Yaqub Zurufçu - Üzeyir Hacıbəyli irsinin daimi təbliğatçısı

img

18-09-2018 [23:59]


Rəhman ORXAN

***

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin məşhur romanslarını, "Koroğlu", "Arşın mal alan" operalarından ariyaları, Fikrət Əmirovun, Tofiq Quliyevin məşhur musiqi əsərlərini Latın Amerikasında və digər xarici ölkələrdə korifey sənətkarlarımız Bülbüldən, Rəşid Behbudovdan, Müslim Maqomayevdən sonra kimlər oxuyub, Azərbaycanı tanıdıb, sevdirib?

Üzeyir bəyin bu gün - sentyabrın 18-də xalqımız tərəfindən qeyd edilən Ad günündə bu sual məni maraqlandırdığından internetdə axtarış və araşdırma aparmalı oldum. Və məlum oldu ki, Azərbaycanın milli musiqi mədəniyyətinin, opera sənətinin banisi Üzeyir Hacıbəylinin əsərlərinin son 20-25 il ərzində daimi təbliğatçısı dünya şöhrətli sənətkarımız, bizləri "Ayrılıq"la birliyə səsləyən Yaqub Zurufçu olub.

Təəssüflə qeyd etməliyəm ki, araşdırmam zamanı aydın oldu ki, dünya musiqi xəzinəsinə ölməz əsərlər bəxş etmiş Üzeyir bəyin adı dünya bəstəkarları ensiklopediyasına salınmamışdır (orda Azərbaycan bəstəkarlarından yalnız Qara Qarayevin adına rast gəlinir, ermənilərin isə 15-ə qədər bəstəkarının adları var). Belə olduğu halda bir daha əmin olursan ki, bəstəkarlarımızın və onların əsərlərinin, ilk növbədə isə milli opera sənətimizin banisi Üzeyir Hacıbəylinin dünyanın hər bir yerində və hər zaman təbliğinə ehtiyac var. Bu baxımdan Yaqub Zurufçunun hər zaman Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməsi, Azərbaycanda və xarici ölkələrdə onun ölməz əsərlərini böyük sevgi ilə, yüksək sənətkarlıqla tamaşaçılara, musiqisevərlərə çatdırması rəğbət doğurmaya bilməz.


İnternet araşdırmamdan məlum oldu ki, Amerikanın məşhur "Xdot25" şirkəti Yaqub Zurufçunun həmin məşhur əsərləri daxil etdiyi diskləri (1.Simfonik Orkestrlə, 2. Xalq Çalğı alətləri orkestri ilə) ilk olaraq 1997-ci ildə yüksək tirajla çap etdikdən sonra geniş populyarlıq qazandığından, həmin mahnı albomlarını 2005-ci ildə yenidən, təkrar çap etməli olmuşdu. Həmin dövrdə dünyaca məşhur "Amazon" və "Blask Buster" satış şəbəkələri Yaqub Zurufçunun albomlarını Üzeyir bəy dühasına böyük ehtiramla amerikalı musiqisevərlərə təqdim etmişdi. Sonralar həmin məşhur əsərlər həm ABŞ-ın, həm də Avropa ölkələrinin populyar saytlarında yayılaraq, Üzeyir bəyin ölməz musiqisinin daha geniş auditoriyalarda, sevilərək və böyük uğurla səslənməsinə səbəb olmuşdu.

Üç il əvvəl - 2015-ci ildə Yaqub Zurufçunun dahi bəstəkarın 130 illiyi ilə bağlı onun əsərlərindən ibarət xüsusi olaraq hazırladığı və o böyük şəxsiyyətin ev-muzeyində təqdimatı keçirilmiş mahnı diski də görkəmli müğənninin böyük sənətkara olan sonsuz məhəbbətinin danılmaz ifadəsi və təsdiqidir.

Amma... təəssüflər ki, Yaqub bəyin Azərbaycan musiqisinin, Üzeyir bəy irsinin dünyaca təbliği sahəsindəki səyləri, yorulmaz əməyi nədənsə diqqətdən kənarda qalaraq, layiqincə dəyərləndirilməmişdir...

Digər xəbərlər
SON XƏBƏRLƏR