AXCP Qurban Məmmədovun müdafiəsinə çağırdı

img

05-06-2013 [04:36]


Azərbaycan Xalq Cəbhəsi Partiyası tanınmış hüquqşünas, vəkil Qurban Məmmədovun həbsi ilə bağlı bəyanat verib. Bəyantda deyilir: Azərbaycan ictimaiyyətinə adı və fəaliyyəti müsbət mənada yaxşı tanış olan hüquqşünas Qurban Məmmədov barəsində Nəsimi rayon məhkəməsi iyunun 4-də 2 aylıq həbs qətimkan tədbiri seçib. Qurban Məmmədov avtoqəza törətməkdə günahlandırılır. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qurban Məmmədovun həbsini, ona qarşı açılan cinayət işini əsassız və ədalətsiz sayaraq bu hadisəni Azərbaycanda Əliyevçi rejimin öz tənqidçilərinə qarşı başladığı repressiyanın tərkib hissəsi kimi qiymətləndirir. AXCP qəti əminliklə bəyan edir ki, Qurban Məmmədov hər hansı cinayət törətdiyinə görə yox, ölkədə total xarakter alan dövlət hakimiyyətinin cinayətkar fəaliyyətini ifşa etdiyi üçün cəzalandırılır. Məhz bu fəaliyyətinə görə peşəkar hüquqçu olmasına baxmayaraq, qərəzli şəkildə Vəkillər Kollegiyasından uzaqlaşdırılan Qurban Məmmədov uzun müddət idi ki, təkcə ayrı-ayrı fərdlərin pozulan hüquqlarını müdafiə etmirdi, həm də bütövlükdə cəmiyyətin təməl haqlarının tapdalanmasına qarşı çıxırdı. Fəal ictimai xadim kimi o kütləvi informasiya vasitələrində, toplantılarda, sosial şəbəkələrdə hakimiyyətin şər xarakterini ifşa edərək həm də insanları ölkədə vüsət alan hüquqsuzluğa, özbaşınalığa qarşı səfərbər etməkdəydi. Qurban Məmmədov ümumi tənqidi ritorika ilə kifayətlənməyərək ölkədəki vəziyyətin acınacaqlı xarakter almasını birbaşa Əliyev ailəsi ilə əlaqələndirirdi və bunu öz çıxışlarında açıq tənqid edirdi. AXCP Qurban Məmmədovun şərlənərək həbs olunmasını ölkədə tənqidi səslərin, ziyalı sözünün və vətandaş mövqeyinin boğulmasına daha bir cəhd kimi qiymətləndirir. Qurban Məmmədov və onun kimi cəmiyyətin ağrılarını əks etdirən insanlar həbs edilməməlidir, əksinə onların tənqidi qeydlərindən ölkədə sağlam mühitin formalaşdırılması üçün istifadə olunmalıdır. AXCP Azərbaycan hakimiyyətinə ?ziyanın yarısından qayıtmaq da faydadır? hikmətini xatırladaraq Qurban Məmmədova qarşı anti-humanist, qərəzli davranışdan geri çəkilməyi tələb edir. AXCP bəyan edir ki, cəmiyyətin seçkin şəxslərinə qarşı qaba, qanunsuz rəftar hakimiyyətin özünə ziyan vurur, eyni zamanda vətəndaşların dövlətə etimadının zəiflənməsi kimi qorxulu tendensiyanı gücləndirir. AXCP ölkə vətəndaşlarını Qurban Məmmədovun hüquqlarının müdafiəsində fəallığa, hakimiyyətin şər-böhtan maşınının rahat işləməsinə mane olmağa səsləyir. AXCP eyni zamanda Azərbaycanın tərədaş olduğu beynəlxalq təşkilatlara, hüquq müdafiəsi ilə məşğul olan fərdlərə, qurumlara Əliyevlərin totalitar rejim qurma cəhdlərinə görə nəhayət həyacan təbili çalmağın vaxtı olduğunu bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA