"...qorxmadan bu sözləri deyə biləcək şəxsiyyətlər lazımdır!" - Deputat yazır

img

10-02-2019 [13:52]


Zahid ORUC,
Millət vəkili

***

Yunanıstanın Baş naziri Aleksis Siprasın Ankaraya özünün dediyi kimi, 4-cü tarixi səfəri yeni Ermənistan hakimiyyətini çox məyus edib. 

Əlbəttə bir vaxtlar İrəvanın rəsmi şəxslərinin Afinaya səfər edərək, yunan tərəfinə "əbədi düşmənləri”nə qarşı vahid cəbhədə vuruşmağı təklif etməsi yaddaşlardan silinməyib. Keçmiş hakim partiyanın-respublikaçıların danışan dili, indi siyasi arxaik materiala çevrilən Eduard Şarmazanovun iki il öncə yunanlı parlament sədri Nikolas Vusisə açıqca təklif etdiyi "Türkiyənin qonşularına qarşı apardığı müstəmləkəçilik siyasətini birgə durdurmaq lazımdır və bundan ötrü bütün işbirliklərinə hazırdılar” bəyanatı hamının yaxşı yadındadır. 

Əslində, gətirdiyimiz bircə misal göstərir ki, on illər ərzində Eçmiədzinlə yunan poplarını bir-biri ilə qardaşlaşdıranlar üçün ayrı bir siyasi dünyagörüş heç vaxt gündəmdə olmayıb.

İndi Kıprıs və Egey dənizi ətrafında özun on illər boyu davam edən savaşların mirasını real siyasətin yeminə çevirməyin faydasını görməyən qalstuksuz lider Sipras üçün Türkiyə ilə gərginlik heç bir cəhətdən faydalı deyil.

Üzücü dərin iqdisadi böhrana son qoymaq gərəkdir. O biri yandan ABŞın çətiri altında mini NATO layihəsi ilə regionda mühüm siyasi təşəbbüslər də Ankara iə sinxronlaşdırmanı tələb edir.

Xatırladaq ki, İsrail və İordaniya kimi ölkələri Avroatlantika dünyası ilə daha yaxın hərbi alyansda tutmağı hədəfləyən Vaşinqton sözügedən strategiyanı məhz indi masaya yatırıb və xeyli maliyyə-enerji resurslarını ora yönəldib. Yunan tərəfi Türkiyənin "Avropa Birliyi”ndə lobbiçisinə çevrilmək adı ilə bir neçə məqsədi eyni anda əldə tutmağa çalışır. Yəni, Ankaradan müəyyən ucuz kreditlər qazanılsa, o cümlədən, Rusiyanın sərt sanksiyalar altında üzünü Avrasiyaya çevirdiyi "türk axını” layihəsindən bəhrənilə bilsə, dənizdəki və havadakı Türkiyə ilə dil tapmaq xeyli asanlaşar, yunan sol hökumətinin nəfəsliyi bir qədər genişlənərdi.

Bəs, İrəvan nədən narahatdır və erməni ekspert camiyəsi nə üçün Afina əleyhinə sərt ittihamlar yağdırır? Gerçəkdənmi qədim ellin yurdunun varisləri öz xarici siyasətlərini Paşinyanla uzlaşdırmaq öhdəliyini götürüblər?

Sosial media seqmentində müşahidə olunan mənzərə "yunan xalqının çəkməli olduğu qırmızı xətt”ə köklənib.Yəni, bu boyda tarixi məğlubiyyətlər və qırğınlardan sonra keçmişi unudaraq dövlət maraqlarını üstün tutanları az qala xəyanətkar adalandırmağa hazrdılar.

Erməni bloqosfer dünyası bir başqa millətə şərəf və ləyaqət dərsi keçir, türklərlə barışa gedənləri qətiyyətlə pisləyirlər. 

80 milyonluq Türkiyənin Avrasiya məkanındakı yerini qiymətləndirmədən, onun Rusiya ilə son illər yaxınlaşan hərbi-siyasi əlaqələrinə dərin qiymət vermədən geopolitikanın yedəyində gedən adamlar Yunanıstanın səngər qazaraq, daim Türkiyə ilə bir nömrəli döyüş vəziyyətində olmasını arzulayırlar. Halbuki, İrəvanın hava məkanı Moskvanın əlindədir. Üstəlik, Rusiya incirlikdəki NATO bazalarının hər bir hərəkətini cənub cinahı üçün təhlükə kimi səciyyləndirir və Yaxın Şərq ətrafında heç kəsə getmədiyi güzəştləri türk lideri Ərdoğana təklif edir.

Bəli, Putin Şərqi yaxşı tanıyır və o, Qərbin toqquşdurub ayrımağa çalışdığı iki imperiya varisinin ən azı qarşıdırmasını arzulamadığı açıq nümayiş etdirir.

Ermənistanın yeni hökuməti Afinadan qəzəbli olmaq əvəzinə daha fərqli bir siyasətlə necə qazana biləcəyini doğrudanmı görmür? 

Paşinyana inqilabın birinci ildönümünə qədər nəyin bahasına olursa olsun Avropaya çıxış yolları lazımdır. Gerçək tranzit, hava və su əraziləri əldə etmədən hər növbəti erməni iqtidarı ənənəvi siyasətə dönməyə məhkum qalacaqdır. Koçaryan, Sarkisyan rejiminin çöküşünün səbəblərini həm də burada axtarmaq lazımdır. Ona görə də demokratik Ermənistanı Türkiyə ilə münasibətləri qurmadan əldə etmək sadəcə xülyadır.

Paşinyan günlər öncə verdiyi müsahibədə ölkəsinin ərazisindən boru kəmərlərinin keçməsi arzusunu dilə gətirmişdi.İlk baxışda, bu coğrafiya bilgisizliyindən əziyyət çəkən adamın siyasi-iqtisadi təcridolmadan xilas üçün hansı psixoloji duruma gəlib çatdıqlarının göstəricisidir. Ona görə Yunanıstandakı 100 minlik erməni icmasına göndərilən gizli diplomatik tapşırıqları bir kənara tullayıb və yüzillik keçmişin girovluğundan xilas olub cəsarətli addımlar atmaq lazımdır.Təkcə erməni liberal-demokratiyasının taleyi deyil, eləcə də bütöv bir millətin təhlükəsizliyi məhz bundan asılıdr.

Bəli, Parisdə, Berlində və ümumən Avropa Birliyində hazırda Türkiyə əleyhinə böyük qəsd planları oynanılır.Ərdoğanın zatən heç vaxt sakit günü olmayıb.Amma İrəvan üçün Ankara və Afina arasında "Troya atı”na çevrilmək səfsəfəsinə birdəfəlik vida deyilməlidir.

Dövlətlərin bir nömrəli xarici siyasət vəzifəsi dostlarının sayını artırmaqdır. Elə o üzdən Ərdoğan bütün qonşularını nəzərə alıb, son görüşündə uca kürsüdən deyirdi ki, "bizim məqsədimiz düşmən qazanmaq deyil”!

İrəvana öldürülməkdən qorxmadan bu sözləri deyə biləcək şəxsiyyətlər lazımdır!

Digər xəbərlər
SON XƏBƏRLƏR