ƏFVDƏN SONDA ATILACAQ DİGƏR ADDIMLAR...

img

17-03-2019 [00:37]


Elxan ŞAHİNOĞLU

***

Prezident İlham Əliyev son 15 ilin ən geniş əfv sərəncamını verdi. Bu siyahıda 50-yə yaxın siyasi məhbusun ismi var və onlar Novruz bayramında ailələrinə qovuşacaqlar. Bu qədər siyasi məhbus ilk dəfədir bir sərəncamla azad olunur. 

Doğrudur, bir neçə nəfər hələ də həbsdə qalır ki, onların isimləri müxtəlif siyahılarda yer alıb. Ancaq bu gedişlə həmin şəxslərin də il ərzində əfv olunacağını gözləmək olar.

Prezidentin əfv sərəncamı hətta ona qarşı qatı müxalifətdə olan siyasətçilərin və ictimai fəalların da müsbət reaksiyalarına səbəb olub. Çünki onlar da hiss edirlər ki, prezidentin siyasətində köklü dəyişiklik var və bu dəyişikliklər ölkədə problemlərin həllinə yönəlib. Əlbəttə, tənqidlər yenə də var. Ancaq əsas odur ki, cəmiyyətdə narazılıq yaradan amillər tədricən ortadan qaldırılır.

Prezidentin bu ayın yanvar ayından başlatdığı siyasət əfv fərmanı ilə davam etdi. İlham Əliyev ictimai rəylə hesablaşır və insanların rifahının yüksəldilməsi və problemlərinin həlli üçün ciddi addımlar atır. Bunun nəticəsidir ki, prezident hakimiyyətdə olduğu 15 ildə ilk dəfə rayonlara son səfəri zamanı şikayət məktublarını şəxsən vətəndaşlardan topladı və həmin məktubları şəxsən oxuyacağını vəd etdi. Bundan sonra dövlət başçısının qərarıyla Prezident Administrasiyasının məsul işçilərinə rayonlarda qəbul günləri keçirilməsi tapşırıldı. Halbuki, buna qədər rayonlarda ancaq nazirlər qəbul günləri keçirirdilər. Bununla dövlət başçısı komandasındakı şəxslərin məsuliyyətini artırır. Rayon icra hakimlərinin vətəndaşların şikayətlərinə barmaqarası baxmaları çətinləşir.

İslahatın sürətləndirilməsi qərarı nə zaman verildi?


Bu suala İlham Əliyev fevralın 12-də REAL TV-yə müsahibəsində aydınlıq gətirdi. "2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır” deyən prezident islahat hazırlıqlarına dair belə bir cümlə işlətdi: "Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”. 

Bununla prezident 2019-cu ildə islahatlara spontan başlamadığına və düyməyə basmaq üçün hərtərəfli təhlillər aparıldığına işarə vurdu. Bugünkü əfv fərmanı də məhz bu siyasətin tərkib hissəsidir. Ölkədə radikallaşmaya və qütbləşməyə yol açan problemlərin həlli vacib sayılır.

Növbəti mərhələdə iki addımın atılması tələb olunur. 

Bunlardan biri haqqında prezident mədəniyyət və inçəsənət xadimləri ilə görüşdə anons verib: "Məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilibdir”. 

Bəli, Azərbaycanda ən ümdə vəzifələrdən biri məhkəmə sisteminin islah olunmasıdır. Azərbaycanda şikayətlərin əsas mənbəyi məhz məhkəmələr və bir sıra hakimlərin verdikləri ədalətsiz qərarlarıdır.

İkinci əsas vəzifə 2020-ci ildə və ya bu il keçirilə biləcək erkən parlament seçkilərinin şəffav keçirilməsidir ki, rəngarəng siyasi spektr parlamentdə təmsilçilik hüququ qazansın. Bu, Azərbaycandakı radikallaşmanın və bir sıra qrupların xarici siyasi mərkəzlərdən asılılığını da böyük ölçüdə azaldacaq.

Azərbaycan ətrafında çox ciddi hadisələr baş verir. Qonşularımız İran və Rusiyadan müxtəlif çağırışlarla üz-üzəyik. Ona görə də Azərbaycanda sabitliyə, dialoqa və əsas məsələlərdə vətəndaş həmrəyliyinə ehtiyac var. Radikallaşma və qütbləşmə ölkə xaricindəki qüvvələrin, o cümlədən Ermənistanın maraqlarına xidmət edir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR