30-04-2013 [10:00]
Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə baglı açılan cinayət işində yeni faktlar ortaya cıxıb. ?Ergenekon? əməliyyatında adı gizli şahid kimi keçən şəxsin məhkəməyə göndərdiyi ifadə cinayət işinə əlavə edilib. Şahid ifadəsində iddia olunur ki, Turqut Özal həyat yoldaşı Səmra Özal tərəfindən zəhərlənib.
Qeyd edilir ki, müəyyən qüvvələrin şantajına məruz qalan S. Özal həyat yoldaşını zəhərləməyə məcbur edilib. Xatirladaq ki, bir neçə müddət əvvəl S. Özal istintaqa verdiyi ifadədə sui-qəsd olayı və mərhumun son gecəsi ilə baglı açıqlamalar verib. O deyib ki, 15 il əvvəl naməlum bir şəxs tərəfindən ona verilən məktubda mərhum prezidentin qatilinin adı yazılıb: ?Özalı öldürüblər. Qatil Azərbaycandadır. Adı da Həsən Əlioğludur?. Siyasi ekspertlər isə türk dünyasının görkəmli şəxsiyyətlərindən olan T. Özalın istintaqında qəbrinin açılmasını və zəhərlənmə faktı ilə bağlı ortaya atılan müxtəlif versiyaları mərhum liderin ruhuna syqısızlıq kimi dəyərləndirirlər.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış kriminalist-təhqiqatçı İlqar Altay sözügüdən məsələnin xeyli vaxt keçdikdən sonra gündəmə gətirilməsinin səbəblərini açıqlayıb: ?Turqut Özal Türkiyənin görkəmli simalarındandır. O, hakimiyyəti dövründə demokratik cəmiyyətə və bütün türk dünyasına himayədarlıq edən, o cümlədən də Azərbaycanı sevən bir şəxs olub. Amma sonra hər şey dəyişdi. Ondan sonrakı hakimiyyətlər T. Özaldan xeyli fərqli siyasət yeritdilər. Türkiyədəki hazırki ictimai-siyasi mühit özalın ölümünün araşdırılması istiqamətində müəyyən tədbirlər görülməsinə xüsusi şərait yaradır. Hiss olunur ki, indiki hökumət bunda xeyli maraqlıdır. Düşünürəm ki, müəyyən dövr keçdikdən sonra ?Özal məsələsi?nin gündəmə gətirilməsi onun hakimiyyəti dövrünə və idarəçiliyinə kölgə salmaq məqsədi daşıyır. Ölümü ilə bağlı gündə bir versiyanın ortaya atılması onun ruhunun incidilməsindən başqa bir şey deyil. Eyni zamanda bu istiqamətdə bütün amillər mərhum prezidentin həyatı, yaxın ətrafı və onun dəyərli ailə üzvləri barədə də müəyyən şübhələr yaranmasına xidmət edir. Görürsüz, axır söhbət gəlib ailəsinə kimi çıxdı... Belə getsə, bir az vaxtdan sonra deyəcəklər ki, mərhumun oğlu da atasının ölümündə iştirak edib. Amma özünüz düşünün, burda nə məqsəd ola bilərdi? Ailəsi özlərinin ən dəyərli varlıqlarını, görkəmli bir ölkə başçısını niyə itirməli idi? Qazancları nə olacaqmış? Axı prezidentin varlığı ailəsi üçün yoxluğundan daha önəmlidir. Ona görə də hesab edirəm ki, mərhum prezidentin ətrafında aparılan bu məqsədli söz-söhbətlər Özal hakimiyyətinə ləkə gətirmək məqsədi daşıyır?.
Tədqiqatçı Özalın zəhərlənərək ölməsi ehtimalını qəbul etmir: ?Bu sahədə biz də müəyyən müşahidələr aparmışıq. Özalın ürək çatışmazlığı xəstəliyi vardı. Xəstəlik lap əvvəldən, onun gənclik illərindən özünü göstərirdi. Bu, bəzi araşdırmalardan da məlumdur. Hakimiyyəti dövründə də xeyli yaşlaşmışdı və gərgin iş fəaliyyəti var idi. Indi, ürək tutmasından 40 yaşında adamlar vəfat edir. İnsanın gizli keçirtdiyi infarktlar olur ki, kənardan hiss olunmur. Təbii ki, başqa xəstəliklərdən dolayı da ola bilərdi bu latent nəticə. Amma Türkiyə kimi böyük, inkişaflı bir dövlətin xüsusi xidmət orqanları tərəfindən hər zaman nəzarət altında olan prezidenti kimlərinsə zəhərləməsi məntiqli görünmür. Ona gərə də hesab edirəm ki, onun ölümünün səbəbi zəhərlənmə yox, xəstəlikdir. Bunu prezidenti tibbi nəzarətdə saxlayan həkimlər təsdiqləməlidir. Mərhumun qəbrini də açdılar. Zəhərlənmə faktı olsaydı, indiki müasir texnologiyanin hesabına bunu asanlıqla və dəqiqliyi ilə ortaya çıxarmaq olardı. Yəni prezidentin həyatı da, ölümü də ciddi nəzarət və müşahidə altında olur?.
Özalın öıümünün və zəhərlənməsinin Azərbaycanla əlaqələndirilməsinə toxunan İ. Altayın fikrincə, müəyyən dairələr dövlətimizin türk dünyasındaki nüfuzuna xələl gətirmək istəyir: ?İndiki Türkiyə hökuməti ərəb dövlətləri içərisində, yəni Yaxın Şərqdə liderlik etmək iddiasındadır. Amma mərhum prezident Özalın siyasi xətti səmimi olaraq türk dünyasında aparıcılıq idi. O, bütün türk dünyasını birləşdirmək istəyirdi. O cümlədən Azərbaycana qarşı çox səmimi və mehriban münasibəti vardı. Bu niyyətlə də Azərbaycana gəlmişdi. Indiki türk hökuməti kimi bizə qardaş deyib, öz bildiyini etmirdi. Mərhum prezidentin bütün türk dünyasını, Orta Asiyanı və Azərbaycanı bir araya gətirmək sahəsində görmüş olduğu işlər Türkiyə ictimai-siyasi mühitinin bir sıra imkanlı dairələrində qısqanclıq yaradır. Onlar bununla həm Azərbaycan-Türkiyə münasibətlərinə zərər gətirməyə, həm də ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa calışırlar. Bir müddət əvvəl hətta T. Özalın ölümü ərəfəsində Azərbaycana səfəri zamanı zəhərləndiyi baraədə də söhbətlər ortaya atılmışdı. Necə ola bilər ki, Azərbaycanı öz ölkıəsi qədər istəyən görkəmli türk lideri bir azərbaycanlı tərəfindən və yaxud Azərbaycana səfər zamanı öldürülsün? Belə düşüncələr coxmilyonlu türk insaninda, türk dünyasında Azərbaycana qarşı haqsız yerə mənfi qənaət yarada bilər. Fərqi yoxdur, bu Elcibəy hakimiyyəti və ya ondan sonraki hakimiyyətlərin dövrünə aid olsun. Sıravi insanlar, dünya ictimaiyyəti o saat hansısa hakimiyyəti yox, Azərbaycanı düşünür və bu ölkə barədə fikir yaranır?.
Tədqiqatçı onu da qeyd etdi ki, T. Özalın ölümünün Azərbaycanla bağlanmasını nəzərə alaraq, Türkiyəyə bu yaxınlarda edəcəyi səfəri zamanı bu məsələ ilə də məşğul olub, imkan qədər müstəqil araşdırma aparacaq: ?Elə bu günlərdə Türkiyə səfirliyinə müraciət edəcəm. Çünki bu söz-söhbətlər Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vura biləcək amildir. Görək, mənə Türkiyə-İsrail arasındakı ?Mavi Mərmərə? konfliktini araşdırmaq üçün şərait yaratmış Türkiyə tərəfi bu dəfə bunu edəcəkmi? Orada fürsətdən istifadə edib Ankarada, Gülhanə hospitalında olub, mümkün qədər mərhum prezident Əbülfəz Elçibəyin də zəhərlənmə versiyasına aydınlıq gətirməyə çalışacağam. Çünki, əslində bu ittiham özü də məntiq və inam doğurmur ?.