AXCP-nin 80 üzvü saxlanıldı; Ağdazda və Yardımlıda müzavirələrə imkan verilmədi

img

20-05-2013 [09:40]


Ağdaş rayonunda partiyanın müşavirəsini keçirmək niyyəti ilə bu rayona üz tutan AXCP üzvləri - partiya sədrinin müavini Asəf Quliyev, sədrin müşaviri Zərifə Məhəddinova, partiyanın Pənah adlı üzvü, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və onların gecələmək üçün evində qonaq qaldıqları Telman adlı AXCP üzvü mayın 19-da səhər saatlarında Ağdaş rayon polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb. Cəbhəçilər qonaq qaldıqları evdə saxlanılıb. Bu barədə ?Yeni Müsavat?a AXCP Ali Məclisinin sədri Həsən Kərimov məlumat verib. Onun dediyinə görə, mayın 19-da səhər saatlarından Ağdaşda AXCP üzvlərinin kütləvi repressiyası həyata keçirilib. 80-dən artıq AXCP üzvü, o cümlədən rayona ezam olunan Asəf Quliyev, Zərifə Məhəddinova, Əbülfəz Qurbanlı evlərdə polis tərəfindən saxlanılaraq rayon Polis Şöbəsinə aparılıblar: ?Mayın 19-da Ağdaşda böyük bir müşavirə keçiriləcəkdi. Çünki ciddi hazırlıq işləri aparılmışdı. Lakin səhər saat 8-dən polis rayonda əməliyyata başlayıb və cəbhəçilərin kütləvi həbsi həyata keçirilib. Həbslər cəbhəçilərin evinə polis basqınları ilə həyata keçirilib. Günün sonuna qədər cəbhəçilər polis şöbəsində heç bir qanuni əsas olmadan saxlanılıblar. Sonra azad ediliblər?. Yardımlı rayonunda da AXCP-nin müşavirə keçirməsinə imkan verilməyib. Həsən Kərimovun dediyinə görə, AXCP-nin Yardımlı rayon təşkilatının sədri Gülbala Əhmədli müşavirəyə yer ayrılması üçün rayonun İcra Hakimiyyətinə rəsmi müraciət edibmiş. İcra Hakimiyyətinin ictimai-siyasi şöbənin müdiri və icra başçısı Sevindik Hətəmov Gülbala Əhmədova şifahi bildirmişdilər ki, rayon kitabxanasının klubunda müşavirə üçün yer ayrılıb, gedib keçirə bilərsiniz. Ancaq müşavirəyə bir gün qalmış icra başçısı Gülbala Əhmədlini yanına çağırıb və qəti şəkildə deyib ki, yuxarıların göstərişi var, müşavirənin keçirilməsinə icazə verilmir, ona görə də əgər toplanacaqsınızsa, polis müdaxiləsi olacaq. Yardımlıda qarşıdurmaya getməmək xatirinə mayın 18-nə nəzərdə tutulan müşavirə təxirə salınıb. Bundan sonra rayon şöbəsi məsləhətləşib və mayın 18-də yenidən İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edib növbəti həftədə müşavirəyə şərait yaradılmasını istəyiblər. Eyni açıqlamanı AXCP Yardımlı rayon şöbəsinin sədri Gülbala Əhmədli də azadlıq.info-ya deyib: ?Biz düşündük ki, hələlik qarşıdurmaya getməyək. Ona görə də müşavirənin vaxtını dəyişdik və növbəti dəfə icra hakimiyyətinə müraciət etməyi qərara aldıq. Biz onlardan rəsmi cavab gözləyirik. Onu da deyim ki, müşavirəni keçirməkdə israrlıyıq. Çünki bu bizim qanuni haqqımızdır?. Qeyd edək ki, bir həftə əvvəl AXCP-nin Masallıda, Siyəzəndə və Dəvəçidə keçirilən müşavirələrinə müdaxilə olmamışdı və müşavirələr normal şəkildə keçmişdi. Belə ehtimallar irəli sürülürdü ki, hakimiyyət müşavirələrə imkan verilməməsinin rayonlarda daha böyük rezonansa səbəb olduğunun fərqinə varıb, ona görə də taktikanı dəyişib. Ağdaşda və Yardımlıda baş verənlər bu ehtimalların yanlış olduğunu, hakimiyyətin mövqeyində heç bir dəyişikliyin baş vermədiyini ortaya çıxardı. Bu barədə danışan Həsən Kərimov bildirdi ki, rayonlarda icra başçıları rayonlarda yerli əhali ilə münaqişə vəziyyətində maraqlı deyillər, onlardan olsa, müşavirələrə müdaxilə etməzlər. Müşavirələrə imkan verməmək əmri birbaşa Prezident Administrasiyasından gəlir. İcra başçıları da bu göstərişə əməl edirlər. Müşavirələrə imkan verilməməsi və həbslər həyata keçirilməsinin Prezident Administrasiyasından gəldiyi dəqiqdir. Faktiki olaraq Yardımlının icra başçısı əvvəl verdiyi razılığı məhz yuxarıdan gələn əmrdən sonra pozduğunu etiraf edib. Bütün icra başçıları AXCP-nin rayon şöbələrinin sədrlərinə yuxarıdan göstəriş aldıqlarını açıq deyirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA