ictimai Palata bəyanat yaydı

img

20-06-2013 [06:05]


İctimai Palatanın Koordinasiya Şurası AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin ailə üzvlərinin təhqir olunması ilə bağlı bəyanat yayıb. MİA-ya daxil olan məlumatda bildirilir ki, Kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən Zərdab rayonunun bir qrup sakini AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edərək, jurnalistin ailə üzvlərini təhqir edib, onun atasına fiziki xəsarətlər yetiriblər. Hücum planlı şəkildə həyata keçirilib və onlardan bir neçəsi vəzifəli şəxs olub. Onların arasında Alıcanlı kəndinin Bələdiyyə sədri Əsədov Habil, Kənd İcra Nümayəndəsi Əsədov Ətraf, kənd icra nimayəndəsinin baş mühasibi, kəndin 9 illik məktəbinin direktoru Şirinov Maral, Gəncə Uşaq evinə göndərilən 15 yaşlı qızın analığı Rzayeva Nailə, məktəbin müəllim və texniki işçiləri, o cümlədən Zərdab rayon İcra Hakimiyətinin dövlət tədbirlərini lentə alan Vüsal Rəhimov iştirak edib. Basqın isə Zərdab rayon İcra Hakimiyətinin başçısı Lütfəli Babayev və onun müavini Allahverdi Səfərovun təşəbüsü ilə həyata keçirilib. Məqsəd Zərdabda baş verən qanunazidd hadisələrin mətbuatda işıqlanmasının qarşısını almaqdır. Basqınçılar jurnalistin ailəsinin yaşadığı evin qapısını qırmağa cəhd edib, atasını ölümlə hədələyib, ailəni nəlayiq söyüşlərlə təhqir ediblər. Basqınçı qrupa rəhbərlik edən şəxs jurnalistin atasına onun qızını tapança ilə öldürəcəyini deyib. Baş verən basqınla əlaqədar DİN-in yaydığı bəyanat həqiqətə uyğun deyil, Zərdab rayon icra hakimiyyitinin başçısı Lütfəli Babayevin müdafiəsinə yönəlib. DİN hadisənin günahkarlarını tapmalı və onların bu əməlinə görə hüquqi məsuliyyətə cəlb olunmasını təmin etməli idi. Ölkədə baş verən bu biabırçı olay ilk növbədə Azərbaycanda azad sözə qarşı hücumun göstəricisi sayılır. Hadisənin üzərindən bir neçə gün keçməsinə və hücum edən şəxslərinin kimliyinin bilinməsinə baxmayaraq, həmin şəxslərin heç biri məsuliyyətə cəlb olunmayıb. Ölkədə prezident seçkilərinə az qaldığı bir dövrdə jurnalistin yazdığı araşdırmaya görə təqib olunması ilk növbədə Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna zərbə vurur, vətəndaşlar isə onların həyatının hər an təhlükədə olduğunu hiss edir. İctimai Palata bu hadisədə iştirak edən şəxslərin cəzalandırılmamasını ölkədə xoşagəlməz presidentin genişlənməsinə səbəb ola biləcəyini bəyan edərək, bu təşkilatın üzvü jurnalist Bahar Rüstəmlinin Zərdab rayonunda yaşayan ailə üzvlərinə qarşı həyata keçirilən zorakılıq hadisəsini qətiyyətlə pisləyir, onun fəaliyyətini normal həyata keçirməsinə şərait yaradılmasını və günahkarların təcili olaraq məsuliyyətə cəlb olunmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA