01-03-2013 [03:48]
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin yaydığı yeni videoda nələrdən danışıldığı kifayət qədər maraqli olduğundan xulasəsini dərc edirik:
[b]Bol söyüşlü, arqo ifadələrlə zəngin video...[/b]
Sözügedən video 54 dəqiqədən ibarətdir və hadisələr yenə də ABU-nun sabiq rektoru Elşad Abdullayevin kabinetində cərəyan edir. Bu dəfə özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Səfər Kələntərov E.Abdullayevlə qardaşı M.Abdullayevlə bağlı danışır.
Videonun girişində S.Kələntərov and-aman edir ki, bu iş üçün bütün qüvvələrini səfərbər edib: ?Saat 9 tamamda Natiq adlı şəxsi Leninqraddan götürəcəkdilər. Ordan o ?zapiska"nı götürməlidir. Sizinlə bərabər qol-qola getməlisiniz ora. Qardaşınız Mahiri görməlisiniz. Ondan sonra pulu verməlisiniz".
Videoda E.Abdullayev və S.Kələntərovla yanaşı, sabiq rektorun qardaşı Eldəniz Abdullayev də iştirak edir. Söhbət daha çox sabiq rektorun qardaşını gətirməyə söz verən Şahin, Natiq, Sahib adlı şəxslərin pul sifarişlərini E.Abdullayevə çatdırmağa həsr olunub. Məlum olur ki, onlar daha öncə sabiq rektordan 20 min dollar alsalar da, indi daha 3 min dollar istəyirlər. Və bu zaman əsəblər gərilir, ortaya yeni detallar çıxır.
Oxucuların nəzərinə çatdıraq ki, budəfəki video daha öncəkilərdən söyüşlərin, arqo ifadələrin çoxluğu ilə fərqlənir. E.Abdullayev onu aldatmağa cəhd edən şəxslərin ünvanına etikadan kənar ifadələr işlədir, vasitəçiyə də özünün kim olması, qardaşları, ailəsinin nüfuzu barədə məlumat verir.
[b]?Qardaşımı gətirməyəssənsə, cəzalanassan?[/b]
Videonun 15-ci dəqiqəsindən sonra E.Abdullayev bildirir ki, Şahin, Natiq, Sahibin (bu şəxslər ona qardaşını çatdıracağına söz verənlərdir-S.T.) ona borcu var. Videodakı danışıqlardan görünür ki, çəkiliş baş verən vaxt M.Abdullayev artıq 10 ay 10 gün idi ki, itkin düşübmüş.
S.Kələntərov isə sabiq rektora israrla deyir ki, M.Abdullayev artıq üzə çıxıb: ?Şahin Natiqə dedi ki, Leninqrada qayıt. Orda ?spiska" (siyahı-Ş.T.) var. Ordan götürüb qayıtmalıdır Bakıya. Zəng eləməlidir. Onu da bura göndərir ki, sizinlə danışsın".
E.Abdullayev budəfəki videoda əvvəlkilərdən çox daha kəskin və cəsarətli görünür. S.Kələntərova deyir ki, ?siz 3 kişi gəlib danışdınız mənlə. İndi o işi həll edin?.
Ardınca isə sabiq rektor özü və ailəsi barədə həmsöhbətinə detallı bilgi verib, onunla zarafatın təhlükəli olmasına işarə vurur. Deyir, bu günə qədər çox adama pul, çörək veriblər: ?Kişi kişiyə pul verər, çörək verər də. Gəldiz, şərtinizi dediniz, qəbul elədik. Mahir üçün hər şeyə hazırıq. Onlara verilən pulla (daha öncə verilən 20 min dollardan söhbət gedir, videonun əvvəlində buna toxunulub-S.T.) Amerikaya gedib-gəlmək olar. Get işi gör də. Görməyəssənsə, cəzalanassan. 1 milyona qarant duran kişi onları itirər bir dəqiqənin içində. Özü kofe içər, səni itirdər. (M.Abdullayevi gətirəcəyinə söz verən, amma ondan daha çox pul istəyən şəxsləri S.Kələntərov vasitəsilə hədələyir). Bizim hər qardaşın öz adamları var, hərə öz səviyyəsində iş aparır. Amma məqsəd birdir - qardaşımın sağ-salamat qayıtmasıdır. Necə olur ki, mən gedib Leninqradda məhkəmə uduram, amma adam gətizdirə bilmirəm? Leninqradın meri Putinin adından mənim döşümə medal taxır?.
[b]?Vahid Axundov mənim tələbəm olub?[/b]
E.Abdullayev daha sonra S.Kələntərova kim olduğunu sübut etmək üçün jurnallar, kitablar təqdim edir. Ardınca isə bir hekayə danışır: ?93-cü ildə ermənilər mənim böyük qardaşımın oğlunu aparmışdılar. Getdim, Moskvadan götürüb gəldim. 3 gün də gec getsəydim, güllələyəcəkdilər. 4 günə gətirdilər. Kişi söhbətidir. Sən onlara de ki, iş gecikdikcə bunların ziyanınadır?.
Sabiq rektor söhbət zamanı S.Kələntərova deyir ki, prezidentin mühafizə xidmətinin rəhbəri Vahid Axundov onun tələbəsi olub: ?Ona dərs demişəm. Düzdü, dərsimdə az iştirak edib, deyib prezidenti qoruyuram. Onun elmi rəhbəri olmuşam. Hüquq fakültəsində. Onda kapitan idi. Sonra mayor idi, podpolkovnik idi. Onun diplom işini biz yazmışıq?.
[b]Vasitəçi and içir: ?Anamın canına, 2 balamın ölmüşünə...?[/b]
Müzakirə zamanı E.Abdullayev Şahin adlı şəxslə görüşəndən 5 dəqiqə sonra onun yenidən yanına gəldiyini və əlavə pul istədiyini deyib. S.Kələntərov isə həmin adamlara verilən 20 min dollardan xəbərsiz olduğunu deyir və 2 balasının, anasının canına and içir.
E.Abdullayev videonun növbəti hissəsində isə söhbətdə iştirak edən qardaşı E.Abdullayev barədə müsahibinə məlumat verir. Onun Qarabağda döyüşməsi, Heydər Əliyevin ona avtomat bağışlaması ilə bağlı danışır. E.Abdullayev isə bu yerdə hədələyir ki, əgər onlara qarşı bu məsələdə aldatmaya yol verilsə, həmin adamları ağzından güllələyə bilər.
S.Kələntərov isə verilən pullardan xəbəri olmadığını bir daha vurğulayaraq, özünün ayda 100 dollarlıq kirayə evdə yaşadığını deyir: ?Anamın canına, iki balamın ölmüşünə belədir?.
E.Abdullayev isə bu yerdə israr edir ki, Sahib və Natiq adlı şəxslərə bu iş üçün 20 min dollar verib: ?Qardaşımın videosu gətirilsə, 3 min dollar da verəcəm?.
Bu zaman otağa söhbət iştirakçılarının ?deputat? adlandırdığı bir nəfər girir. Məlum olur ki, o da qəbul imtahanında çox aşağı bal toplamış qardaşı oğlunu ABU-ya düzəltmək istəyir. Bu yerdə tərəflər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə barədə müzakirələr gedir. Həmin ərəfədə - 2004-cü ilin ortalarında TQDK ətrafında gedən qalmaqallar müzakirə edilir. E.Abdullayev danışıq zamanı onu Kərim müəllim adlandırır, amma onun hansı deputat olduğunu dəqiqləşdirə bilmədik.
[b]?Sovet hökuməti məni iynənin gözündən keçirib?[/b]
Qonağın gedişindən sonra Abdullayev qardaşları S.Kələntərova yenidən əzələ nümayişi edirlər. E.Abdullayev özünün silahlı adam olduğunu və bu günə qədər ona 22 silah bağışlandığını deyir. Sabiq rektor bu silahların rəsmi qeydiyyatdan keçmiş silahlar olduğunu da vurğulayır:
?Ayağımın altında, təpədən-dırnağa qədər silahlanmışam. Mənə sovet hökuməti hər şeyi öyrədib, məni iynədən keçirib. Biz gedib İstanbulda məhkəmə udmuşuq. Putin mənə medal verib. Sən bizi nə hesab edirsən??
Sabiq rektor ondan pul alan şəxslərlə bağlı əlində ciddi dosyelər olduğunu deyir. Beləcə, S.Kələntərov Abdullayev qardaşlarına yenidən o şəxslərlə görüşə gedəcəyini və 1.5-2 saat sonra yenidən onlarla görüşəcəyini bildirir. Video onların sağollaşması ilə bitir.
[b]Səfər kimdir, Səftər kimdir?[/b]
Son iki gündə mediada S.Kələntərovun kimliyi ilə bağlı xeyli müzakirələr aparılıb. Əldə etdiyimiz məlumata görə, S.Kələntərov Xüsusi Dövlət Mühafizə Xidmətinin ?Betta? dəstəsinin zabiti olub. Onu yaxından tanıyan bir şəxsin verdiyi məlumata görə, S.Kələntərov əslən Naxçıvandandır: ?Xidmət etdiyi illərdə onun xeyli dələduzluq əməlləri olub, amma vəzifədə olduğu üçün bunların altından çıxa bilib. Ancaq 2010-cu ildə yekə bir ?ÇP"yə yol verdi, bundan sonra xidmətdən xaric edildi. Bu ?ÇP?nin Elşad Abdullayevlə bağlı məsələyə heç bir aidiyyəti yoxdur, tamamilə başqa bir məsələdir. Onun xarakteri videoda göründüyü kimidir: yalançı, öz xeyrinə olacaq iş üçün müqəddəslərə belə and içən biri olub".
Mənbə qeyd etdi ki, Səfər Kələntərovun qardaşı Saleh Kələntərov Milli Orduda yüksək vəzifə daşıyır: ?Saleh Kələntərov uzun illər hərbi hissə komandiri işləyib, son olaraq isə Müdafiə Nazirliyində məsul vəzifə daşıyır?.
Qaynaq bir məqama da aydınlıq gətirdi: ?Bəzi mətbuat orqanlarında Səfər Səftər kimi təqdim olunub. Son yayılan videodakı adam Səfər Kələntərovdur. İlkin məlumatlarda qeyd edilirdi ki, Elşad Abdullayev Səftər adlı bir xüsusi mühafizəçinin videosunu yayacaq. Xüsusi Dövlət Mühafizə Xidmətində gerçəkdən Səftər adlı bir şəxs də var, orada hazırda da çalışır. O, yüksək vəzifə tutur. Məsələ ondadır ki, Səftərin də adı Elşad Abdullayevlə bağlı məsələdə hallanıb, deyilənə görə, sabiq rektorda onun da videosu var. Amma onun videosu yayılmayıb. Lakin Elşad Abdullayevin daha öncə yaydığı videolardan birində - Rövşanə Əliyeva adlı qadınla söhbəti əks olunmuşdu, orada adı hallanan Ələsgər adlı şəxs Səftərlə yeznə-qayındırlar. Elşad Abdullayev bildirmişdi ki, Rövşanəni onun yanına Ələsgər aparıb gətirib. Ələsgər də Xüsusi Dövlət Mühafizə xidmətində çalışır. Səftərin də bu məsələlərdə adı keçir?.
Redaksiyamıza məlumat verən bir başqa mənbə isə deyir ki, S.Kələntərov nehrəmlilərin ağsaqqalı hesab olunur. Nehrəmliləri vəzifəyə gətirən də məhz bu şəxs olub. Onun videoda adıçəkilən Dövlət Gömrük Komitəsində çalışan Sahib adlı şəxslə qohumluq əlaqəsinin olduğu, daha dəqiq desək, onunla yeznə-qayın olduğu bildirilir.
musavat.com