"İşsizlik, kölgə iqtisadiyyatı və qeyri-leqal fəaliyyətin aktual, məvaciblərin isə az olması..." - BQP-də toplantı

img

29-12-2018 [16:25]


Bu gün partiya başqanı, Millət vəkili Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti, cari ildə son iclası keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər, eləcə də digər məsələlər müzakirə edilib.

İclas, Dağlıq Qarabağın o zamankı inzibati mərkəzi olan Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar olaraq torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

BQP başqanı F. Mustafa yüz illərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə diqqəti yönəldərək, ermənilərin iddialarının əksinə olaraq onların bu ərazilərə Gülüstan və Türkmənçay müqavilələrindən sonra köçürüldüklərini, himayədərlarının dəstəyi ilə təşkilatlanma sarıdan problemlər yaşayan yerli azərbaycanlı əhaliyə divan tutduqlarını, əlverişli fürsət yarandığı təqdirdə isə milli zəmində qarşıdurma yaratdıqlarını və zaman-zaman ərazi iddiaları qaldırdıqlarını qeyd edib. 

Fazil bəy qeyd edib ki, işğal altındakı ərazilərin düşmən işğalından azad edilməsinin yolu ölkənin iqtisadi və hərbi qüdrətini durmadan artırmaqdan, daxildə milli birliyi və həmrəyliyi möhkəmləndirməkdən, uğurlu diplomatik fəaliyyətdən, ardıcıl və effektiv lobbiçilik fəaliyyətinin təşkilindən keçir.

BQP başqanı ictimai-siyasi vəziyyət mövzusundakı məruzəsində başa çatmaqda olan 2018-ci il ərzində baş vermiş əsas ictimai-siyasi hadisələrin yekunları və partiyanın həmin dövrü əhatə edən fəaliyyəti ilə bağlı təhlillərini və qiymətləndirməsini aparıb, partiyanın yeni il ərzində qarşısında duran vəzifələrdən danışıb.

İclas, Parlament Jurnalistləri Birliyinin Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə görə partiya başqanınının növbəti dəfə "İlin ən fəal deputatı" nominasiyasının qalibi olması ilə bağlı təbrik edib, bundan sonrakı fəaliyyətində Ona uğurlar arzulayıb.

Siyasi Qurul İşçi Qrupu tərəfindən əlavə və təkliflərin nəzərə alınaraq düzəlişlərin edildiyi "Partiyanın 2019-cu ildə fəaliyyəti”nin əsas istiqamətləri layihəsini səsə qoyaraq təsdiq edib.

İclas ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edən yaşlı əhaliyə aid pensiya qanunvericiliyində aparılan son dəyişikliklərə də münasibət bildirib. Qeyd edilib ki, dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarını müəyyən qədər məhdudlaşdırmaqla bərabər orta aylıq pensiya məbləğinin aşağı düşməsinə də səbəb olur: "Dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunur. Ölkədə işsizliyin, kölgə iqtisadiyyatın və qeyri-leqal fəaliyyətin hələ də aktual, alınan məvacibin aşağı olduğu nəzərə alınarsa, onda yeni qanunla vətəndaşların əksəriyyətinin təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməsinin real görünmədiyi aydın olar. Həm də 1 nəfər pensiyaçının hesabına inkişaf etmiş ölkələrdə 3-4 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyirsə, bizim ölkədə bu rəqəm ən yaxşı halda 1 nəfər təşkil edir. İnkişaf etmiş ölkələrə nisbətdə bizdə yaşa görə pensiya alanlarının sayının dəfələrlə aşağı olmasının səbəblərindən biri də budur.

Yaxşı olar ki, pensiya sisteminin dayanıqlı maliyyə bazasını qurmaqla, müvafiq qanunvericilikdə müəyyən dəyişiklər və redaktələr edilsin və sosial yardıma ehtiyacı olanların minimum tələbatlarının ödənilməsinə, ahıl insanların sosial-iqtisadi cəhətdən yaşam şəraitlərinin yaxşlaşdırılmasına, daha humanist pensiya sisteminin tətbiqinə şərait yaradılsın.”

İclas, soydaşlarımıza Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni 2019-cu təqvim ilinin gəlişi münasibətilə təbrik ünvanlayıb.

 Təbrikdə milli birlik və həmrəyliyə xalqımızın bir gün deyil, hər zaman ehtiyacının olduğunu vurğulanıb: "Ərazisi parçalanan və məkrli düşmənlə müharibə vəziyyətində olan bir ölkə üçün soydaşlarımızın ümummilli məsələlərdə hər zaman birgə addımlaması həyati önəm kəsb edir. Diaspor təşkilatlarımız uzun illər ərzində bu mənada pərakəndə formada fəaliyyət göstərib. Düşmənlərdən fərqli olaraq, işlərimizi lazımi səviyyədə koordinasiya edə, bütün qüvvələrimizi vahid məqsəd uğrunda birgə fəaliyyətə cəlb edə bilməmişik. Bu baxımdan dünya azərbaycanlıları ilə işləyən Diaspor Komitəsinin, rəsmi icra orqanını təmsil edən Xarici İşlər Nazirliyinin və xarici ölkələrin siyasətçiləri ilə işləyən Milli Məclisin beynəlxalq fəaliyyətinin bir araya gəlməsi, ümummilli məsələlərdə eyni mövqedən çıxış etməsi və soydaşlarımızın qayğısına birlikdə qalmasını əhəmiyyətli hesab etmək olar”.

Təbrikin sonu aşağıdakı arzularla yekunlaşır: "Böyük Quruluş Partiyası "31 dekabr 1989-cu ildən bəri qeyd edilən və qarşıladığımız ildə 30 illiyi tamam olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin gəlişi münasibətilə bütün xalqımızı təbrik edir, hər bir soydaşımızın canının sağlam, süfrəsinin bərəkətli, ömrünün mənalı, günlərinin sevincli olmasını arzulayır.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA