"Azərbaycanda korrupsiya ilə bağlı problemlərin olmadığını iddia etmirəm, ancaq..." - Əliməmməd Nuriyev

img

31-01-2019 [14:21]


"Builki indeksdə Azərbaycanın mövqeyindəki kəskin pisləşmə texniki amillərlə bağlıdır".

Mia.az xəbər verir ki, bu barədə Şəffaflıq Azərbaycan Təşkilatının yeni icraçı direktoru Əliməmməd Nuriyev açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda korrupsiyanın azaldılması istiqamətində mühüm işlər görülür. Həm qanunverilik təkmilləşdirilir, həm kadr, həm də struktur islahatları aparılır:

"Bundan əlavə, biznes mühitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Təsadüfi deyil ki, "Doing Business” hesabatında Azərbaycan dünya üzrə 25-ci yerdə qərarlaşıb. Ölkədə dövlət təşkilatlarının vətəndaşlara təqdim etdiyi xidmətlərin böyük əksəriyyəti tam şəffaf qurum olan ASAN Xidmətə verilib. Hansı ki, ölkənin demək olar ki, bütün ərazisi ASAN Xidmətlə əhatə olunmaqdadır. Daha sonra vergi və gömrük orqanlarında şəffaflaşma istiqamətində böyük addımlar atılır. Bütün bunların qarşılığında bizim üçün də çox maraqlı oldu ki, niyə Azərbaycanın indeksdəki balı 7 bal aşağı qiymətləndirilib. Bunu aydınlaşdırmaq üçün Beynəlxalq Şəffaflıq Təşkilatının mərkəzi ofisi ilə əlaqə yaratdıq. Oradan verilən məlumatdan aydın oldu ki, Azərbaycanın balı hesablanarkən ənənəvi olaraq 7 deyil, 6 hesabatın nəticələri nəzərə alınıb. Bildiyiniz kimi, indeks hesablanarkən Beynəlxalq Şəffaflıq Təşkilatının özü tədqiqat aparmır, digər təşkilatların tədqiqatlarının nəticələri əsasında hesablama həyata keçirilir. Azərbaycanın balı hesablanarkən 7 təşkilatın tədqiqatı nəzərə alınırdı, lakin bu il Beynəlxalq İqtisadi Forumun hesabatı nəzərə alınmayıb. Bu da texniki prosedurla və metodologiya dəyişikliyilə bağlı olub – Beynəlxalq İqtisadi Forumun hesabatı hazır olmayıb. Ötən il Forumun tədqiqatına əsasən Azərbaycana 52 bal verilmişdi. Bu il onun olmaması ümumi bala təsir edib. Digər 6 tədqiqat üzrə verilən bal, demək olar ki, dəyişməz qalıb”.

Ə.Nuriyev bildirir ki, Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı indeks, adətən, ekspert dəyərləndirmələrinə əsaslanır: "Bu zaman ekspertlərin adları açıqlanmır. Hətta bu metodu yaradan qraf Lambsdorfun özü də ondan imtina edib. Çünki burada hansısa müstəqil tədqiqat aparılmır, digər hesabatlara əsasən orta bal hesablanır. Eyni zamanda indeks hesablanarkən siyasi qiymətləndirmə də aparılır. Bu il siyasi qiymətləndirmə üzrə də Azərbaycanın balı demək olar ki, dəyişməyib. Bilirsiniz, korrupsiya olan yerdə iqtisadi inkişaf olmaz, sərmayələr oradan qaçar. Azərbaycanda iqtisadi inkişaf gedir, ölkəyə sərmayə qoyuluşu yetərincədir. Yəni adları açıqlanmayan ekspertlərin hesablamaları real vəziyyəti əks etdirə bilməz. Mənbə açıq deyilsə, onunla bağlı məlumat verilmirsə, gəlinən nəticə həmişə şübhə doğurur. Beynəlxalq Şəffaflıq Təşkilatı ölkələrdə keçirilmiş sorğular əsasında korrupsiya barometrini də açıqlayır. Bu, real vəziyyəti daha yaxşı əks etdirir. Ötən il Azərbaycanda respondentlərin 68 faizi korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu nəticələr əldə olunduğunu açıqlamışdı. Gözləyək, görək burada hansı nəticə olacaq”.

Təşkilat rəhbəri qeyd edir ki, Azərbaycanda korrupsiya ilə bağlı problemlərin olmadığını iddia etmir: "Əlbəttə ki, problemlər var. Lakin onların aradan qaldırılması, eyni zamanda önlənməsi üçün tədbirlər də görülür. Buna görə də biz obyektiv qiymətləndirmənin aparılmasını istəyirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA