Zakir Həsənov ordunu müharibəyə hazırlayır

img

19-06-2019 [18:35]


Elxan ŞAHİNOĞLU

***

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 18-də təlim mərkəzinin açılışında iştirak etdi. Zakir Həsənov təlim mərkəzində mətbuat konfransı keçirdi. Ermənistanın müdafiə naziri David Tonoyan tez-tez jurnalistlərə açırlamalar verir. Buna görə də Zakir Həsənovun da aktivliyini azaltmayaraq Ermənistana mesajlar göndərməsi vacibdir. 

Zakir Həsənovun mətbuat konfransında söylədikləri mesajları ayrıca dəyərləndirməyə ehtiyac var:

Image result for 2016-02-16-11-57-51elxan-sahinoglu-esas.JPG

Birincisi, Zakir Həsənov mətbuat konfransında dedi ki, Azərbaycan ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Bundan baqşa ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordunun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir. Eyni zamanda Azərbaycan Hərbi Dəniz Qüvvələri də təkmilləşdirilir və texniki məsələlər həll olunur. Azərbaycanın öz hava qüvvələrini təkmilləşdirməyə ona görə ehtiyac var ki, Rusiya Ermənistanı müasir hərbi təyyarələrlə təhciz edir və Azərbaycan bu sahədə geri qalmamalıdır. Çünki müharibə şəraitində hərbi təyyarələrin və hərbi helikopterlərin rolu böyük olacaq. 1990-cı ilin əvvəlindəki döyüşlərdə hər iki tərəf havaya o qədər təyyarə qaldıra bilmirdi, çünki təyyarə və helikopterləri az idi. İndi isə durum fərqlidir.

İkincisi, Zakir Həsənov dedi ki, Azərbaycan Ordusuna müasir silahlar alınır. Məsələn müdafiə naziri bildirdi ki, 2018-ci ildə Azərbaycan ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub. Kazarmaların böyük əksəriyyətinin yenidən qurulduğu və ya təmir edildiyi də açıqlandı.

Üçüncüsü, Zakir Həsənov əvvəllər dediyi bir fikri yenidən təkrarladı: "2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər”. Yəni müdafiə nazirinin sözlərindən aydınlaşır ki, rusların müraciəti və müdaxiləsi olmasaydı ordumuz xeyli irəriləyə bilərdi. Onda belə bir sual yaranır: "Eyni vəziyyətdə ermənilər yenə ruslara müraciət etsə biz bu dəfə nə edəcəyik?” Çünki Moskva aprel savaşını dayandırmasının əvəzində Ermənistan hakimiyyətinə təsir edib sülh prosesini intensivləşdirmədi.

Dördüncüsü, müdafiə naziri atəşkəsin pozulması hallarına da münasibət bildirdi. David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verdiyini demişdi. Zakir Həsənov David Tonoyanın yalan danışdığını bildirdi. Zakir Həsənovun sözlərinə görə Ermənistan ordusunin itkiləri var, sadəcə Ermənistan hakimiyyəti bu haqda məlumat vermir. Zakir Həsənovun fikrincə, bir müddət sonra ermənilər itkilərini açıqlayacaqlar. Həqiqətən internetdə ermənilərin özləri tərəfindən yayılan görüntülər var ki, mövqelərinin vurulduğu göstərilir.

Beşincisi, Zakir Həsənov mətbuat konfransında dedi ki, vətən, dövlət, millət məsələlərində digər maraqlar kənara qoyulmalıdır. Zakir Həsənovun digər fikri də maraqlıdır: "Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir”. Başqa sözlə 1993-cü ildə Gəncədə qiyam oldu, Sürət Hüseynov qoşunların bir hissəsini Qarabağdan çıxartdı, Bakıda hakimiyyət boşluğu yarandı və bundan düşmən istifadə etdi. Zakir Həsənov Ermənistanın xüsusi xidmət orqanlarının ona qarşı saxta raportlar hazırladığını da vurğuladı: "Sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər”. Zakir Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. O qeyd edib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub: "Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?!”. Zakir Həsənovun bu açıqlamasından gəlinən nəticə odur ki, Ermənistan informasiya savaşında Azərbaycana qarşı geniş cəbhə açıb. Həqiqətən Zakir Həsənovun ermənilərin hədəfində olduğuna dair xəbərlər erməni saytlarından götürülərək Azərbaycanın bəzi saytlarında da yayılmışdı. Yəni dezinformasiya Azərbaycanın informasiya məkanında yayılmışdı. Bu cür dezinformasiyaların qarşısının alınmasının yeganə yolu ya nazirin özünün, ya da Müdafiə Nazirliyinin mətbuat xidmətinin anında açıqlama verməsidir.

Beləliklə, Zakir Həsənov mətbuat konfransı vasitəsilə son aylarda cəmiyyəti narahat edən bir çox məsələyə aydınlıq gətirdi. Müdafiə nazirinin açıqlamalarından o da aydın olur ki, danışıqların nəticə verəcəyinə inam azdır. Zakir Həsənov əvvəlki kimi Türkiyə ilə hərbi-strateji əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Bundan başqa Azərbaycan ordusunun hərbi təlimləri ildən ilə artır. O bu cümlələri işlədərkən belə bir ifadə də səsləndirdi: "Yəqin nə demək istədiyimi anladınız...”.

 Zakir Həsənovun verdiyi açıqlamalar ondan xəbər verir ki, torpaqların müharibə yolu ilə azad olunmasına hazırlıq gedir. Sadəcə günü və vaxtı hələ bəlli deyil.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR