Əhəd Abıyev Abbas Abbasovu təriflədi, Eldar Namazovla Rəsul Quliyevi isə "top"a tutdu

img

13-06-2013 [05:38]


Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev gündəmin siyasi mövzuları ilə bağlı özünəməxsus açıqlamalar verib. İcra başçısı Abıyev bu dəfə də vəzifə öhdəliklərini bir kənara buraxaraq, Azərbaycan təcrübəsində olmayan siyasi bəyanatlar və fikirlər səsləndirməklə yeniliklərini davam etdirib. Mia.az onun Publika.Az-a verdiyi müsahibəsini təqdim edir: [b]- Bilirsiniz ki, YAP-ın 5-ci Qurultayı İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərar verdi...[/b] - Cənab Prezidentin namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Bütün Azərbaycan xalqı da bu namizədliyi alqışlayır və seçkilərdə cənab prezidentimiz İlham Əliyevə səs verəcəklər. İnanın ki, bu ilki prezident seçkilərində müxalifət özü də Prezident İlham Əliyevə səs verəcək. Azərbaycanda xalqın dəstəyini qazanan yeganə namizəd Prezident İlham Əliyevdir. Xalq ancaq prezident İlham Əliyevi istəyir və dəstəkləyir. Azərbaycanda gedən indiki inkişaf buna əsas verir. İndi bütün dünya dövlətləri, o cümlədən Qərb, Avropa və MDB ölkələri prezident İlham Əliyevlə hesablaşır. Artıq Azərbaycan güc mərkəzlərindən birinə çevrilib. İndi onlar Azərbaycandan kömək istəyirlər və Azərbaycan özü xarici ölkələrə yardım edir. İndi dünyada iqtisadi böhran gedir, Azərbaycanda isə sürətli inkişaf və yenidənqurma işləri davam edir. Azərbaycan xalqı Ulu Öndərin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə sadiqdir. Hamı da çalışmalıdır ki, Azərbaycanda indiki sabitlik və müstəqillik qorunub saxlanılsın. İndi Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. Məndə olan məlumata görə isə artıq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar Azərbaycanın xeyrindədir. Cənab Prezidentin bu məsələ ilə bağlı qətiyyətli siyasəti və qərarı var. Hər kəs əmin olsun ki, Prezident İlham Əliyev digər problemlər kimi, Dağlıq Qarabağ münaqişəsini də Azərbaycanın xeyrinə həll edəcək. İndi Azərbaycan kosmosdan da istifadə edir. Artıq milli peykimizdən istifadə üçün bir sıra dövlətlər Azərbaycana pul köçürürlər. Burada Azərbaycana böyük gəlir gəlir və ölkəmizin nüfuzu daha da artır. Başda Prezident İlham Əliyev olmaqla burada hörmətli rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun da fəaliyyətini qeyd etmək lazımdır. Digər böyük inkişaf isə Azərbaycanın fövqaladə hallar sahəsində mövcuddur. Çünki Azərbaycanda hər hansı fövqaladə hal, təbiət hadisələri baş verirsə, Azərbaycanın Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları vaxtında hadisə yerində ola bilirlər. Hamımız FHN-nin bu yüksək fəaliyyətini Azərbaycanda baş verən zəlzələlər və təbii daşqınların törətdiyi fəsadların aradan qaldırılması zamanı gördük. Təbii ki, bu cür hərtərəfli inkişaf ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. İndi Azərbaycanın kifayət qədər gücü və qüdrəti var. Allahın köməyi ilə bu ildə Azərbaycanda tam şəffaf və demokratik prezident seçkiləri keçiriləcək, hamı da bir daha Azərbaycanda necə şəffaf seçkilərin keçirildiyinin şahidi olacaq. Heç kəsdə də şübhə yaratmır ki, məhz bu seçkilərdə də prezident İlham Əliyev xalqın etimadını qazanaraq qələbə çalacaq. [b]- Baş nazirin sabiq müavini Abbas Abbasov Azərbaycan hakimiyyətini Rusiya ilə bağlı məsələdə ittiham edib. Buna münasibətiniz necədir?[/b] - İlk növbədə onu deyim ki, Abbas Abbasov heç vaxt indiki iqtidara müxalifət ola bilməz. Abbas Abbasov bu dövlətin və iqtidarın çörəyini yeyib. O, hər zaman bu dövlətçiliyin inkişafında yaxından iştirak edən adamlardan biri olub. Mən inanmıram ki, Abbas Abbasov hakimiyyətə və Prezidentimizə müxalif mövqedə olsun. Abbas Abbasovdan heç vaxt xəyanət gözləmərəm. [b]- Bəs Milli Şura ilə bağlı mövqeyiniz necədir?[/b] - Rüstəm İbrahimbəyovu nəinki Azərbaycanda, heç Bakı şəhərində və rayonlarda belə tanıyan yoxdur. Eldar Namazov isə hakimiyətdən qisas almaq istəyir. Ona görə də indi təxribatla məşğul olur. Vaxtilə Eldar Namazov Prezident Aparatında katiblikdə çalışan zaman bir sıra artıq-əksik hərəkətlər edib, ərizələri oğurlayıb. Onun bu cür nöqsanları aşkar olunandan sonra Eldar Namazov Prezident Aparatından dərhal uzaqlaşdırılıb. Hakimiyyət bu adama etibar edib, inanırdı. Ancaq Eldar Namazov bu etibarı və inamı itirdi. Eldar Namazov xəyanətkar adamdır, o vaxtilə Prezident Aparatına gələn məktubları gizlədib, bəzi gizli danışıqlar aparıb, protokol qaydalarına əməl etməyib. Bütün bunlara görə o Prezident Aparatında tutduğu vəzifədən çıxarılıb. İndi də Eldar Namazov bunlara görə hakimiyyətdən qisas almaq istəyir. Özünü bu cür gülünc vəziyyətə salan adamların prezidentliyə namizədlik iddiası gülünc doğurur. Eldar Namazovun xalqdan heç bir gücü, dəstəyi yoxdur. Bilirsiniz, indi birinin üzərində cinayət işi var, istəyir ki, cinayət işindən yayınsın. Ona görə də namizədliyini irəli sürüb toxunulmazlıq statusu alır. Digərinin isə pulları mənimsədiyi üçün qaynını tuturlar, indi o da qaynını azadlığa buraxdırmaq üçün bir qrup gəncləri başına toplayıb aksiya keçirməyə cəhd edir. Bütün bunlar isə hamıya məlumdur. Azərbaycanda normal müxalifət mövcud deyil, hamı Prezident İlham Əliyevi istəyir. Ən böyük nailiyyət, ən böyük qələbə Azərbaycanda yaradılan sabitlikdir. Ancaq indi bir sıra qonşu dövlətlərdə böyük qarşıdurmalar yaşanır, tarixi abidələr sökülür, qanlar tökülür və etiraz aksiyaları keçirilir. Bununla da həmin dövlətlər 40-50 il geriyə düşür. Harda qarşıdurma və qardaş qırğını varsa, orada sabitlik olmayacaq. İndi Azərbaycan xalqı da istəməz ki, yenidən Şəhidlər Xiyabanı yaransın. Bu millət heç zaman istəməz ki, ailə və uşaqlar başsız qalsın. Buna kim imkan verər? Azərbaycan xalqı özü tələb edir ki, İlham Əliyev prezident olsun. Bununla da Azərbaycanda sabitlik və inkişaf davam etsin. [b]- Vaxtilə Gültəkin Hacıbəyli ilə eyni dövrdə deputat həmkar olmusunuz. Bilirsiniz ki, son vaxtlar Gültəkin Hacıbəyli də Ziyalılar Forumunda təmsil olunaraq Azərbaycan hakimiyyətinə qarşı sərt fikirlər səsləndirir. Bu, sizdə hansı təəssürat yaradır?[/b] - Gültəkin Hacıbəyli heç zaman Azərbaycanın indiki hakimiyyətinə qarşı ola bilməz. O, müəyyən adamlara qarşıdır və onlara da sözünü deyir. Gültəkin Hacıbəyli ağılsız adam deyil. Əminəm ki, Gültəkin Hacıbəyli özü gec-tez hərəkətlərini başa düşəcək. O bu dəfə deputat seçilmədi, ancaq bu o demək deyil ki, sən seçilməmisənsə, o zaman iqtidarı pisləməlisən. Bu qətiyyən belə deyil. Müəyyən zaman var ki, hər şey özünü göstərəcək. Əminəm ki, Gültəkin də ziyalı xanım kimi gec-tez bu iqtidara qoşulacaq. Sadəcə olaraq müəyyən adamlar var ki, Gültəkin həmin şəxslərlə mübarizə aparır. Ancaq bunun Prezident İlham Əliyevə və iqtidara qarşı olması kimi təqdim edilməsi düz deyil. [b]- Mediada yayılan məlumatlara görə ACP lideri Rəsul Quliyev 2013 seçkilərində Azərbaycan müxalifətinə sponsorluq edəcək. Bu nə dərəcədə real görünür?[/b] - Rəsul Quliyev artıq dəfn olunub, indi o qəbristanlıq adamıdır. Azərbaycanda Rəsul Quliyevin bundan sonrakı siyasi fəaliyyəti artıq bitib. İndi Rəsul Quliyevin banklara külli miqdarda borcu var. Ağıllı adam olsun, gedib borclarını bağlasın. O, borclarını verməyə pul tapmır, sponsorluq etməyə hardan pul tapacaq? Artıq hər kəs dərk edir ki, reallıq necədir. Reallıqda isə Azərbaycanda normal dövlət başçısı ola bilən şəxs ancaq prezident İlham Əliyevdir. İnanın ki, müxalifət özü də seçkilərdə İlham Əliyevə səs verəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA