"BDU-nun müəllimini güllədilər, ancaq sonra aydın oldu ki..."

img

12-04-2019 [00:56]


Fazil MUSTAFA,
Millət vəkili
 
*** 

Bakı Dövlət Universitetində 70-ci illərdə bir Qənbər adlı bir müəllim dərs deyib. O vaxtlar bir tələbə qızı öldürüb meyidini Yasamaldakı Qanlı gölə atıblar. Onunla münasibəti olduğundan şübhələnib, müəllimi həbsə atdılar və ölüm hökmü verib güllələdirlər. 


Bir neçə ildən sonra aydın oldu ki, qızı öz əmisi oğlu qətlə yetirərək izi itirmək üçün gölə atıbmış. Maraqlı və qəribə insan olan Qənbər müəllim güllələndikdən sonra anlaşıldı ki, günahsız imiş. 

Təqribən ona bənzər durum yaranıb. Bir məktəbli qızımız məktəbdə intihar edərək bütün cəmiyyətdə haqlı olaraq üzüntü yaradıb. Kimi məktəb direktorunu, kimi də valideyni, kimi də hansısa bir məktəbli oğlanı və ya oğlanları intiharın səbəbkarı kimi müəyyənləşdirib.

 Bu gün Mətbuat Şurasının tədbirində də bunları qəsd edərək söylədim ki, istintaqın ilkin nəticəsindən sonra kim günahkardırsa, onların cəzalandırılması daha doğru olardı. Ona görə də məktəb direktorunun və ya müəllimin, yaxud valideynin və ya hansısa məktəblinin hədəf seçilməsi doğru deyil.

 İndi baxıram ki, "Məktəb direktorunun işdən çıxarılmasını doğru hesab etmirəm" başlığı ilə paylaşımlar edərək bir sürü sözün bütün mənasına danabaş bizə əxlaq dərsi keçməyə çalışırlar. 

Çıxışımızın mətni problemin mahiyyətinin açılmasına yönəldiyi halda, bir cümləni həmişəki kimi başlığa çıxarıb təhqiramiz rəy yazan nadanlara qarşı yenə də haqlı mövqeyimi ortaya qoymaqdan məmnunluq duyuram. Mən onlara hüquq dərsindən danışıram, yəni burada bütün subyektlərin davranışına hüquqi qiymət verilməlidir, səs yazısı da, intihara səbəb olan motivlər də istintaq orqanı tərəfindən qiymətləndirilməlidir. Sonra direktoru nəinki işdən çıxarmaq, günahı sübut oluunarsa, həbs edib ağır cəza da vermək olar. Hələ həkimlərin öz peşə borcuna münasibəti də konkret hadisədə qiymət verilməsi vacib amillərdən biridir. Yaxud başqa bir şəxs günahkardırsa, yenə də eyni qaydada qanunun tələbləri yerinə gətirilməlidir. Yarğısız infazdan çox zaman gileylənən, iqtidarı buna görə ittiham edən insanların çoxusu xüsusi canfəşanlıqla yarğısız infaza bəraət qazandırırlar. 

Bu cür emosional yanaşmalar əslində işin əsl mahiyyətinin açılmasına mane olur və əks halda rəhmətlik Qənbər müəllimin taleyinə bənzər bir durumla qarşı-qarşıya qala bilərik. 

Buradan çıxarılası ən mühüm dərs valideyn-məktəb münasibətlərinin sağlamlaşdırılması yollarının ictimai müzakirəyə çıxarılması və optimal ünsiyyət formalarının tapılmasıdır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR