İcmalaşma və onun təqibi

img

03-02-2019 [23:54]


Zəlimxan Məmmədli

***

İcma haqqında

Bu yazını qələmə almağa Xocalı soyqırımında iştirak edən erməni terroristinin Axalkalakidə ucaldılan abidəsi və onun ətrafında Gürcüstanda baş verən proseslər təkan verdi. İcma qədimdə bəlli ərazidə məskunlaşmış əhalinin özünü idarə hüququna malik birliyi, təşkilatı kimi anlaşılırdı.

 Daha sonralar cəmiyyət, təşkilat, məclis, ittifaq kimi məzmun daşıdı. İcma – lüğətdə bir işi həyata keçirmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. Çağdaş zamanımızda icmanın hüquqi forması olaraq siyasi partiyalar, ictimai birliklər, dini icmalar daha populyardır. Milli Gürcüstan dövləti daxilində say azlığı olaraq soydaşlarımız da icmalaşmaq haqqına sahibdir.

Çox spektrli siyasi, ictimai birliklərin zəngin olduğu cəmiyyətlər ictimai nəzarətin təmin olunduğu, hüquqların işlədiyi, nümayəndəlik hüququnun tanındığı inkişaf etmiş cəmiyyətlərdir.Ölkəmizin daha mütəşəkkil inkişafının təməlini də bu çoxluqların dövlətçilik, ümum maraqlar naminə vəhdətində görməkdə özümü haqlı sayıram.

Gürcüstanın inkişafının təməlində çox çalarlı icmaların qarşılıqlı nəzarəti, rəqabəti və uzlaşması durur. Siyasi sistem bu durumun inkişafında maraqlı görünür. Maraqlıdır ki, demokratik dünya da öz gələcək dostları ilə münasibətləri məhz çox spektrli icmalaşmanı tələblər olaraq onlar qarşısında qoymaqla qurur.

İcmalaşmanın əngəllənməsi və separatizm

Hər zaman bir fikri təkrarlamışam. Sağlam əsaslarla təşkilatlanmış, icmalaşmış toplum cəmiyətin inkişafında daha məhsuldar olmaqla, icmalar arası rəqabətdə inkişaf dinamikasını stimullaşdıran detenatordur. İcmalaşmamış və ya icmalaşması birbaşa və dolayısı ilə əngəllənən toplum hər zaman başqa qüvvələrin nüfuz edə biləcəyi qorxu mənbəyi olaraq qalmaqdadır. Separatizmin, radikal şüarçılığın hakim olduğu coğrafiyalar diqqətlə tədqiq edilsə, məhz icmalaşmanın yasaqlanmasını və ya bu istiqamətdə təşəbbüslərin boğulmasını əsas səbəblərdən biri kimi görərik. Pus imperiyasının postsovet məkanında istifadə etdiyi radikal məkanlar, məhz icmalaşmamış və ya süni şəkildə sağlam təməli olmayan "icmalaşdırılmış” mərkəzlər alətə çevrildi.

İcmalaşmanın gücü

Tarixi Borçalıda (indiki Kvemo-Kartli)məskunlaşmış soydaşlarımız uzun müdətdir mənəvi-psixoloji pressinqlər altında var olmaq mücadiləsindədir. 30 ilə yaxın bir müddətdə bu pressinqlərin əsas hədəfi soydaşlarımızın icmalaşmasını əngəlləməkdən, demoqrafiq durumun fərqli məcrada inkişafına nail olmaqdan ibarət olmuşdur. Ötən əsrin sonlarında Kremlin təxribatlarının qarşısını almaq üçün aşağıların təşəbbüsü ilə formalaşmış icmalaşma təşəbbüsləri başlarının üzərini almış təhlükələri dəf etməyə yönəlmişdir. O dövr proseslərin birbaşa iştirakçısı kimi qeyd etməyi vacib bilirəm ki, həmin zaman vüsət almış müəyyən anlamda xaotik də olsa formalaşmış icma güvcü hədəflərinə çata bildi. İmperiyanın planını pozdu, toplumsal sağlam icma gücü bütün separatçı çağırışları dəf etdi, Azərbaycan və Gürcüstan arasında toqquşma yaratmaq istəyən qüvvələrin ssenarilərini süquta uğratdı. Çünki, meydanda olan toplumun saf ruhu, gerçək mahiyyəti idi.

