Müdafiə Nazirliyindən böyük səhv

img

23-01-2013 [12:25]


Dünən səhərin gözü açılmamış Azərbaycan Ordusunda baş verən daha bir neqativ xəbər eşitdim ki, bu da qanımı qaraltdı. Ordunun zabiti Ülvi Namazlı əsgərləri alçaldaraq diş pastası ilə onların kürəyinə ?Gəncə? yazıb. Bu xəbər bütün əsgər valideynlərini necə sarsıtdısa, bir vətəndaş kimi məni də üzdü. Əlbəttə, son günlər orduda baş verən neqatif hallar hər kəsi üzür, pərişan edir. Müharibə aparan bir dövlətin ordusunda belə olmamalıdır. Amma nə faydası var bu sözlərin? Ordu rəhbərliyi bütün iyrənc faktdara haqq qazandırır. Hamı yanlış düşünür, bircə Müdafiə Nazirliyi haqlıdır. Gəlin, Müdafiə Nazirliyinin daha bir eyibini açıqlayaq. Görək, bu dəfə onlar özlərinə necə haqq qazandıracaqlar? Buyurun, Müdafiə Nazirliyinin cəbhədə atəşkəsin pozulmasına dair yaydığı press-relizin mətni ilə tanış olun. Bu cür mətnlər hər gün Müdafiə Nazirliyinin saytında da (http://www.mod.gov.az/) yerləşdirilir. ?Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan və İcevan rayonunun Berkaber kəndlərində, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı və Qaraqaşlı, Tərtər rayonunun Göyarx və Çaylı, Füzuli rayonunun Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub. Teymur Abdullayev mayor Mətbuat xidmətinin rəis müavini?. Yəqin ki, diqqətli oxucularımız dərhal başa düşdülər ki, Müdafiə Nazirliyinin yaydığı bu məlumatda qrammatik səhvlər var. Əsas məsələni hələ sonraya saxlayıb bir neçə kiçik məqama toxunaq. Məsələn, cənab Teymur Abdullayevin yaydığı məlumatın sonunda vergül işarəsi yoxdur və savadsız oxucu da T.Abdullayevin adını vəzifəsinə, vəzifəsini isə rütbəsinə qarışdırıb oxusa, heç nə başa düşməz. Yəni ki, Teymur Abdullayev öz adı-soyadından sonra rütbəsini yazmazdan öncə vergül işarəsi qoymalıdır. Bundan əlavə, T.Abdullayev hərbçidirsə, bilməlidir ki, rütbəni vəzifədən öndə yazmaq olmaz. Ya, mayor Teymur Abdallyev yazıb, sonra da vəzifəni göstərməlisən, ya da ad-soyaddan sonra vəzifə, sonra da rütbə yazılmalıdır. Məncə, təmsil olunduğun vəzifə daha önəmlidir, nəinki, rütbə. Teymur Abdullayev bunu nəzərdən qaçırmamalıdır. Bütün bunlar onun özünə aiddir. Əsas məsələ atəşkəsin pozulması ilə bağlı yayılan xəbərdə Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan ərazisi kimi göstərilməsidir. Yazır ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan və İcevan rayonunun Berkaber kəndlərində, Ağdam rayonunun işğal olunmuş filan kəndlərindən və sair ərazilərdən atəşkəsi pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən soruşuram, Ağdam və o biri adıçəkilən rayonlar hansı ölkəyə məxsusdur? Sizin yazdıqlarınızdan belə başa düşülür ki, ermənilər həm öz ərazilərindəki, həm də işğal olunmuş ərazilərdəki mövqelərdən atəşkəsi pozublar. Yəni, özləri özlərini atəşə tutublar, bir-birinə güllə atıblar. Birmənalı olaraq deyirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatlarda işğal olunmuş ərazilərin kimə məxsus olduğu qeyd olunmur, burada müəmmalı və bizim ziyanımıza olan məqamlar var. Nazirlik, Ermənistana məxsus əraziləri qeyd edir. Amma Azərbaycana aid əraziləri qeyd etmir. Daha doğrusu, qeyd edir, ərazinin adını yazır, amma hansı ölkəyə məxsus olduğunu qeyd etmir. Sadəcə olaraq, işğal olunmuş ərazilər yazır. Kim işğal edib, kimin torpağını işğal edib? Bu sullar cavabsız qalır. Yəqin, Mydafiə Nazirliyinin mətbuat xidmətinin həmin məlumata ?Azərbaycan Respublikasının? sözünü əlavə etməyə vaxtı və ya həvəsi yoxdur. Ya da, onlar düşünərlər ki, onsuz da camaat hər şeyi bilir Ağdamın kimin əlində olduğunu və kimə məxsusluğunu hər kəs özü müəyyən etməlidir? Ümumiyyətlə, atəşkəs Azərbaycan ərazisində pozulduğu halda, Azərbaycanın adı çəkilmir. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun mövqelərinin atəşə məruz qaldığı qeyd olunmur. Müdafiə Nazirliyinin yaydığı xəbəri oxuyarkən şəxsən mən belə başa düşdüm ki, ermənilər atəşkəsi pozub, amma gülləni hara atdıqları məlum deyil? Əlbəttə, məlum məsələdir ki, Müdafiə Nazirliyinin yaydığı bu məlumatlar əsasən xarici ölkələrə, beynəlxalq təşkilatlara hesablanıb ki, onlar ermənilərin dinc dayanmadığını görsünlər. Lakin Müdafiə Nazirliyinin son vaxtlar yaydığı məlumatları oxuyub bir şey başa düşmürəmsə, ilk baxışdan ermənilərin öz torpaqlarında atəşkəsi pozduğu anlamı ortaya çıxırsa, xarici nə başa düşəcək? Biz kimi aldadırıq? Nə üçün bu xəbərlərin mətni hazırlanarkən redaktə olunmur? Bir cümləlik xəbərdə o boyda səhvlərə yol verənlər cəzasız qala bilməz. Müdafiə Nazirliyinin yaydığı hər bir xəbərdə Azərbaycan ərazilərinin işğal olunduğu, Ermənistanın bu əraziləri işğalda saxladığı qeyd olunmalıdır. Bunun başqa yolu yoxdur. Necə ki, əvvəlki məlumatlarda qeyd olunurdu, hər şey normal idi, heç olmasa o məlumatlara hərdən nəzər salmaq lazımdır? Elməddin MURADLI

Digər xəbərlər
SON XƏBƏRLƏR