Milli Məclisdə mübahisə: "Xalq üçün izləməyən qanunun nə faydası var?"

img

16-05-2013 [11:36]


Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Sosial siyasət komitələrinin mayın 15-də keçirilən birgə iclasında Miqrasiya Məcəlləsinin ikinci oxunuşu müzakirə edilib. Layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək. Sonra qanun layihəsi ilə bağlı mövqeyini açıqlayan əksər millət vəkilləri - Çingiz Qənizadə, Aytən Mustafayeva, Flora Qasımova, Yevda Abramov adıçəkilən sənəddə miqrasiya prosedurlarının sadələşdirilməsinin, xüsusilə, atanın (söhbət boşanmış valideynlərdən, keçmiş ər-arvaddan gedir) icazəsi olmadan da övladın ana ilə xaricə gedib-gəlməsinə icazə verilməsinin vacibliyini dilə gətiriblər. Y.Abramov daha çox Azərbaycana gəlib-gedən şəxslərlə (xaricdə yaşayan və Azərbaycan vətəndaşlığı olan azərbaycanlılar nəzərdə tutulur) müddətin 3 gündən 7 günə qaldırılmasını təklif edib: ?3 gün olmasın, 5 və ya 7 gün olsun, burada nə problem var ki?! Xalq üçün işləməyən qanunun qəbulunun nə faydası var? Hesab edirəm ki, mütləq müddət artırılmalı, miqrasiya prosedurları sadələşməlidir?. MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə həmkarlarından tam fərqli mövqe sərgiləyib: ?Miqrasiya siyasətini, miqrasiya ilə bağlı qanunvericiliyi sərtləşdirmək lazımdır. Çünki son illər, xüsusilə, axır on ildə ABŞ-dan tutmuş Avropa ölkələrinə kimi hamı miqrasiya siyasəti və qanunvericiliyi ilə bağlı çox ciddi dəyişikliklər edib. Bu gün dünyada nə az-nə çox, düz 175 milyon miqrant var. Onların 56 milyonu təkcə Avropanın payına düşür və həmin miqrantların böyük əksəriyyəti-təxminən 28,5 milyonu əməkçidir. Bu gün Azərbaycana da xeyli sayda miqrantlar, daha çox da əməkçilər gəlir. Ölkəmizə sanki miqrant axını var. Bunun özü də ölkəmizin inkişaf etməsindən, miqrantlar üçün cəlbedici olmasından xəbər verir. Ancaq tam əminliklə demək olmaz ki, onların hamısı elə xoşməramlıdır. Heç də belə deyil. Yəni, miqrasiya, miqrantlar məsələsi adi, sadə məsələ deyil, bunlar dövlətin təhlükəsizliyi ilə birbaşa bağlı olan məsələdir. Ona görə bu məsələdə sadələşdirmə deyil, əksinə, sərtləşdirmə nəzərdə tutulmalıdır?. R.Aslanova eyni zamanda, atanın valideynlik hüququ əlindən alınmadan, övladın onun icazəsi olmadan ana ilə başqa yerə, xaricə gedib-gəlməsinə icazə verilməsinin də əleyhinə olduğunu bildirib: ?Bəlkə, həmin ata xəstədir, bəlkə də işləmir və ya maddi durumu ağırdır? Onun icazəsi olmadan axı, övladın ana ilə xaricə gedib-gəlməsinə necə icazə vermək olar? Əgər həmin ata valideynlik hüququndan məhrum edilərsə, bu, ayrı məsələ, yoxsa, onun icazə olmadan övlada ana ilə harasa, xaricə gedib-gəlməsinə icazə vermək düzgün deyil və olmaz?. Qanun layihəsində göstərilir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi, ölkədə olması və ya yaşaması Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, həmçinin vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. Həmçinin, şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı isə məhdudlaşdırılmır. Eyni zamanda sənəddə bildirilir ki, Azərbaycanın ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə də daxil edilir. Geniş müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda baxılması üçün MM-in plenar iclasına tövsiyə olunub(teleqraf.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA