Həbsdəki sabiq nazirlərdən mesaj: ?Ya azadlıq, ya Milli Şura!?

img

06-06-2013 [11:03]


Həbsdə olan sabiq nazirlər Əli İnsanovla Fərhad Əliyevin prezident İlham Əliyevin imzalayacağı xüsusi əfv fərmanı ilə azadlığa çıxacaqları haqda gözləntiləri özünü doğrultmur. Bu barədə daxil olan məlumata görə, müəyyən kanallarla sabiq nazirlərə çatdırılan xüsusi əfv mesajından sonra sabiqlər azadlığa çıxacaqları barədə bir qədər ümidlənsələr də, sonrakı məlumatlardan belə qənaətə gəliblər ki, ən azından bu il keçiriləcək prezident seçkilərinə qədər həbsdən buraxılmayacaqlar. Buna görə də hakimiyyətdən gələn xüsusi əfv mesajının reallaşması üçün mesajın gəldiyi ünvana bir mesaj yollayıblar. Bu barədə məlumatlı şəxsin sözlərinə görə, sabiq nazirlərin mesajı bundan ibarətdir ki, hələ Milli Şura elan olunmamışdan öncə müxalifət cinahında yer alan bəzi şəxslər onlarla təmasa keçərək, belə bir birlik barədə onların fikirlərini öyrənmək istəyiblər. Həmin vaxt onlar xüsusi əfv fərmanı ilə azadlığa çıxacaqlarına ümid etdiklərindən və indiyədək həbsdə dözüb, müxalif düşərgə ilə aktiv təmasa keçmədiklərindən, bundan sonra da bir qədər gözləməyi məqsədəuyğun sayıblar. Ancaq gözləntiləri doğrulmadığından və Milli Şura elan olunduqdan sonra bu qurum adından onlarla təmaslar daha da artdığından gələn təklifə birmənalı şəkildə yox deməyiblər. Bu isə o deməkdir ki, onlara yaxın vaxtlarda azadlığa buraxılacaqları ilə bağlı deyilənlər özünü doğrultmasa, Milli Şura seçimini edə, yaxud bu quruma dəstək verə bilərlər. Proseslərdən kifayət qədər məlumatı olan şəxsin bildirdiyinə görə, Milli Şurada da hesab edirlər ki, sabiq nazirlərin, xüsusən də Ə.İnsanovun bu quruma dəstəyi, Milli Şuranın xeyrinə hər hansı bəyanatı, çağırışı çox ciddi effekt verə bilər. Bu, böyük bir elektoratın Milli Şura ətrafında cəmləşməsinə səbəb olar, cəmiyyətdə bu quruma inamı daha da artırar. Yaxın çevrələrindən qəzetimizə yetişən xəbərlərə görə, öz növbələrində sabiq nazirlərdə də belə qənaət var ki, indi onların azadlığa çıxması üçün tək kart Milli Şuradır. Onlar hesab edirlər ki, bu qurumun yaranmasını, böyüməsini və hakimiyyətin içərisindən çıxan nüfuzlu şəxslərin orada təmsil olunmasını istəməyən hakimiyyət bunun qarşılığında ciddi güzəştlərə getməyə hazır ola bilər. Sabiq nazirlərin bu qənaətini hakimiyyət içərisindən gələn məlumatlar təsdiqləyir. Buna görə onların xüsusi əfv mesajına həbsxanadan yolladıqları cavab konkret şərt kimi olmasa da, onun siyasi anlamı təxminən belədi: ya azadlıq, ya Milli Şura. Artıq bu mesaj ünvanına çatıb və yaxın günlərdə konkret qərar verilə bilər. Sabiq nazirlərin mesajının tonu kifayət qədər yumşaq olsa da, hakimiyyət bundan konkret nəticə çıxarmaq zorundadır və Ə.İnsanovla F.Əliyev vaxtından əvvəl azadlığa qovuşacaqlarına indi daha çox ümid edirlər. Onu da qeyd edək ki, sabiq nazirlərin həbsxanadan hakimiyyətə cavab mesajı ünvanladıqları ilə bağlı ?Yeni Müsavat?ın əldə etdiyi məlumatla eyni vaxtda başqa bir istiqamətdən Ə.İnsanovun Milli Şurada təmsilçiliyi məsələsi gündəmə gətirilib. Avropada fəaliyyət göstərən Haqq və Ədalət Hərəkatının Ukrayna nümayəndəliyinin rəhbəri, Əli İnsanovun yaxın ətrafına aid edilən Yalçın Qəhrəmanoğlu Milli Şuranın yaranmasını alqışlayan bəyanatla çıxış edərək, bu quruma müraciətində Ə.İnsanovun da böyük birliyə cəlb olunması təklifini irəli sürüb. Bu faktın özü də sabiqlər və Milli Şura məsələsinin ciddi olduğunu bir daha göstərir(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA