Xaliq Bahadır:"ictimai Palatanı çoxdan bitiriblər"

img

12-05-2013 [10:00]


Aparıcı müxalifət partiyalarının bir araya gəldiyi İctimai Palata (İP) barədə müxtəlif söz-söhbətlər dolaşır. Bəziləri iddia edirlər ki, bu qurum prezident seçkilərində iştirak etmək üçün vahid namizəd müəyyənləşdirmədiyindən parçalanacaq. Digərləri isə bildirirlər ki, Milli Şura yaranandan sonra İP buraxılacaq. İctimai Palata və müxalifət daxilində baş verənlərə kəskin mövqe nümayiş etdirən, üzvü olduğu AXCP və İP-dən istefa verən tanınmış yazar Xaliq Bahadır isə "Reytinq"ə deyib ki, bu qurum çoxdan buraxılmalı idi: - Mən İctimai Palatadan çoxdan uzaqlaşmışam. Bu qurumun buraxılmasına gəlincə, əslində, İctimai Palata çoxdan bitmiş qrumdur. Daha doğrusu, İctimai Palatanı çoxdan bitiriblər. Onu 2011-ci ilin 12 mart mitinqi ilə bitirdilər. - Bu prosesdə iştirakçılar kimlər olub? - 2011-ci ilin fevral ayının 26-da İctimai Palatanın quruluş yığıncağı keçirildi. Həmin yığıncaqda Arif Hacılı qışqıra-qışqıra dedi ki, martın 12-də mitinq keçirilməlidir. Baxın, hələ İctimai Palatanın yaranma yığıncağı keçirilir, ortada heç nə yoxdur, amma bu adam yığıncaq boyu qışqırır ki, martın 12-si mitinq olmalıdır. ?iyə görə? Çünki bu, hakimiyyətin planı idi. Hakimiyyət istəyirdi ki, İctimai Palata formalaşmamış onu dağıtsın. Yəni, mitinqə gedilsin, bu yolla palatanı dağıtsınlar. Elə də elədilər. Müsavat Partiyası martın 12-də mitinq keçirdi. Arif Hacılı mitinqdən əvvəl qəzetlərə müsahibə verdi ki, martın 12-si mitinq olacaq. Ondan da bir neçə gün sonra İsa Qəmbər açıqlama verdi ki, belə bir şey yoxdur, Müsavat Partiyası belə bir qərar verməyib, mitinq olmayacaq. Üstündən bir gün keçməmiş məlumat verildi ki, Müsavat Partiyasının qərarı var. Bütün bunlar faktdır, həmin tarixin qəzetlərində də var. Sadəcə, bu, hakimiyyətin maraqlarına uyğun hazırlanmış bir oyun idi. Mən sonadək o mitinqə qarşı idim. "Azadlıq" radiosuna müsahibə verərək dedim ki, bu mitinqlə İctimai Palatanı şirnikləndirirlər. Elə də oldu. "Fəvvarələr" meydanında Müsavat Partiyası 12 martda mitinq keçirdi, hakimiyyət həmin aksiyaya qarşı loyallıq göstərdi. Ona baxıb İctimai Palata da mitinq qərarı verdi. Aprelin 2-də mitinq oldu, hakimiyyət mitinqi dağıtdı, çoxlu sayda adam tutdu. Həmin aksiyada tutulanlardan biri də mən idim. - İttiham etdiyiniz Arif Hacılı da həmin aksiyada həbs olundu, 2,6 il cəza çəkdi... - Arif Hacılı çox tutulub, nəyə görə tutulub, o da bəllidir. Hərəni bir cür tuturlar, amma Arif Hacılının tutulma səbəbi bəllidir. Arif Hacılı iki övladını xaricdə oxudur, amma mənim uşaqlarım hələ xaricdə olmayıb. Hansı pulla oxudur? Amma mən uşaqlarımı burda oxutmağa pul tapmıram. Hələ çoxlu başqa faktlar var, onları demirəm. Hər şey gün kimi aydındır. İctimai Palata bu məsələlər üzündən hələ o vaxtdan dağıldı. - Necə olur ki, 400 nəfərdən çox üzvü olan təşkilatı bir nəfər dağıdır? - Çox yaxşı sual verirsiz. Amma onu da bilin ki, İctimai Palatanı bir nəfər parçalamadı. Elə həmin yığıncaqda mən dönə-dönə söz istədim, amma mənə söz verilmədi. O vaxt mən AXCP-nin üzvü idim, həmin yığıncağın sədri Əli Kərimli idi, amma mənə fikrimi bildirməyə imkan yaratmadılar. Çünki bilirdilər ki, mənim çıxışım necə olacaq. Axırda mən yerimdən replika atdım və dedim ki, filankəsin agentlərini Koordinasiya Şurasına üzv gətirincə, onların yiyələrini gətirib oturdun. Yəni, orda təkcə Arif Hacılı deyildi, çoxları hakimiyyətin maraqlarına oynayırdı. ?əticədə Koordinasiya Şurasına hakimiyyətin çoxlu sayda adamı düşdü. Bununla da İctimai Palatanı bitirdilər. Onsuz da İctimai Palata funksional birlik kimi mövcud deyil. Mən deyirdim ki, İctimai Palatanın yerli, regional qurumlarını yaratmalıyıq, sonra o qurumlara funksionallıq qazandırmalıyıq. Bütün bunlardan sonra mitinq qərarı vermək olardı. Ancaq mənim sözümə əhəmiyyət vermədilər. Əksinə, hücumlar oldu, ona görə də kənara çəkildim. - Xaliq bəy, son dövrlər İctimai Palataya daxil olan partiyalarla Milli Şuranın yaradılması məsələsi müzakirə olunur. İctimai Palatanı buraxıb Milli Şuranın yaradılmasını necə qiymətləndirirsiz? - Oyunçular ayrı olsaydı, bəlkə də Milli Şuradan nəsə gözləmək olardı. Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz "işlərini" görəcək. - Həmin dəstədə keçmiş lideriniz Əli Kərimli də var? - Əli Kərimli də o dəstəyə qoşulub. Əli Kərimli 2010-cu ilin yayında tələyə düşüb. Daha doğrusu, İsa Qəmbər qruplaşması Əli Kərimlini tələyə salıb. - Əli Kərimli uşaq deyil axı, neçə ildir siyasətdədir, müxalifət liderlərindən biridir. Necə olur ki, onu aldadıb tələyə salırlar? - Bu uşaqlıq söhbəti deyil. O çağlara qayıdaq. O vaxt İsa Qəmbər orataya belə bir ideya atdı ki, AXCP ilə Müsavat Rəsulzadə-Elçibəy yolunda olduqlarına görə, eyni təşkilatda birləşməlidir. Mən dönə-dönə İsa Qəmbərə qarşı çıxdım. İdeya çox yaxşı idi, amma İsa Qəmbərin yalan danışdığını bilirdim. O deyirdi ki, başqanlıqdan gedəcəm, partiyalar birləşəcək, Əli Kərimli isə birləşmiş partiyanın sədri olacaq. Əli Kərimli isə ona inandı. Amma başa düşmədi ki, İsa Qəmbər bu partiyadan gedən deyil. Ona görə ki, İsa Qəmbər Müsavatı biznes partiyası kimi əlində saxlayıb, bundan sonra da saxlayacaq. Müsavat niyə qurultay keçirmir? Yalandan deyirlər ki, guya qurultay üçün yer vermirlər. Onlar qurultay keçirməmək üçün yer söhbətini problemə çeviriblər. Mən 2010-cu ildən bəri deyirəm ki, Müsavat qurultay keçirməyəcək. Artıq proqnozlarım özünü doğrultmaqdadır. Bütün dünyada belədir ki, partiya qurultaay keçirir və prezidentliyə namizədliyini elan edir. Amma Müsavatın Divanı yığışaraq qərar verir ki, İsa Qəmbər prezidentliyə namizəd olacaq. Bütün bunlar onu göstərir ki, Müsavat müttəfiq olmağı, geniş birliyin yaranmasını istəmir. - Belə çıxır ki, prezident seçkilərinə kimi müxalifət düşərgəsində hər hansı ciddi birlik yaratmaq mümkün olmayacaq? - 2000-ci il seçkilərindəki məğlubiyyətdən sonra bir çox müxalifət liderləri ilə ardıcıl görüşlər keçirməyə başladım. Dedim ki, 2003-cü il prezident seçkilərinə vahid güc kimi getməliyik. Hərə özü üçün illuziya qurmuşdu, özünü prezident sayırdı. Təklifim o idi ki, bir nəfəri qabağa verək, iki illiyə prezident olsun, sonra demokratik seçki keçirərik, kim qalib gələr, o da ölkəyə rəhbərlik edər. Bir il bundan öncə mən yenə məsələ qaldırdım ki, gəlin, heç olmasa, bir il qabaq namizədlik məsələsini aradan qaldıraq. Onda İsa Qəmbər mətbuata çıxaraq dedi ki, bu ideyanı ortaya atan adamlar hakimiyyətə qulluq edirlər. Yəni, Xaliq Bahadır hakimiyyətə qulluq edir. Sonra nə oldu? Aradan iki ay keçmədi, İsa Qəmbər dedi ki, mən müxalifətin vahid namizədi olacam. Gördü ki, təpkilər var, özünü əsas namizəd adlandırdı. Hələ də bu adam bilmir ki, əsas namizəddir, yoxsa vahid namizəd. Yəni, bu adam hansı ideya ilə çıxış elədiyini bilmir. Bu gün Azərbaycan elə durumdadır ki, ortada milli strategiya olmalı, liderlər də həmin strategiyaya uyğun addımlar atmalıdırlar. Çox təəssüf ki, Azərbaycan müxalifətinin milli strategiyası olmadığına görə ortada aydın xətt də yoxdur. Prezident seçkilərinə 4 ay qalıb, hələ də ciddi bir iş görmürlər. O vaxt mənə qarşı çıxanlar deyirdilər ki, seçkiyə hələ çox var, hazırda İP-də mühüm məsələləri müzakirə edirik, vahid namizəd məsələsini seçkiyə az qalmış həll edəcəyik. Bəs niyə həll eləmirlər? Bu dəqiqə İctimai Palata hansı mühüm məsələni müzakirə edir? Başa düşmürəm, bunlar İP-də seçkidən mühüm daha nəyi müzakirə edirlər? Yəni, bu adamlardan nəsə gözləməyə dəyməz. - Bütün bunları nəzərə alaraq, prezident seçkilərindən nə gözləyirsiniz? - Bu gedişlə heç nə gözləmək olmaz. Mən ümidlərimi itirmirəm. Bu gün demokratik dünya bu hakimiyyətə qarşıdır. Bircə Azərbaycan müxalifətinin birləşməsi vacibdir. Gərək, müxalifətin başında təmiz, ləyaqətli adam dursun ki, xalqı seçkiyə aparsın. - Siz deyən təmiz və ləyaqətli lider kim ola bilər, hər hansı namizədiniz varmı? - Lazım olsa, adlar çəkə bilərəm, amma indi heç bir namizədim yoxdur. Ad da çəksəm, deyəcəklər ki, Xaliq Bahadır filankəsə işləyir. Ona görə də ad çəkmirəm. Ancaq Azərbaycan xalqı o gündə deyil ki, prezident seçmək üçün ləyaqətli bir oğlu, bir xanımı olmasın. Bu gün müxalifətin ortada olan liderləri ambissiyalarını kənara qoyub bir araya gəlsələr, akademiyadan da, universitetlərdən də rüşvətə bulaşmamış təmiz adam tapmaq olar. Ancaq heç kim bunu istəmir. Hamı birlikdən danışır, məqamı çatdıqda isə birliyə gəlmir. ?ə qədər ki, bu yanaşma, bu düşüncə tərzi aradan qalxmayıb, vəziyyət bu şəkildə davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA