Ramiz Mehdiyev Rusiyaya gedir

img

21-05-2013 [10:58]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən Rusiyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağı bildirilirdi. Bu, Rusiyada prezident Vladimir Putinin yenidən hakimiyyət başına qayıtmasından sonra Azərbaycan xarici işlər nazirinin Moskvaya ilk rəsmi səfəridir və iki ölkə arasındakı hazırkı soyuq münasibətlər fonunda həm azərbaycanlı, həm rusiyalı siyasi ekspertlər tərəfindən maraqla izlənilir. ?Nezavisimaya qazeta? bu səfərlə bağlı yazır ki, E.Məmmədyarov rusiyalı həmkarı S.Lavrovla ikitərəfli münasibətləri, beynəlxalq və regional problemləri müzakirə edəcək. ?Ekspertlər hesab edir ki, Məmmədyarovun səfəri son vaxtlar Rusiya-Azərbaycan münasibətləri ətrafında formalaşan neqativ informasiya fonunun səviyyəsini aşağı salmağa yönəlib? deyə, qəzet yazır. Rusiya XİN-in mətbuat və informasiya departamentinin direktor müavini Mariya Zaxarova qəzetə açıqlamasında deyib ki, Sergey Lavrovla Elmar Məmmədyarov arasında danışıqların gündəmində Dağlıq Qarabağ münaqişəsini nizamlanması problemi dayanacaq. Belə ki, Rusiya problemin həlli üçün həm Azərbaycanla ikitərəfli münasibətlərdə, həm Minsk Qrupunun həmsədri kimi aparıcı beynəlxalq vasitəçilərdən biri kimi çıxış edir. ?Azərbaycan bizim Zaqafqaziyadakı və Xəzər regionundakı mühüm strateji tərəfdaşımızdır? deyə, M.Zaxarova bildirib. Bununla belə, ?Şimal-Cənub? Araşdırmaları Mərkəzinin direktoru Aleksey Vlasova görə Rusiya-Azərbaycan münasibətlərinin daha geniş formatına nəzər salanda görünür ki, rəsmi Bakı prezident seçkiləri kampaniyası dövründə xarici oyunçulara münasibətdə siyasətini necə quracağını müəyyənləşdirməyib: ?Hazırda Bakının eyni vaxtda bir neçə istiqamətdə gərginliyi yaranıb: ATƏT, İran və ABŞ?, - deyə, Vlasov bildirib. Ekspert xatırladıb ki, E.Məmmədyarov ATƏT-in Bakı ofisinin statusunun aşağı salınmasını istəyir. Vlasova görə, istisna deyil ki, Azərbaycan prezident seçkilərini izləmək üçün ATƏT-dən müşahidəçilər dəvət etməyəcək. İkinci gərginlik nöqtəsi İrandır. Nəhayət, ABŞ-la münasibətlərdə də gərginlik var və Bakı bu ölkənin maliyyələşdirdiyi QHT-ləri bağlayır". Rusiya ilə münasibətlərə gəldikdə isə qəzetin yazdığına görə, son hadisələr - Qəbələ RLS-in və Bakı-Novorossiysk kəmərinin bağlanması elə də ciddi problem yaratmadı. Bakıdan politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə hesab edir ki, bu iki hadisə ikitərəfli münasibətlərə təsir edən neqativ fonu daha da gücləndirdi. ?Məmmədyarovun səfəri ona hesablanıb ki, bu neqativ fon aradan qaldırılsın və diqqət dialoqun davam etdirilməsinə yönəlsin?, - deyə, o bildirib. A. Vlasov isə iki ölkə arasındakı münasibətlərin vəziyyətini şərh edərkən deyib ki, iyunun əvvəllərində Volqoqradda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək. Bu forumda ticarət-iqtisadi əməkdaşlıq və humanitar sahədə layihələr təqdim olunacaq. Tədbirdə iki ölkənin prezident administrasiyalarının rəhbərləri, yerli hakimiyyət orqanları, işgüzar dairələrin təmsilçiləri iştirak edəcək. Yüksək səviyyədə görüşlərə gəldikdə isə Vlasova və Vəlizadəyə görə, belə görüş Azərbaycandakı prezident seçkilərindən sonra baş tuta bilər: ?Xüsusən ona görə ki, bu seçkilərdə İlham Əliyevin iştirakı hələ rəsmən elan olunmayıb?. Qəzet qeyd edir ki, buna baxmayaraq, Müsavat başqanı İsa Qəmbər və prezidentin keçmiş köməkçisi Eldar Namazov artıq prezident seçkilərində iştirak edəcəklərini bəyan edərək ictimai təşkilatların koalisiyasını qururlar. İstisna deyil ki, koalisiyaya tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da qoşulacaq. İ.Vəlizadəyə görə, əhalinin əksəriyyəti başa düşür ki, hazırkı prezident İlham Əliyevə real alternativ yoxdur və bu səbəbdən prezident seçkilərinə maraq azdır. A.Vlasov isə hesab edir ki, Bakıda prezidentliyə 1 nömrəli namizədi vaxtından əvvəl reklam etməməyə qərar veriblər. Elə görüntü də yaradılır ki, ?hətta hansısa başqa variant da müzakirə olunur?. Ekspertə görə, aydındır ki, İlham Əliyev seçkilərə gedəcək və bu zaman o konstitusiyanın heç bir bəndini pozmuş olmayacaq. Qeyd edək ki, Azərbaycan hakimiyyətinin, hakim partiyanın təmsilçiləri son vaxtlara qədər Rusiyanın Bakıya təzyiqləri və hakimiyyət dəyişikliyinə nail olmaq cəhdləri barədə danışırdılar. Ötən ilin payızından Rusiyada yaranan və ?Milyarderlər ittifaqı? kimi tanınan diaspor təşkilatı ilə Bakının münasibətləri hələ də pis olaraq qalır. Bu ittifaqın rəhbəri Abbas Abbasovun yaxınlarına təzyiqlər edildiyi barədə məlumatlar var. Bakıda hələ də hesab edirlər ki, bu ittifaqın arxasında Kreml dayanır. Gürcüstan prezidenti Mixail Saakaşvili də bir neçə dəfə Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi hazırladığı haqda bəyanatlar verib. Bu bəyanatlar Saakaşvili ilə Bakıda aparılan müzakirələrdən sonra səslənib. Belə bir vaxtda Azərbaycan xarici işlər nazirinin Rusiyaya rəsmi səfəri həlledici də ola bilər və belə görünür ki, əsas məqsəd seçkilərlə bağlı Kremlin Bakıya hansısa problem çıxarmayacağına əmin olmaqdır. Lakin o da mümkündür ki, Kreml artıq yumşalıb, əks halda, xarici işlər nazirinin Moskvaya dəvət edilməsi də baş verməyə bilərdi. Xüsusən nəzərə alınsa ki, rusiyalı ekspertin bildirdiyinə əsasən, tezliklə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iki ölkə regional əməkdaşlıq forumunda iştirak etmək üçün Rusiyaya səfər edəcəyi gözlənilir. Həmin forumda R.Mehdiyevlə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov arasında ayrıca görüş olacağını da gözləmək lazımdır. /Yeni Müsavat/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA