Milli Şura yığızdı, liderlər nələr təklif edir - Yenilənir

img

21-06-2013 [12:02]


İyunun 21-də Müsavat Partiyasının qərargahında Milli Şuranın təsisdən sonrakı ilk sessiyası öz işinə başlayıb. Yığıncağı Müsavat Partiyasının başqanı İsa Qəmbər açdı və toplantı iştirakçılarını Azərbaycanın dövlət himnini səsləndirməyə dəvət etdi. Müsavat başqanı daha sonra bildirdi ki, Milli Şuranın yaradılması həm Azərbaycanda, həm də beynəlxalq birlikdə çox ciddi maraqla qarşılanıb. Birinci məsələ ölkədəki ictimai-siyasi durumun müzakirəsi, Milli Şuranın vəzifələri, MŞ işinin təşkili, cari məsələlər. İlk məsələ ilə bağlı çıxış edən AXCP sədri Əli Kərimli bu fikirləri səsləndirdi: ?MŞ-nın yaranması tarixi bir hadisədir. Nə formalaşmasının qarşısını almaq mümkün olmadı, əks-təbliğat xalq tərəfindən dəstəklənmədi. Onillərlə Azərbaycan davası aparan insanlara xarici qüvvələrlə işbirliyi vura bilmədilər. Milli Şuraya xalqın verdiyi etimad avansdır. Ancaq biz ümidləri doğrultmasaq, xalqı arxamızca apara bilmərik. Saxtalaşdırılmış referendumun qərarı İlham Əliyevə aid ola bilməz. Üçüncü dəfə prezident seçkilərinə getmək siyasi mədəniyyət məsələsi sayılır. Asiyanın, Afrikanın ölkələri də bu durumu özlərinə layiq bilmirlər. Bu Azərbaycan xalqına qarşı hörmətsizlikdir. İddia etmək istəyirlər ki, Azərbaycan xalqı Əliyev ailəsindən başqa heç kimi yetişdirə bilməyib. Ona görə də Milli Şura bu məsələ ilə bağlı xüsusi sənəd qəbul etməlidir. Beynəlxalq birlik artıq Azərbaycan hakimiyyəti ilə başqa dildə danışır. Novruz Məmmədovun İlham Əliyevin namizədliyini beynəlxalq birliyin dəstəklədiyi deyəndən bir neçə gün sonra Avropa Birliyi Azərbaycana qarşı ciddi bir qətnamə qəbul etdi. Biz bundan sonra da Azərbaycan prezidentinin namizədliyinin AB-nin qətnaməsinin dəstəklənməsi, beynəlxalq təşkilatlardan bunu tələb etməliyik. ATƏT bizi məyus edib. Biz bu məsələyə də öz münasibətimizi bildirməliyik". AXCP sədri bildridi ki, ayrıca işçi qrup yaradılmalı, 2 il müddətində dəstəkləyəcəyi namizədin öhdəliklərini dəqiqləşdirməlidir: "Münasibətlərini tənzimləməlidir. Keçid dövründə Azərbaycanın hansı formada idarə olunmasını ilə bağlı öhdəlikləri təsdiq etməlidir. Milli Şuranın komissiyaları yaradılmalı, qurumun məqsədi xalqa daha anlaşılan dildə, siyasəti daha aydın dildə izah edilməlidir. Biz siyasi bəyannaməmizə uyğun olaraq platformamızı hazırlamalı, keçid dövr üçün etimad hökuməti yaradılmalı, bu etimad hökumətinin bütün sahələr üzrə platforması hazırlanmalıdır. Nümayəndə heyəti yaradılmalı və Milli Şura, onun prinsipıəri dünyaya tanıdılmalıdır. Siyasi məhbuslara sahib çıxmalıyıq. Biz bütün siyasi məhbusları eyni dərəcədə müdafiə etməlidir. Milli Şuranı Rusiyaya bağlamaq cəhdləri boşa çıxandan sonra belə bir iddia ortaya atılıb ki, Milli Şuranın müəyyən mərhələsindən sonra güc tətbiqinə keçəcək, zorakı metodlara keçiləcək. Ancaq bizim siyasi bəyannaməmizdə də vurğulanır ki, biz yalnız dinc, konstitusyon mübarizə metodlarına üstünlük veririk. Biz hakimiyyətin bu iddiasının əsassızlığını da xalqın bizə verdiyi dəstəklə sübut edəcəyik. Elə etməliyik ki, siyasi situasiyanı biz yaradaq hakimiyyət bizə cavab vermək məcburiyyətində qalsın"(musavat.com). Çıxış edən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə deyib ki, MŞ-nin idarəçiliyində qeyri-müəyyənlik var. O bildirib ki, MŞ-in rayon təşkilatları olmalıdır. Onun sözlərinə görə, İP-in rayon təşkilatlarını MŞ-in yerli təşkilatlarına çevirmək olar: ?Yeni gələn adamları da həmin təşkilatlara cəlb etməklə, İP-in 65 rayon təşkilatını MŞ-in ixtiyarına vermək lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA