"Əliyev transmilli iqtisadi-enerji savaşını gerçək hərbi eskalasiyaya çevirməyə hazırdır!"

img

27-09-2018 [19:17]


Zahid ORUC, Millət vəkili 

***


İdmanda hamının qəbul etdiyi məşhur bir prinsip var.Deyirlər ki, rəqib sən yol verdiyin qədər oynayır. Gerçəkdən də belədir. Tatamidə, rinqdə, yaxud yaşıl meydanlarda gedən amansız mübarizənin məntiqi əslində bundan ibarətdir.

Siyasətdə və xüsusilə dövlət maraqlarının gerçəkləşdirilməsi üçün prezidentlərin, hökumətlərin ələ aldıqları strategiyaların da baş məqsədi savaş apardığı tərəfin müttəfiqlərini azaltmağa, onun xarici iqtisadi və hərbi əlaqələrini zəiflətməyə, bir sözlə silahlı savaşı bir ayrı vasitələrlə aparmağa yönəlir. 

Rusiya prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən hazırki səfərini 90-cı illərdən bu yana böyük transformasiyaya uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də Qafqazlarda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq. Daha böyük müstəvidən baxanda, Qərblə böyük savaşın içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer ayıra bilməz.

Artıq iki dövlət başçısının bu ay içərisində görüşlərinin ikinci dəfə keçirilməsinin şahidiyik və Soçidə Putin-Əliyev arasındakı yüksək səviyyəli danışıqlar bölgəsəl informasiya məkanında bir gün də olsun gündəlikdən düşmədi və hələ də təkcə ekspertlər, politoloqlar tərəfindən deyil, eləcə də dövlət rəsmiləri səviyyəsində onun ətrafında təhlillər səngimir. Bəli, Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar partnyor halına gəlib. Diqqətlə baxdıqda nə İran, nə Türkiyə və Rusiya haqda eyni fikirləri söyləmək mümkün deyil.

Qlobal çarpışma və sanksiyalar müharibəsinin hədəfləri indi sözügedən 3 dövlətdir.Burada kiçik qonşularımızın adını çəkməyinə belə ehtiyac qalmır.

Gürcüstan NATO ilə izdivacını başa çatıracağını elan etməklə Tehran və Moskvadan özünə son hökmləri qazanıb. Ermənistan isə indi inqilabı BMT tribunalarına daşımaqla onu əsil siyasi və maliyyə kapitalına döndərməyə çalışır. Özü də təkcə bumu? Xeyr, üstəlik Paşinyan öz personasını gah Saakaşviliyə, gah da son çxışında kəşf etdiyi Nelson Mandelaya bənzətməklə əsrlər boyu Rusiya dövlətçiliyi üçün çətin anlarda onları atıb gedən və yeni himayədarlar tapan xələflərinin rollarını təkrarlamağa çalışır.

Halbuki dövlət siyasəti və xəyalpərəstlik antoqonist terminlərdir. Belə olan şəraitdə prezident Əliyev çox peşəkarlıqla uzun on illər can atdığı hədəfə doğru irəliləməkdə davam edir. Putinin Bakıya gəldiyi 27 sentyabr günlərində Bakıda böyük "ADEX-2018 Müdafiə sərgisi” keçirilir və dünyanın müxtəlif şirkətləri, hətta yerləşdiyimiz regiona tabu qoyan Fransa kompaniyaları da ən müasir texnologiyaları götürüb qədim bir Şərq ölkəsinə can atır.90-cı illərdə bunu ağıla gətirmək belə mümkünsüz idi. Söhbət heç puldan getmir.

Dünən TASS agentliyi tərəfindən yayılan məlumatı təhlil edənlər yaxşı görür ki, sərgiyə qatılan dövlətlərin təmsilçiləri, hansı ki, onların bir çoxu beynəlxalq məkanda hərbi və yaxud siyasi baxımından düşməndilər, burada çox rahatlıqla, necə deyərlər, dinc bir şəkildə məhsullarını təqdim edirlər. Şübhə yoxdur ki, həmin texnika və silahlar sabah döyüş meydanlarında üz-üzə gələcək. Lakin indi heç kəs Azərbaycanın hərbi embarqodan necə xilas olduğunu inkar edə bilmir, üstəlik, Rusiya özü burada fəal şəkildə balansın kəskin dəyişilməsində aktiv iştirak edir.

Diqqətlə baxanda görünür ki, Kremlin starteqləri 2005- ci ilə qədər tətbiq etdikləri antibakı sanksiyalarından vaz keçərək əvvəlcə ağır texnikanın satışına qərar veriblər.Burada 100 dən çox T-72B tankı və 70-dən artıq BTR-80A, müxtəlif kalibrli qaubitsalar və tank əleyhinə komplekslər, məsələn Kornet-E sistemləri yer tutubsa, 2010-cu ildən başlayaraq ən qorxulu S-300 zenit raket qurğuları, o cümlədən, 18 ədəd qorxusaçan Smerç raketləri, dağıdıcılıq gücünə görə ondan daha irəli gedən TOS-1A Solntsepekdən 24 ədəd, eləcə də onlarla qırıcı təyyarlər və Mİ-17 hərbi vertolyotları alınmışdır.Xüsusilə də son 8 ildə müasir İqla raketləri, Xrizantema-S tankəlehinə raket sistemləri ilə parallel şəkildə son hərbi naliyyətlərin nəticəsi olan T-90S tankından 100 ədəd, BMP-3 dən 118 ədəd və onlarla digər çeşiddə texnikalar Azərbaycana daxil olub.Bütün bunlar sübut edir ki, Ermənistanla müttəfiq 30 il, yaxud bir əsr əvvəlki tarixlə müqayisədə qat-qat zəifləyib və indi Paşinyan hökumətinin sözçüsü bir, Putinin köməkçisi Uşakovunsa ayrı söz dediyi reallıqda Kreml regionda kəskin dəyişiklik etməyə hazır görünür.İrəvanda Rusiya prezidentini gözlədiklərini dilə gətirirlər, hətta konkret tarix saöylənilirdi, amma çekistlər çox yaxşı bilir ki, küçədə formalaşan inqilabi hökumət özünü beynəlxalq bazarda satışa çıxarıb.

Paşinyana pul lazımdır. Xalqı Sarkisyan-Koçaryan iqtidarına qarşı nifrət ideolojisi ilə maksimum 6 ay saxlaya bilərsən.Bir azdan hər kəs dünən meydanlarda vəd olunan cənnəti səndən tələb edəcək.Büdcədə isə vəsait kəskin arta bilməz. İqtisadiyyatda köklü inkişaf inqilabın sürəti ilə tərs mütənasibdir və iri burjuyların hamısını türməyə salıb onları yağmaladıqca kütlənin sevinci ilə yanaşı əsil vətəndaş toqquşması ilə üz-üzə qalacaqsan.

Putin Bakının bütün addımları fonunda özünün manevr müstəvisini geniş saxladığın yaxşı görür. Qəbələ RLS bağlanıb, iki ölkə arasında tarixi sərhəd xətləri razılaşdırılıb, o biri yandan Azərbaycandan 700-ə qədər Rusiya mənşəli iqtisadi-ticarət qurumuna yaşıl işıq yandırmasına rəğmən özünün suverenliyindən qətiyyən vaz keçmir. O üzdən yenidən informasiya kanallarında aparılan Rusiya ordularının gəlişi əleyhinə kampaniya Qərbə xoş gəlmək yarışı olsa da, Tramp indi özünün ən yaxşı komanda üzvlərini həbsdən qorumağın hayındadır.

Rusiya Azərbaycandan özünə təhlükə gözləmir. O üzdən 15 sentyabrda Türk ordu birləşmələrinin, İsrail silahlarının müşaiyəti ilə ekçirilən və bir əsr əvvəlki bolşevik-daşnak birləşmələrindən Bakının azad olunması şüarı altında mahiyyətcə Qarabağın işğaldan təmizlənməsini hədəf seçən hərbi paraddan hər hansı əndişə duymur.O biri yandan Ankara-Moksva müttəfiqliyi son 600 ildə heç vaxt indiki səviyyəyə çatmayıb.Belə bir düzəndə cənab Əliyev Putini öz ölkəsində salamlayır və regionun gələcəyi ilə bağlı iki güclü liderin qərarları bağlı qapılar arxasında müzakirə edilir.

Açıq deyilməlidir ki, cəmiyyətlərin böyük gözləntilərini adi gözlə də görmək mümkündür. Rus ordusunun imicini Qafqazda ədalət üzərində təzələmək həyati bir zərurətə çevrilib və Azərbaycan əskərinin Putinin maraqları naminə şəhid olacağı iddialarını dillərinə götürən siyasətxorlar erməni mətbəxinin zəhərli xörəkləri ilə qidalanırlar.

Ermənistanı regional orbitə qaytarmaq üçün Azərbaycan ordusunun dəyənək obrazına hər iki paytaxtın - Moskva və Bakının ehtiyacı yoxdur. Ona görə ki, Gümrü hərbi bazası və erməni sərhədlərini qoruyan rus hərbi birləşmələri istənilən vaxt Paşinyanı göylərdən yerə endirə bilər. 1999-cu ildə Vazgen Sarkisyanı və Karen Dəmirçiyanı parlamentdə məhv edərkən Kreml bir əsrlik tarixdə ona xəyanəti necə cəzlandırdığını dindaşlarına yaxşı nümayiş etdirib. Paşinyan Qərblə siyasi və maliyyə ittifaqı qurub, gəlib ruslarla hərbi ittifaq bağlayıb özünü Nelson Mandela kimi aparması siyasi Don Kixotluqdan başqa bir şey deyil.

Tarix dövlət siyasətini qurmaq üçün hər zaman istinad nöqtəsi və ya vasitə ola bilməz. 2 əsrlik keçmişin bütün acı təcrübısinə rəğmən, rus və azərbaycanlı əskərlər Hitlerizmə qarşı səngərdə 5 il çiyin-çiyinə söykənərək vahid taleni bölüşüblər.İndi Qarabağda lövbər salan qüvvələr Paşinyanın əl atdığı ucuz tryüklə-ayı balasını salamlamaqla Rusiyanın yardımına bel bağlaya bilməz. Çünki qəlbi Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını Qarabağda rus əskəri qoruyası deyil.
Ermənistan Rusiyanın forpostluğundan çıxan kimi Azərbaycan əskəri döyüş əmrini alacaq!

Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik cəbhədə qazanır, sonra silahlı meydana atılır.

İlham Əliyev on illər ərzində apardığı transmilli iqtisadi-enerji savaşını gerçək hərbi eskalasiyaya çevirməyə hazırdır!

Azərbaycan ordusunun qələbəsi tarixdə ilk dəfədir, nə Moskvanın, nə Tehranın, nə də Qərbin məğlubiyyəti olacaq!

Digər xəbərlər
SON XƏBƏRLƏR