İcmalaşmanı əngəlləyən zehniyyət

Əvəzində nələr baş verdi? Təşəkkür və təqdir əvəzinə 1991-92-ci illərdə Bolnisi rayonunda tarixi türk (azərbaycan) toponimləri demonstrativ formada gürcüləşdirildi, kifayət qədər soydaşımız təqiblər səbəbindən Bolnisinin rayon mərkəzindən və digər ərazilərdən faktik deportasiya edildilər. Fikrimcə, hədəf icmalaşmanın qarşısını almaq idi!

Daha sonra bu proses rəsmi səviyyədə soydaşlarımıza qarşı təqib kompaniyasına çevrildi. Kəndlərdə insan oğurluğu, imkanlı insanların başına haqq qoyulması, hətta qətl hadisələri kabus kimi soydaşlarımızı təqib etməyə başladı. 

Daha sonra dövlət mülkiyyətində olan kənd təsərrüfatı üçün yararlı torpaqların özəlləşdirilməsi prosesində müxtəlif qanunsuz əməliyyatlarla soydaşlarımızın torpaq üzərində mülkiyyət hüququnun pozulması prosesi başladı. Yenə hədəf insanların gələcəyə, dövlətçiliyə inam hissini öldürmək, icmalaşmanı əngəlləmək idi!

İcmalaşma prosesi və "Borçalı Cəmiyyəti”nə qarşı xəyanət

Daha sonra... icmalaşmaya stimul verən "Borçalı Cəmiyyəti” və onun həyata keçirdiyi silsilə tədbirlər serialında Gürcüstanın dərin qatda saxladığı antiicma siyasəti ifşa mərhələsinə keçdi. Mixail Saakaşvili dönəmində milli-demokratik hakimiyyətin milli və etnik azlıqlara yönəlik pozitiv siyasətində icmalaşmaya geniş meydan verildi. Bu vahid və güclü Gürcüstan qurmağın alternativsiz yolu idi. Həyata keçirdiyimiz "Borçalı Türklərinin Elat Mədəniyyəti günü”-Elat bayramı Türk Dünyasını Gürcüstanın daha dərindən tanıdan, mədəniyyətlərimizin qarşılıqlı inteqrasiyasına yardım edən, sağlam təməlli icmalaşma prosesini stimullaşdıran tarixi prosesin əsasını qoydu. Bu proses soydaşlarımızın icmalaşmasının zəruriliyini Gürcüstanın ictimai-siyasi həyatına daşıya bildi. "Borçalı Cəmiyyəti”nin bu proqramları Gürcüstanı gücləndirməklə, Cənubi Qafqazda separatçılığın tamamilə sıradan çıxarılmasına, qarşılıqlı inteqrasiya prosesinə misilsiz fayda verən bir prosesin başlanğıcı idi. Eyni zamanda bu Azərbaycan - Gürcüstan strateji tərəfdaşlığına, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının güclənməsinə ictimai dəstək verən ali məqsədli xidmətdən başqa bir niyyət daşımayan proseslər idi. Məntiqlə əksəriyyət bu sağlam əsaslı təşəbbüsləri dəstəkləməli idilər.Təəssüf ki, İslahat xəttinin hakimiyyətdən getməsi başlanmış pozitiv icmalaşma prosesinin əngəllənməsinə şərait yaratdı. Gürcüstan indiki iqtidarı (İvanişvili hakimiyyəti) bu sadə həqiqətləri görməməzlikdən gələrək nəinki "Borçalı Cəmiyyəti”ni, bu ideyaların müəllifi bəndənizi təqdir etməyə başladı. Elat bayramı – Dmanisoba ilə əvəzlədi, Zəlimxan Məmmədlinin isə Gürcüstana girişi absurd bir formada yasaqlandı. Bu azmış kimi Gürcüstan və Axzərbaycan təhlükəsizlik və siyasi hakimiyyətlərinin bəzi ünsürlərinin özəl maraqlara hesablanan əməkdaşlıqları "Borçalı Cəmiyyəti”nin hüquqi statusuna kölgə salmağa qədər uzandı. Fikrimcə, yenə də tək hədəf var idi: - bütün vasitələrlə geniş vüsət alan icmalaşmanı əngəlləmək!

