AMEA Professor Əsədulla Cəfərovla bağlı məlumat yaydı

img

12-03-2019 [14:08]


Martın 14-də görkəmli alim AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Qüdrət oğlu Cəfərovun 70 yaşı tamam olur.

İnstitutdan Mia.az-a verilən məlumata görə, Cəfərov Əsədulla Qüdrət oğlu 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur.

Ə.Q.Cəfərov 1957-1964-cü illərdə Ərkivan kəndi Bağlaküçə səkkizillik məktəbini bitirmiş, 1964-1966-cı illərdə isə C.Cabbarlı adına Ərkivan orta məktəbinin X sinfini qurtarmışdır.

1967-ci ildə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin axşam şöbəsinə daxil olub, 1973-cü ildə oranı qurtarmışdır.

Əsədulla Qüdrət oğlu Cəfərov – tarix elmləri doktoru, professor – 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya, Tarix, Arxeologiya və Etnoqrafiya institutunda işləyir.

1975-1978-ci illərdə SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləmiş və orada tarix elmləri doktoru, dünya şöhrətli professor V.P.Lübinin rəhbərliyi altında "Azərbaycanın mustye mədəniyyəti” adlı namizədlik dissertasiya işini başa çatdırmışdır. Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti ona görə də həmin dissertasiya işini müdafiə etmək üçün yenidən Ə.Cəfərovu bir il müddətinə Leninqrad şəhərinə ezam etmişdir.

1979-cu il iyunun 6-da SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutu Leninqrad bölməsinin elmi şurasında "Azərbaycanın mustye mədəniyyəti” adlı namizədlik dissertasiyanı müdafiə edərək tarix elmlər namizədi alimlik dərəcəsi almışdır.

1980-ci ilin noyabrında "Azərbaycanın mustye mədəniyyəti” adlı əsərinə görə elm və texnika sahəsində respublika komsomolu mükafatı laureatı adını almışdır.

1977-78-ci illərdə Sovet-Fransa çöl elmi seminarında Qafqazın Kudaro 1, Kudaro 3, Soni, Axıştır, Barakayev və digər paleolit düşərgələrində aparılan arxeoloji tədqiqat işlərində iştirak etmişdir.

1988-ci ilin aprelində Moskvada keçirilən Qarabağın tarixinə aid elmi konfransda fəal iştirak etmişdir.

1992-ci il dekabrın 25-də Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında "Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi adını almışdır.

1994-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiridir.

Tarix elminin inkişafında xidmətlərinə görə 1999-cu ildə Ə.Q.Cəfərov Masallı rayon İcra Hakimiyyətinin təsis etdiyi Qələbə fondunun Mükafatı laureatı adına layiq görülmüşdür.

2001-ci ildə beynəlxalq Vektor təşkilatının keçirdiyi müsabiqədə Azərbaycanın 100 görkəmli alimi adını qazanmışdır.

Ə.Q.Cəfərov 2001-ci il iyulun 3-4-də Fransanın Totavel şəhərində keçirilən elmi konfransda "İNTAS-2000” proqramının Azərbaycan üzrə əlaqələndiricisi təyin olunmuş, professor elmi adı verilmiş və beynəlxalq qrant almışdır.

Beynəlxalq İNTAS proqramına uyğun olaraq 2001 və 2003-cü illərdə üç ay ərzində professor Anri dö Lümleyin dəvəti əsasında Əsədulla Cəfərov Fransanın Paris, Nis, Kənson və Totavel şəhərlərində Avropa alimləri ilə birlikdə elmi tədqiqat işləri aparmış, Kondel-Araqo düşərgəsində aparılan arxeoloji qazıntılarda iştirak etmiş, Qarabağın dünya şöhrətli Azıx, Tağlar, Naxçıvanın Qazma və Azərbaycanın digər arxeoloji düşərgələri haqqında elmi məruzələrlə çıxış etmişdir.

AMEA-da işlədiyi 51 il ərzində Əsədulla Cəfərov Azərbaycanın, Qafqazın və Avropanın Daş dövrü və ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələləri və Qarabağın ən qədim tarixinə aid 8 kitab, 142 elmi məqalə və 100-dən artıq elmi-publisist məqalələr yazıb çap etdirmişdir.

Əsədulla Cəfərovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Naxçıvanda Qazma, Kəlbəcərdə orta Şurtan, Lerik rayonu ərazisində isə Buzeyir və Zuvandçay paleolit düşərgələrini kəşf etmişdir.

Ə.Q.Cəfərov respublikanın ali məktəblərində uzun müddət ərzində Azərbaycan tarixi və arxeologiyanın əsasları fənlərindən mühazirə və seminar məşğələləri aparmışdır.

AMEA Arxeologiya və Etnoqrafiya institutunun elmi şurası Əsədulla Cəfərovun arxeologiyaya və tarix elminə gətirdiyi və əldə etdiyi mühüm elmi yenilikləri və kəşfləri nəzərə alıb, 1998, 2007, 2014 və 2017-ci illərdə onun AMEA "tarix” ixtisası üzrə müxbir üzvlüyünə namizədliyini irəli sürmüşdür.

2015-ci ildə "Avropa Nəşr Mətbu evi” mükafat komissiyasının qərarı ilə milli mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, çoxsaylı elmi publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərə görə Əsədulla Qüdrət oğlu Cəfərov ən yaxşı vətənpərvər alim "Qızıl medal”ı ilə təltif olunmuşdur.

Ə.Q.Cəfərov ailəlidir, 5 övladı və 10 nəvəsi vardır.

Azərbaycan elminə böyük töhfələr vermiş görkəmli alimi yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və yeni elmi zirvələrin fəthində uğurlar arzulayırıq!

Digər xəbərlər
SON XƏBƏRLƏR