeydiyyat vərəqəsini məktəb də şagirdlərdən tələb edir. Halbuki həddi-büluğa çatmayan uşaqlar valideyn himayəsində hesab olunmalıdırlar. Belə çıxır ki, qeydiyyatı olmayan tələbə, hətta şagird də hər an deportasiya oluna bilər.

Çıxış yolu əmək patenti, ondan sonra 3 illik Müvəqqəti Yaşayış İcazəsi (RVP) almaq və daha sonra Rusiya vətəndaşlığını qəbul etməkdir ki, bunlar da bir ətək xərc tələb edir. Görün Rusiya kimi bir ölkə öz demoqrafik problemini hansı yolla həll edir? İnsanlar Rusiya vətəndaşı olmağa sadəcə məcbur edilirlər, amma adı olur ki, guya bu könüllü miqrasiyadır.

Amma patent almaq da səni hər üç aydan bir qeydiyyata düşmək problemindən azad eləmir. Həmin xərci yenə çəkir və əzablara dözməli olursan. Təkcə 1 il müddətində ölkəni tərk etməmək icazən olur. Amma o patentlərlə iş tapmaq da çox müşküldür və bir çox miqrant da iş tapmır. Patenti sadəcə hər 3 aydan bir ölkəni tərk etməmək üçün alırsan və buna görə əvvəldə 500 manatdan çox xərcləyir, hər üç aydan bir də 200 manat ödəyirsən.

Odur ki, bir çox miqrantlar bu qeyri-mükəmməl, onları hədsiz incidən, boşluqlarla zəngin, ədalətsiz qanunları pozaraq qaçaq yaşamaq zorunda qalırlar.

Bir məsələni də qeyd edim ki, bu absurd qanunlara tam əməl etmək mümkün deyil. Neyləsən də, hökümət orqanları istədikləri halda, miqrantda qüsur tapa bilirlər. Gərək bir ətək xərci çəkib, rüşvəti verib Rusiyanın "qara" vətəndaşı olasan. "Qara" vətəndaş isə o deməkdir, hər zaman aşağı növsən.

Bu yazını yazmağa məni son günlər Moskvada həmyerlimiz jurnalist Fuad Abbasovun təhqiramiz formada həbs olunması, fiziki təzyiq və işkəncələrə məruz qalması vadar etdi. Fuad qardaşımız Rusiyada, onun paytaxtı Moskva şəhərində azərbaycanlıların hüquqlarının qorunması, üzləşdikləri problemlərlə mübarizədə nələr etməsi üçün geniş maarifçilik işi aparır, milli maraqlarımızı bir çox səviyyələrdə cəsarətlə müdafiə edirdi. Görünür, onun bu fəaliyyəti düşmənlərimizi, xüsusilə də hər yerdə ayağımızın altını qazan erməniləri və təəssüflər olsun ki, onlarla əlbir olan, xalqımızın bədbəxtliyi üzərində pul qazanan işbaz yurddaşlarımızı qane etmədi.

Fuada olan münasibət bütövlükdə Azərbaycan xalqına olan münasibətin bariz nümunəsidir. Bu alçaldıcı, qanunsuz, təhqiramiz münasibəti biz hər zaman hiss edirik. Sadəcə böyük qonşumuz olan Rusiya, rus xalqı ilə münasibətlərimizi pozmaq istəmirik. Çünki əslində bu, rus xalqının, onun mütərəqqi insanlarının, ziyalılarının bizə olan münasibəti deyil. Mən Rusiyada olanda bu haqda bəzi ziyalılar, universitet müəllimləri, dekanlar, hətta rektorla söhbət etdim. Onlar mənimlə razılaşdılar. Rusiyanın miqrasiya qanununun absurlarla dolu olduğunu təsdiqlədilər. Ancaq gücsüz olduqlarını etiraf etdilər.

Əminəm ki, Fuad Abbasova qarşı tətbiq olunan zorakılıq sifarişli, qərəzli siyasi aksiyadır. Absurd miqrasiya qanunundan sadəcə qalxan kimi istifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR