ADP-nin hakimiyyətdən silsilə narazılıqları var

img

24-06-2013 [04:55]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə ölkə prezidenti İ.Əliyevin Brüsselə səfəri və səfərin nəticələrinə münasibət bildirib. Toplantı iştirakçıları səfər zamanı əldə edilən qaz anlaşmasını Azərbaycanın Avropa evinə inteqrasiya olunmasına stimul verən transmilli layihə olaraq təqdir etsə də, dövlət başçısının bu görüşdə guya ölkəmizdə siyasi məhbus probleminin olmaması, öz alternativlərinə qarşı ayrı-seçkilik siyasətinin yürüdülməməsi barədə verdiyi bəyanatın həqiqəti əks etdirmədiyini, əksinə onun prezidentliyi dövründə gün-gündən siyasi və vicdan məhbuslarının sayının artdığını, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu qeyd edib və İ.Əliyevi insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlilkəri yerinə yetirməyə çağırıb. İdarə Heyəti ölkə rəhbərinin xanımı, YAP-ın müavini M.Əliyevanın namizədliyinin irəli sürülməsi faktına münasibət bildirib və cəmiyyətdə siyasi çaşqınlıq yaradan bu addımın ilk növbədə YAP-ın nizamnaməsinə zidd olduğunu, bir ailədən və bir partiyadan iki şəxsin irəli sürülməsi baxımından siyasi etik normalarla ziddiyyət təşkil etdiyini və klanlararası mübarizədən doğan bir biabırçı fakt olduğunu qeyd etməklə, bu faktın onların qarşıdan gələn seçkilərə nə qədər qeyri-ciddi yanaşmasını ortaya qoyduğunu diqqətə çatdırıb. İdarə Heyəti son vaxtlar hakimiyyətin Azadlıq TV-nin yayımının məhdudlaşdırılması istiqamətində göstərdiyi səyləri qətiyyətlə pisləyib, hökumətin bu sahədə göstərdiyi qeyri-qanuni fəaliyyəti vətəndaşların alternativ mənbələrdən informasiya alma hüququnun kobud şəkildə pozulması, ölkədə söz, mətbuat azadlığına yönələn növbəti qəsd kimi kimi dəyərləndirib və ölkə başçısını vətəndaşların informasiya azadlğına qarşı yönələn bu hərəkətlərə son qoymağa çağırıb. İdarə Heyəti son vaxtlar vergi məmurlarının orta və kiçik iş adamlarından qeyri-qanuni vergi tolama siyasətini pisləyib və bu talançılığın ölkədə sərbət biznes mühitinin olmaması, azad bazar iqtisadiyyatının qarşısının alınması və bundan dolayı vətəndaşların iqtisadi maraqlarının pozulmasına yönəlik hətəkət olduğunu bildirib və ölkə başçısını bu cür talançılğa, ölkə iqtisadiyyatının çökdürülməsinə yönələn söyğunçu hərəkətlərə son qoymağa çağırıb. İdarə Heyəti Milli Şuranın üzvü İbrahim İbrahimlinin öz doğmalarının yas mərasimində iştirak etmək cəhdinin qarşısının alınmasını, eləcə də ayrı-ayrı nazir və komitə sədrlərinin Naxçıvana səfər edərək vətəndaşlarla görüşlər keçirilməsinin qarşısının alınmasını qətiyyətlə pisləyib, bunun milli-mənəvvi dəyərlərə, insanların sərbəst hərəkət hüququna zidd olduğunu bildirib və bu faktı Naxçıvan rəhbərliyinin Azərbaycan qanunlarına tabe olmaqdan imtina etməsi kimi dəyərləndirib. İdarə Heyəti son vaxtlar ölkədə siyasi motivli həbslərin həyata keçirilməsindən, eyni zamanda həbsdə olan siyasi məhbuslara, o cümlədən məhbus siyasətçi Nemət Pənahlıya qarşı baş verən qeyri-qanuni hərəkətlərdən narahatçılığını ifadə edib, ölkə hakimiyyətini məhbusların saxlanması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyaların tələblərinə riayət etməyə və bir daha siyasi motivli həbs olunan şəxslərin dərhal azad olunmasına çağırıb. İdarə Heyəti Azərbaycan Milili Azadlıq hərəkatının lideri mərhum Ə.Elçibəyin doğum günü ilə bağlı məsələyə də münasibət bildirib. Onun çağdaş Azərbaycan tarixində əvəz olunmaz xidmətləri, müstəqilliyimizin bərpası yolunda istiqlal savaşına başlayan şəxs kimi özünəməxsus yeri olduğunu diqqətə çatdırıb və hakimiyyətin Elçibəyin doğum günü ilə bağlı daha geniş tədbirlər keçirməməsini, adının əbidələşdirilməsi üçün kompleks tədbirlər görməməsini qınayıb və bu biganəlikləri bütövlükdə istiqlalımıza olan sayğısız münasibətin təzahürü kimi dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA