Zəlimxan Məmmədli: "Ölkədəki situasiya qanlı toqquzma qoxusu verir"

img

30-04-2013 [11:49]


Müxalifət düşərgəsindən seçkiyə əvvəlki illərə nisbətən daha çox namizədin qatılması əksəriyyət tərəfindən müsbət qarşılanmasa da, bunun demokratiya nümunəsi olduğunu düşünənlər də var. KXCP-nin üzvü, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də vahid güc mərkəzinin yaradılmasının vacibliyini deyir, amma namizədlərin çox olmasında problem görmür: - Bir zamanlar vahid güc mərkəzi, vahid namizəd məsələsi olduqca vacib idi. Mənə elə gəlir ki, bu məsələlər 2003-cü ilə qədərki dövrdə daha aktual sayılırdı. Ona görə ki, devrilmiş prezident var idi, onun səlahiyyətlərinin bərpası məsələsi var idi, komandada bir bütövlük var idi və eyni zamanda, digər qüvvələri səfərbər eləmək məsələsi gündəmdə idi. O dönəmdən sonra hamıya aydın oldu ki, gücün bir yerdə olması da problemin həlli deyil. Əsas məsələ çoxluğun və azlığın harda olmasından asılı olmayaraq, demokratik mühitin formalaşmasına nail olmaqdır. Bu günə kimi müxalifətin enerjisi daha böyük birliyin yaradılması müzakirələrinə xərclənib. Mənə elə gəlir ki, indi daha çox namizədin iştirakı ilə demokratik seçki mühiti yaratmaq modeli müzakirə olunur. Əgər qızıl orta tapılarsa, bütün iddialıların, hikkəlilərin maraqlarına cavab verən əməkdaşlıq mərkəzi formalaşarsa, bu mərkəzdə əsas hədəf demokratik seçki mühitinin yaradılması olarsa, bu, gələcəkdə daha böyük birliyin yaranmasının mənbəyi ola bilər. - Hazırda ortada müxtəlif birlik formatları var. Siz deyən birlik modelinə hansı daha yaxındır? - Mən birinin lehinə, o birini əleyhinə fikir kimi qəbul olunmasından ehtiyat elədiyim üçün konkret bir söz demək istəmirəm. Bu gün hakim komanda var, ikincisi, milli ideoloji düşərgə olaraq, Müsavat-AXCP və o ətrafda olan qüvvələrdir, üçüncüsü Məşvərət Məclisidir, solçular da hər zaman olacaqlar. Yəni, mübarizə əsasən bu qüvvələr arasında gedəcək. Mənim düşüncəmə görə, hakim komanda ilə mübarizə apara biləcək qarşı tərəf kimi bütün demokratik qüvvələrin bir arada olması vacibdir. - Bu dəfə əvvəlki seçkilərdən fərqli olaraq, vaxtilə bir cəbhədə olanlar ayrı-ayrılıqda namizəd kimi ortaya çıxıblar. İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Eldar ?amazov və digərlərinin fərqli-fərqli cəbhələrdə seçkiyə getməsi ümumi işin zərərinə deyilmi? - İndiki zamanda vahid kimdir ki, hamı onun ətrafında birləşsin? Hər bir partiyanın öz iddiaları, imkanları, lideri var. ?ormal bir prosesdir ki, onlar öz namizədlərini irəli verib təbliğatlarını aparırlar. Burada qeyri-adi nəsə axtarmaq yanlışlıqdır. Yalnız avtoritar təfəkkür bunun əleyhinə ola bilər. Mən cəmiyyətdə iddialıların çox olmasını təqdir edirəm və bunun parçalanmaq kimi dəyərləndirilməsini qəbul eləmirəm. Sadəcə, iddialıların zaman yetişəndə imkanlarının səfərbər olunması məsələsi var. 1998-ci ildə Əbülfəz Elçibəyin vahid namizədlik məsələsi ilə bağlı süni şəkildə problem yarandı. Amma sonrakı zamanlarda demokratik düşərgə bir namizədin müdafiəsi müstəvisində olub. Məsələ ondadır ki, nəticə olmayıb. Deməli, buradan çıxış edərək, o qənaətə gəlmək olar ki, namizədlərin çoxluğu qorxulu deyil, sadəcə, onlar arasında əməkdaşlığa getmək ən vacibidir. Bu ili son illərin ən ağır, ən məsul illərindən biri kimi görürəm. Vahid namizədin kimin olmasını isə zamanın diqtəsi deyəcək. - Siz vahid namizəd olmaq üçün kimi daha layiqli hesab edirsiniz? - Bu mövzu zaman-zaman dartılışıb. Hesab edirəm ki, vahid namizədin kimliyi seçkiöncəsi gündəmi zəbt edən zərərli bir tendensiyadır. Azərbaycanı idarə etmək bacarığına malik siyasi təcrübəsi, intellektual imkanları olan liderlərimiz var. Müxalifət liderləri Azərbaycanı indikindən qat-qat yaxşı idarə eləmək gücündədir. Ad çəkmirəm, hər halda bir nəfəsə on nəfərin adını çəkə bilərəm. Ona görə də "Azərbaycanda lider yoxdur",- deyib, hay-həşir salmağa ehtiyac duymuram. - Üzvü olduğunuz partyanın sədri Mirmahmud Mirəlioğlu deyir ki, Azərbaycanda narazı kütlə var, amma lideri yoxdur... - Milli Azadlıq Hərəkatından öncəki hərəkat, ondan sonrakı qiyam və sonra baş verən prosesləri nəzərə alanda demək olar ki, kütlə ilə aparıcı elit təbəqənin fikirlərinin üst-üstə düşdüyü an indiki qədər olmayıb. Yəni, müxalif qüvvə indiki durumun dəyişməsini istəyən kütlə ilə aparıcı elit qüvvədən ibarətdir. Görünür, tarixi şəraitin diqtəsi olacaq və gərəkən lider ortay çıxacaq. İsmayıllı hadisələri göstərdi ki, millətin genetik quruluşuna təcavüz anı yarananda qırıb-dağıdır. Ona görə də bir balaca rayona Azərbaycanın bütün güc strukturları səfərbər olundu. Bax, anın yetişməsi qorxuludur. Azərbaycana Şimaldan, Cənubdan ciddi təhdidlərin olduğu bir anda iddialı şəxslərin imkanlarını səfərbər edib, ən azı 2013-ü itirilmiş illər sırasına daxil etməməlidirlər. Əgər liderlər cəmiyyətin içinə gedə bilmirlərsə, yeri gələndə milləti ittiham eləmək iddiasına düşürlərsə, bu, yanlışdır. Millətimiz hər zaman yerindədir, sadəcə olaraq, onun cəhdləri amansız metodlarla yatırılır. Amma bunun da bir sonu olacaq. Tarix də göstərir ki, sosial ədalətsizlik kütlənin uzun müddət tab gətirəcəyi mühit deyil. Ölkədəki hazırki situasiya qanlı toqquşma qoxusu verir. Ona görə də ya sosial ədalət bərpa olunmalı, yuxarıdan inqilabi proseslər, islahatlar başlamalı, ağrısız-acısız bir keçid yaşamalıyıq, ya da daha təhlükəli hadisələr baş verəcək. Onda da güman eləmirəm ki, həmin proseslər idarəolunmaz vəziyyətə gətirib çıxara bilər. Çünki müxalifətdə ömrünü-günü bu işə həsr eləmiş kifayət qədər bacarıqlı insanlarımız var. Onlar bir anda səfərbər olub təşəbbüsü üzərilərinə götürə bilərlər. - Zəlimxan bəy, son günlər Milli Şuranın yaradılması məsələsi də gündəmə gəlib və bu istiqamətdə danışıqlar aparılır. Amma KXCP bu birlikdə əksəriyyətin iştirak etmədiyini əsas gətirərək orda təmsil olunmaq istəmir. Sizcə, partiyanız haqlı mövqedədir? - Artıq bir qütb özü üçün prioritetlər müəyyənləşdirir və hesab edir ki, komandanı belə qurmalıdır. Mənə elə gəlir ki, bu ideyaya normal yanaşmaq lazımdır. Əgər ondan daha yaxşısını qura bilmirsənsə, ya daha yaxşısını ortaya qoymaq lazımdır, ya da onun yaxşı tərəflərindən danışılmalıdır. Mahiyyətcə çoxçeşidli qüvvələrin əməkdaşlığına və siyasi bloklaşmaya hesablanan bir addımdırsa, onu müsbət qiymətləndirmək lazımdır. Mənə elə gəlir ki, hansısa təşəbbüsə qarşı çıxmaqdansa, uğurlar arzulamaq daha doğrudur. Çox təəssüf ki, son dövrlər uğura sevinmək əvəzinə, uğursuzluq axtarırlar. - Sizcə, bu münasibətlər fonunda qarşıdakı dövrdə hansısa müsbət dəyişiklik gözləmək olarmı? - Azərbaycan bu cür yaşamaya layiq deyil. Azərbaycan insanını bu cür istismar eləmək olmaz. Ölkənin mənəvi dəyərlərini, elmini, təhsilini, mədəniyyətini bu şəkildə dağıtmaq yolverilməzdir. Bu gün biz korrupsioner bir dövlət kimi tanınırıq. Hətta bunu millətimizin adına yazırlar ki, guya Azərbaycan xalqının xarakteri belədir. Ona görə də hesab edirəm ki, hakimiyyət və onun başında olan prezident İlham Əliyev cənabları baş verənləri çox ciddi təhlil edərək millətimizin, dövlətimizin maraqlarına uyğun olaraq, daha radikal addım atmalıdır. Hakimiyyət üzərinə düşən vəzifəni dərk eləməlidir. Azərbaycanın milli maraqları təhdid altındadır, sanki siyasi hakimiyyət bunları görmür. Müxalifət öz mübarizəsini aparır, amma sərbəst toplaşmaq azadlığı yoxdur, telekanallar üzünə qapalıdır, dövrü mətbuatın böyük hissəsi siyasiləşib, bir qütbün ruporuna çevrilib. Belə olan halda müxalifətin mübarizə imkanları məhdud olacaq. Bu zaman isə mübarizə qaydasız döyüşün qaydalarından da qaydasız olacaq. Bu da milli maraqlarımızın təhdidinə, yad qüvvələrin Azərbaycana ayaq açmasına şərait yarada bilər. - Bəs, bu qarışıqlıq şəraitində payızda keçiriləcək seçkilərdən nə gözləyirsiniz? - Əgər Azərbaycanda qaydasız döyüş qaydaları ilə seçki keçirəcəklərsə, bu, seçki yox, anarxik bir proses olacaq. Çünki belə olanda quldur gəlib hakimiyyət olur, zor işlənilir, qanun olmur. İndiki vəziyyət davam edəcəksə, qarşıdurmalar olar, legitimlik şübhə altına düşər, ölkə üçün əlavə gərginliklər yarana bilər. Hətta yuxarıda dediyim təhdidlərin reallaşmaq imkanları yaranar. Yəni, vəziyyət dəyişməsə, yaxşı nəsə olmayacaq. Amma regionda baş verənlər, ərəb ölkələrindəki hadisələr göstərdi ki, artıq bu günə kimi avtoritar rejimlərin oynadığı qaydaları davam etdirmək mümkünsüzdür. Ona görə də Azərbaycanda da dəyişiklik labüddür. Bunun üçünsə hər kəs öz məsuliyyətini dərk edib dövlət üçün, millət üçün nə xeyirlidirsə, onu eləməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA