Rəis müavininin otağında polisi bıçaqladılar

img

31-10-2012 [11:27]


Masallı rayon polis şöbəsinin əməkdaşı Zamir Kazımov bıçaqlanıb. Olay oktyabrın 26-da baş verib. ?Cənub xəbərləri? qəzetinin yazdığına görə, hadisənin baş verməsinə səbəb bir gün öncəki ?razborka? olub. Qəzet yazır ki, Masallı rayon Polis Şöbəsinin Ərkivan qəsəbəsi üzrə sahə müvəkkilinin köməkçisi Zamir Kazımov idarə etdiyi VAZ-2107 markalı maşınla Ərkivanın yuxarıbaş adlanan hissəsində, Bədirli yolunda həmkəndlisi Seymur Əliyev idarə etdiyi ?Land Cruiser? markalı avtomobillə qarşılaşıb: ?Verilən məlumata görə, Seymur pəncərədən Zamirə xoşagəlməz ifadələr işlədib. Zamir Kazımov sonra maşınla geri qayıdaraq ?Bu sözləri mənə deyirsən?" soruşub. Beləcə, mübahisə başlanıb. Sonra razılaşıblar ki, bura kəndin içidir, gedək kənarda, kəndin yuxarı hissəsində, Allahyarlı yolunda mübahisəmizi davam etdirək. Həmin vaxt Seymurun maşınında olan, kənddə çoxlarının ?Qaqaş? adlandırdığı Saleh Xıdırov da onunla mübahisə məkanında olub. Məlumat üçün bildirək ki, Saleh Xıdırov Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Baba Xıdırovun qardaşı oğludur. Onun atası isə tanınmış idmançı Alim Xıdırovdur. Maşını idarə edən Seymur Əliyev isə Ərkivan-Masallı yolunun üstündə yerləşən Maye Qaz Doldurma Məntəqəsinin müdiri Hacı Ibrahim Əliyevin oğludur. Seymur Əliyevin özünün ?Istisu? ərazisindəki ?Udman? istirahət mərkəzini işlətdiyi bildirilir. Saleh isə Masallı şəhər mərkəzində dükan işlədir. Allahyarlı yolundakı mübahisədən sonra onlar razılaşıblar ki, sabah yenidən bu söhbətə qayıtsınlar. Zamir bundan sonra polis şöbəsinə gələrək hadisəni bölmə rəisi, Salehin əmisi Baba Xıdırova məruzə edib. Lakin o buna əhəmiyyət verməyib. Daha sonra Zamir hadisəni polis rəisinin özünə çatdırıb. Rəis məsələni araşdırmağı müavini Əlifağa Kazımova tapşırıb. Həmin 2 gənc - Saleh və Seymur Zamir Kazımovla birgə rəis müavininin otağına dəvət olunub. Bu zaman həmin şəxslərin üstü axtarılmayıb. Rəis müavininin otağında mübahisə yenidən qızışıb və o həddə çatıb ki, Saleh bıçaq çıxararaq Zamirin qarın nahiyəsinə zərbə endirib. Hazırda Zamir Kazımovun yarasına tikiş qoyulub və o, evdə müalicə alır. Vəziyyəti normaldır. Onunla dalaşan şəxslər isə dərhal həbs olunub. Verilən məlumata görə, həmin şəxslər əvvəl qandallanaraq ciddi rejimdə saxlanılıb. Lakin bir neçə saatdan sonra zaminə buraxılıblar. Masallı Rayon Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır". Qəzetin yazdığına görə, bu iki şəxslə Zamir Kazımov arasında əvvəllər də mübahisə olub: ?Daha doğrusu, bu gənclərin narkotik istifadəçisi olduğu barədə söhbətlər dolaşır və Zamir də onlara qarşı əməliyyat keçirmək istəyib, ancaq bu əməliyyat uğurlu nəticələnməyib. Mənbənin bildirdiyi məlumata görə, mübahisə vaxtı Saleh Zamir Kazımova narkotik göstərərək ?bax, əlimdəki narkotikdir, bacarırsan, məni həbs elə" deyib".

Digər xəbərlər
SON XƏBƏRLƏR