Paşinyan - “bacısı uşaqları” tandemi nəyə nail olmaq istəyir? - Siyavuş Novruzov yazır

img

18-09-2018 [20:40]


Siyavuş Novruzov, 
Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, deputat

***

Bəşər sivilizasiyası yarandığı gündən onun özünüqoruma instinkti dövlətçilik institutunun formalaşmasında və inkişafında misilsiz rol oynayıb.

 Sahib olduğu mənəvi və maddi dəyərləri qorumaq, yad təsirlərdən, təcavüzün istənilən forma və təzahürünü dəf etməkdən keçirdi və hər bir xalq bu ali məqsədi təmin etmək üçün çətin anlarda silaha əl atırdı. Təsadüfi deyil ki, vətənini əldə silah qorumaq antik Yunan və Roma cəmiyyətlərində vətəndaşın birbaşa vəzifəsi, müqəddəs borcu idi. Hətta "hərbi xidmət senzi” tətbiq edilir, bir şəxsin vətəndaş sayıla bilməsi, seçkili orqanlarda iştirakı və yüksək dövlət orqanlarına təyinat ala bilməsi üçün birbaşa bu senz tətbiq olunurdu.

Çox qədim tarixə, olduqca köklü hərbi ənənələrə sahib olan türk xalqları da qüdrətli qonşularla əhatə olunmuş sərt geosiyasi mühitdə məhz "ordu-millət” prinsipi ilə ayaqda qalmağı bacarmışdılar. Türk ənənələrində, yəni törədə hakim olan görüş ondan ibarət idi ki, hər bir kişi əsgərdir və təhlükə anında səfərbər olaraq düşmənə qarşı çıxmalıdır. Türk hərbi demokratiyasına görə bütün əli silah tutan kişilər xalqın taleyində əhəmiyyət daşıyan qərarların qəbul olunmasında birbaşa səsvermə ilə iştirak etməli, rəy bildirməli və heç şübhəsiz döyüşməliydi. Ən naqis sifətlər isə fəralilik, qorxalqlıq və satqınlıq sayılırdı.

Müasir dövrümüzə nəzər yetirsək, bu gün xalqımızın ən köklü hərbi ənənələri əsasında modern Azərbaycan ordusu yaradılır, onun zəruri insrastrukturu formalaşdırılır. Gənclərin hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində olduqca mühüm işlər görülür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bütün bu fəaliyyətin qayəsi ölkəmizin Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü bərpa etmək, xalqımızın təhlükəsiz və sülh şəraitində yaşamasını təmin etməkdir. Hazırda bu sahədəki fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən misli görünməmiş vüsət alıb, ordumuz dünya silahlı qüvvələri arasında ən üst sıralarda layiqli yerini tutub. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan genişlənir, həm daxili istehsal, həm xaricdən alınan silah sistemləri sayəsində ordumuzun arsenalı daha da qüdrətli məzmun kəsb edir.

Lakin bütün dövrlərdə ən qiymətli silah həmin ölkənin vətənpərvər gəncliyi, cəmiyyətin orduya ləyaqətli münasibətidir. Ona görə də ordunun komplektləşdirilməsi məqsədilə silahlı qüvvələrə çağırışa münasibət hər bir cəmiyyətdə məhz dövlətçiliyə olan münasibət kimi özünü biruzə verir.

Ölkədə hökm sürən yüksək hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin nəticəsidir ki, bu gün Azərbaycan gənci orduya sevərək gedir, vətənə xidmətdən qürur duyur. Belə gənclərdən biri də ali təhsilini başa vurduqdan sonra Silahlı Qüvvələr sıralarına qatılan, cənab Prezident İlham Əliyevin övladı Heydər Əliyevdir. Onun hərbi xidmətə yollanması hər bir gəncimiz üçün şəxsi nümunə, ruh yüksəkliyi, bütövlükdə cəmiyyətimiz üçün müsbət bir vətəndaşlıq və vətənpərvərlik mesajıdır. Azərbaycan hüquqi dövlətdir və əslində belə hadisə normal düçüncə sahibi olan insanlarda nə təəccüb, nə də hansısa bir müzakirə predmeti olmamalıdır.

Lakin təəssüflər olsun ki, erməni və ermənipərəst dairələr, sapı özümüzdən olan baltalar bu hadisəyə də öz naqis prizmalarından yanaşıb şər-böhtan xarakterli spekulyasiyaları ilə yenidən gündəmə gəlməyə başladılar. Bu hadisəyə ilk reaksiya verən işğalçı Ermənistanın baş naziri Paşinyan və xaricə mühacirət etmiş, guya adını azərbaycanlı qoymuş "Paşinyanın bacısı uşaqları"ndan gəldi. Onlar yubanmadan gah bu hərbi xidmətin özünü, gah da dislokasiya yerini şübhə altına alan yalan, böhtan və qarayaxma kampaniyasına başladılar. 

Hərbi işdən xəbərsiz dezertir Paşinyan - "bacısı uşaqları” cütlüyü anlamır ki, xüsusi təyinatlı hərbi hissədə qulluq edənlərin daimi dislokasiya yeri olduqca şərti xarakter daşıyır. Xüsusilə, müharibə şəraitində yaşayan ölkədə onlar hər zaman döyüşə hazır vəziyyətdə olmalı və silahlı münaqişənin ən qaynar nöqtələrinə operativ müdaxilə etməlidirlər. Habelə müasir dünyamızda dini-etnik terror bütün qitələrdə kütləvi qətllər törədir, cəmiyyəti qorxu altında saxlayır. Onların bədnam əməllərinin qarşısını almaq üçün ilk çevik reaksiya isə xüsusi təyinatlı qüvvələr tərəfindən göstərilir. Bu baxımdan əsgər Heydər Əliyevin xidmət etdiyi hərbi hissə əslində ən böyük risk daşıyan birləşmələrdəndir və o, bu hərbi hissəyə öz şəxsi fiziki xüsusiyyətləri, yüksək mənəvi-pisixoloji hazırlıq səviyyəsi ilə düşüb.

Belə bir sual yaranır. İlk baxışda fərqli kimi görünən bu iki şəxsi nə birləşdirir? Məqsədləri nədir? Paşinyan-"bacısı uşaqları” tandemi nəyə nail olmaq istəyir? 

Cavab sadədir. Bu cütlüyün düşüncə və fəaliyyətində məqsədyönlü və maraqlı bir sinxronluq var. Hər ikisinin niyyəti eynidir – Azərbaycan cəmiyyətini səfərbər edən, ona dinamik impuls qazandıran istənilən ictimai hadisəni ləkələmək, kölgə salmaq, ardıcıl yalan və böhtanla ictimaiyyəti çaşdırmağa yönələn cəhdlər göstərmək. Necə deyərlər, məqsəd və üsul birliyi ahəngdarlıq yaradıb. Eyni maliyyə mənbələrindən qidalanmaları da öz yerində, amma fərqli motivlər də var. Belə ki, Paşinyan Yerevanın beşulduzlu hotellərində kef çəkib Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda hərbi xidmətdəymiş kimi göstərdiyi oğlunu erməni ictimaiyyətinə qəhrəman kimi təqdim edib ucuz şou yaratmaq istəyir. Özünə erməni, əzabkeş müxalifətçi və s. saxta sənədlər düzəldib ölkədən qaçan dezertirlər, yəni tarixin zibilliyinə atılmış "Paşinyanın bacısı uşaqları” isə öz bədnam əməllərini belə hay-küy altında unutdurmaq istəyirlər.

Bu məqamda bir haşiyə çıxmaq istəyirəm. Ulu Öndər Heydər Əliyev bir dəfə öz xatirələrindən belə bir əhvalat danışdı: "İşə tələsərkən Zərifə xanım ona tələsməməsini, onu gözləyənlərin onsuz da tabeçiliyində olan işçilər olduğunu qeyd edir. Ulu Öndər isə cavabında "Mən onlara nəzarət edirəmsə, mənə də bütün Azərbaycan xalqı nəzarət edir” - deyir. Təkcə bu qısa dialoqun özü Əliyevlər ailəsində olan xalq qarşısında məsuliyyət hissini, daxili nizam-intizamı ən bariz şəkildə açıqlayır. Bu baxımdan Prezident İlham Əliyevin övladı olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki doğulduğu gündən hərbi xidmətə gedənə qədər Heydər Əliyevin bütün həyatı daim ictimaiyyətin diqqət mərkəzində olub. O isə ailəsinin və cəmiyyətin ona olan inam və etimadını doğruldub, Azərbaycanın ictimai və ailə dəyərlərini daim yüksək tutub.

Sonda, cəmiyyətin ümumi əhvali-ruhiyyəsini və əminliyini ifadə etmək istərdim ki, daxili və xarici dairələrin bütün ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı və dövləti bütün mövcud çətinlikləri arxada qoyacaq, Qarabağ uğrunda səfərbər olub öz tarixi torpaqlarını erməni işğalından xilas edəcək və qələbə bayrağımızı Xankəndinə Ulu Öndərimizin varisi, əsgər Heydər Əliyev asacaq.




Digər xəbərlər
SON XƏBƏRLƏR