İcmalaşmanı əngəlləyən ziyanlı konsepsiya

Bu ilk növbədə Gürcüstanın rəsmi milli təhlükəsizlik və siyasət kursunda zehniyyətləri zombiləşdirilmiş köhnə komplekslərə bağlıdır. Bu zərərlidir və hər zaman gərginlik ovqatını saxlayan təhdidedici konsepsiyadır. Daha sonra kənar güclərin, xüsusilə Rusiya,İranın və Ermənistanın gizli barmağının bu prosesin içərisində olmasına ehtimalım daha çoxdur. Üçüncü mühüm amil Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq prosesinin hələ tamamlanmaması, etimadın fundamental olmaması və nəhayət siyasi oriyentasiyalarda fərqliliklər rol oynaymaqdadır. Azərbaycanda milli-strateji düşüncə qıtlığının da bu mənfi meyldə təsiri yol deyildir. Eyni zamanda bəzi Gürcüstan strateqlərinin hesablamalarında demoqrafik faktorların inkişaf dinamikasındanı ehtiyatkarlıq da bu mənfi meylin mövcudluğunda rol oynamaqdadır. Düşüncəmə görə bu konsepsiya hər şeydən öncə Gürcüstan milli dövlətçiliyini təhdid etməkdədir.

İcma qurulacaq, başqa yol yoxdur

Əgər proseslər dinc demokratik quruculuq istiqamətində ardıcıl olacaqsa, zaman-zaman borçalı türklərinin icmalaşmasına tormozlayıcı buxova çevrilmiş ultraradikal zehniyyət meydandan çəkilməyə məhkum olacaq. Hamıya aydın oldu ki, icmalaşmanı müvəqqəti ləngitmək olar, amma durdurmaq mümkünsüzdür. Soydaşlarımız etnik və dini mənsubiyyətlərindən öncə vətəndaşdırlar. Onların hər birinin vətəndaş hüququndan başqa, həm də toplumsal mənəvi dəyərlər daşıyıcıları olaraq onu mühafizə etmək, inkişaf etdirmək, toplum olaraq Gürcüstanın siyasi, ictimai, iqtisadi həyatında daha dolğun iştirak etmək hüququ və haqqı mövcuddur. Yeni düşüncəli gənclik formalaşır. 

Soydaşlarımız toplu olaraq siyasi proseslərdə iştirak etməkdədirlər. Siyasi, ictimai fəal liderlər yetişməkdədir. Yaradıcı gəncliyimiz formalaşmaqdadır. İcmalaşmanın ləngidilməsinə baxmayaraq Dövlətçilik şüuru sürətlə inkişaf etməkdədir. İnsanlarımız artıq Avropa dəyərlərinin üstünlüklərini öz həyatlarında hiss etməkdədirlər. Bunlardan çıxış edərək Gürcü elitasında Borçalı türklərindən(azərbaycanlılardan)ifrat ehtiyatkarlıqlara əsas olmadığına onları inandırmaq, təkidlə icmalaşma prosesinə rəvac verilməlidir. 

Mövcud azad, idealist gəncliyin təmərküzləşdiyi qurumlar intensiv müzakirələrlə icmalaşmanın təməl nüvəsini qurmalıdırlar. Son proseslər, xüsusilə əli Azərbaycan xalqının qanına batmış erməni terroristinə Gürcüstanda abidə ucaldılmasının yaratdığı ajiotaj göstərdi ki, Borçalı türklərinin sağlam təməlli icmalaşması Gürcüstan dövlətçiliyinin toxumnulmazlığına qarantlardan biri olmaqla Cənubi Qafqazda sülhə aparan ən ali yollardan biridir. 

Bu həqiqəti dərk edən gürcü aydınları və milli aydınlarımızın, gəncliyimizin varlığı gələcəyə daha nikbin baxmağa əsaslar verməkdədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR