Qəzetlər üçün yeni ?qara siyahı? hazırlanır

img

31-10-2012 [03:49]


Azərbaycan Mətbuat Şurasının ?Reket jurnalistika?ya qarşı mübarizə Komissiyası iclasını keçirib. ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbiri açaraq rəhbərlik etdiyi komissiyanın üzvlərinə gündəliyə daxil olan məsələlər barədə məlumat verib: ?İclasımızda 14 mətbu nəşrlə bağlı materialların araşdırılması nəzərdə tutulub. Bunlardan beşi Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası, doqquzu Katibliyi tərəfindən bizə ünvanlanıb. Prosedur qaydalara müvafiq olaraq şikayətçi və cavabdeh tərəflər də müzakirələrə dəvət ediliblər?. MŞ-dan verilən məlumata görə, şikayətlər üzrə Komissiyadan daxil olan məsələlərə baxılıb. ?Obyektiv fikir? qəzeti ilə bağlı materialların müzakirəsində nəşrin təsisçisi və baş redaktoru Çingiz Qurbanovla yanaşı şikayətçi ? Bakı şəhərinin Cavadxan küçəsindəki stomotoloji kabinetin direktoru Yaşar Allahverdiyev də iştirak edib. İclasda məlumat verilib ki, ?Ədalət tribunası? qəzeti barədə Şikayətlər üzrə Komissiyanın 2 rəyi qəbul edilib. İclasda o da vurğulanıb ki, ?Ədalət tribunası?nın təsisçisi Araz Süleymanov adı MŞ-nin ?reket nəşr?lər üçün tərtib etdiyi ?qara siyahı?da olan ?Media Azərbaycan? və ?Ədalət carçısı? qəzetlərinin başçısı Lətif Süleymanovun oğludur. Onların arasında hədəf götürülən şəxslərin, təşkilatların nəzarət orqanlarının yoxlamalarına və təftişlərinə cəlb olunması sahəsində korporativ həmrəylik mövcuddur. Bütün bunlar ?Ədalət tribunası?nın da adının MŞ-nin ?reket nəşr?lər üçün ?qara siyahı?sına salınmasına əsaslar verir. Komissiya ?Təzə xəbər? qəzetinin də fəaliyyət istiqamətlərində sivil jurnalistika ilə bir araya sığmayan məqamların üstünlük təşkil etdiyi qənaətinə gəlib. Komissiya ?Seans? qəzeti haqqında da eyni ölçü götürülməsini məqsədəuyğun sayıb. Bildirilib ki, Xəyyam Salmanzadənin başçılıq etdiyi ?Əyalətin səsi? qəzetinin də adı bundan əvvəl həmin siyahıda yer alıb. O, Mətbuat Şurasının götürdüyü ölçüdən nəticə çıxarmaq əvəzinə özünəməxsus dəst-xətti burada da davam etdirməkdədir. ?Seans?da gedən materiallar əsasən Ağdam rayonuna aiddir. Həmin yazıların müəyyən qismində müxtəlif yaşlı, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunur, işgüzar nüfuzu aşağılanır. ?Əsrin kirpiləri? qəzetinin baş redaktoru Vüqar Ələkbərov iclasda komissiya üzvlərinin irad və tövsiyələri ilə razılaşıb. Mətbu materiallarında əsasən Qazax-Ağstafa bölgəsini hədəf götürən ?Həqiqətin güzgüsü? qəzetinin də (təsisçisi Qədiməli Babaoğlu, baş redaktoru Hənifə Qədimova) bu siyahıya daxil olması üçün təklifinə yekdilliklə səs verilib. İclasda ?Azərbaycan ideyası? (təsisçisi və baş redaktoru Müştəba Əliyev) qəzeti barəsində də eyni ölçü götürülüb. Nəzərə alınıb ki, M.Əliyev adı ?qara siyahı?da olan ?Azərbaycan və iqtisadi inkişaf? qəzetindəki xoşagəlməz fəaliyyətini bura daşıyıb. Komissiya ?Korrupsiya və qanun? qəzeti haqqında müzakirələrdə nəşrin baş redaktoru Xuraman Quliyevanın Ağdam rayonundan gələn şikayətlə bağlı tutduğu mövqeni və səmimi etirafı nəzərə alıb. Qəzetə Mətbuat Şurasının xəbərdalığının edilməsi tövsiyə olunub. Yasamal Rayon İcra Hakimiyyətinin və Qarabağ müharibəsi əlili, kiçik sahibkar Ədalət İmanovun ?Yeni istiqlal? qəzetinin təsisçisi və baş redaktoru Tural Əkbərovla bağlı müraciətlərin müzakirəsi yekunda belə rəyə gəlməyə əsas verib ki, məsələnin kökündə hüquqi müstəvidə araşdırılmalı məqamlar mövcuddur. Belə ki, bu nəşr faktiki olaraq fəaliyyət göstərməsə də, T.Əkbərov həmin qəzetin adından müxtəlif məqsədlərini həyata keçirmək üçün istifadə edir. Buna görə də Mətbuat Şurasına daxil olan materialların araşdırılmaq üçün müvafiq orqanlara göndərilməsi razılığına gəlinib. Komissiya müzakirəsi tövsiyə olunan digər mətbu nəşrlərlə bağlı araşdırmaların davam etdirilməsini məqsədəuyğun sayıb. Qeyd edək ki, komissiyanın rəyləri əsasında yekun qərarlar Mətbuat Şurasının İdarə Heyəti tərəfindən qəbul ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR