ilham Rəhimov: "?Mənə qarzı kampaniya aparan qüvvələrin böyük hissəsi Bakıdadır?

img

19-10-2012 [01:32]


Əməkdar hüquqşünas, tanınmış iş adamı, professor İlham Rəhimov ?Yeni Müsavat?a geniş müsahibə verib. İ.Rəhimov dünyanın tanınmış KİV-lərindən olan ?Forbes? jurnalında onun haqqında dərc olunan məqalədəki razılaşmadığı, doğru olmayan bir sıra məqamlara aydınlıq gətirib, son vaxtlar bəzi media quruluşlarında barəsində səslənən ən müxtəlif iddialara cavab verib. O, həmçinin Rusiyada yaşayan bəzi oliqarxların Azərbaycan iqtidarının zərərli hesab etdiyi təşkilat yaratmaları məsələsindən, bu prosesdə iştirakçı olmamasından da söz açıb. Putinlə bugünlərdəki son görüşünün təfsilatlarını da açıqlayan İlham Rəhimov, habelə Gürcüstanda baş verən proseslərdən sonra onun ?Azərbaycanın İvanişvilisi? olacağı barədə iddialara dair mövqeyini də bəyan edib. İş adamı müxbirimizin ?zəngin azərbaycanlının bir günlük həyatı necə keçir? sualını da əhatəli şəkildə cavablandırıb. ?Yeni Müsavat?ın baş redaktoru Rauf Arifoğlunun və bəndənizin iştirakı ilə baş tutan müsahibənin birinci hissəsini təqdim edirik. - Son günlər Rusiyada yaşayan bəzi imkanlı azərbaycanlı iş adamlarının Azərbaycan hakimiyyətinə qarşı təhlükə yarada biləcəklərinə, hətta onların artıq iqtidara qarşı Rusiyanın əli ilə birləşmələrinə, yeni ittifaq yaratmalarına dair məlumatlar yer almaqdadır. Bu barədə Sizin fikirləriniz oxucular üçün maraqlı olardı. - Bu təşkilatın yaranması barədə mən bu gün (dünən-red.) ətraflı olaraq mətbuatdan oxudum. Çünki bu təşkilatın yaranması barədə tamamilə məlumatsız olmuşam... - Oradakı siyahıda adları olan şəxslər barədə nə deyə bilərsiniz? - Mətbuatda bir neçə siyahı verilib. Ümumilikdə, siyahılarda adları keçən şəxslərdən yalnız Söyün Sadıqovu şəxsən tanımıram. - Həmin adamları tanıyan şəxs kimi, onların Azərbaycan iqtidarına qarşı təşkilatlanması, bu layihədə iştirak ehtimalını inandırıcı sayırsınızmı? Əgər bu iddialar doğrudursa, Azərbaycan iqtidarı ilə normal münasibətləri olan Rusiya iqtidarı nədən bu addımı atsın? - Maraqlıdır ki, mətbuat bu təşkilatın yaranmasını Kremllə bağlayır. Azərbaycanda belə bir dəb düşüb ki, ölkəmizlə bağlı nəsə olan kimi, onu Rusiya ilə bağlayırlar. Bu yaxınlarda hər zaman orijinal fikirlər söyləməyə çalışan bir siyasətçi Ramil Səfərov məsələsini də mənim vasitəmlə Putinlə bağlamışdı... - Bu mənfi hadisə deyil ki, əslində... - Yox, mən bunu o baxımdan deyirəm ki, Azərbaycanda nə olursa, xüsusilə də mənfi istiqamətdə, onu aparıb Rusiyaya bağlamaq bir növ ənənə halını alıb. Putinin işi-gücü yoxdurmu? O, heç bilirdi ki, Ramil Səfərov adlı bir zabit var? V.Putin Rusiya kimi böyük bir dövlətin başçısıdır, o, daha qlobal məsələlərlə məşğuldur. - Yəni oliqarxlarımızın təşkilatlanması məsələsini də onunla bağlamaq doğru deyil? - Hesab edirəm ki, bu təşkilatın yaranmasını Kremllə, Rusiya hökuməti ilə bağlamaq qeyri-ciddi, məntiqsiz məsələdir. - Sizin məlumatlarınıza görə, Rusiya rəhbərliyi ilə Azərbaycan rəhbərliyinin, konkret prezidentlərin münasibətləri necədir? - Mənim bildiyim budur ki, münasibətlərdə heç bir dəyişiklik yoxdur, münasibətlər yaxşıdır, stabildir. - Siz Rusiyadakı diaspor təşkilatlarının, Azərbaycan lobbisinin işlərində iştirak edirsinizmi? - Əslində mənə təəccüblü gələn o oldu ki, məlum təşkilatla bağlı adları çəkilən şəxslər Ümumrusiya Azərbaycanlılar Konqresinin rəhbərliyində olan insanlardır. O cümlədən də mən özüm həmin konqresin rəhbərliyindəyəm. Amma yeni təşkilatın yaranmasından heç bir məlumatım olmayıb. - Artıq məsələyə dair Azərbaycan iqtidarının da mövqeyi var, onlar buna mənfi münasibət bəsləyiblər və bunu zərərli adlandırıblar... - Əlbəttə, Azərbaycan iqtidarının bu məsələyə dair mövqeyi olmalı idi. Çünki bundan öncə təşkil olunmuş qurum vardı. Yeni bir qurumun yaranması normal görünmürdü. Axı yeni qurumu yaradanlar konqresin rəhbərliyində olan şəxslərdir. Açığını deyim, yeni yaradılan təşkilatın məqsədi, məramı nədir, bunlar mənə bəlli deyil. - Çox maraqlı proseslər gedir. Gürcüstanda keçirilən seçkilərdən sonra bir çox təhlilçilər ?İvanişvili modeli? deyilən bir məsələ haqda danışmağa başlayıblar. Yeni yaradılan qurumu və bu prosesi də həmin məsələ ilə bağlayırlar və deyirlər ki, bu oliqarxların içərisindən kimsə ?Azərbaycanın İvanişvilisi? olacaq, ölkəmizdə dəyişikliklərin favoriti kimi önə çıxarılacaq... Bu iddiaları inandırıcı hesab etmək olarmı? - Bunu mümkün saymıram. Çünki yeni qurumu yaradan şəxslər bu və ya digər şəkildə Azərbaycan iqtidarına bağlı olan adamlardır. Abbas Abbasov hətta Azərbaycanda baş nazirin birinci müavini postunda işləmiş adamdır. Digər insanların da iqtidara müxtəlif bağlılıqları var. Yəni İvanişvilidən fərqli olaraq, onlar ölkə hakimiyyətinə bağlıdırlar. İvanişvili Fransada yaşayırdı, Gürcüstan xalqına bağlı idi, Saakaşvili ilə heç bir vaxt bağlılığı olmayıb. - İvanişvilinin Rusiya prezidenti ilə dostluğunun olması haqda da məlumatlar var idi. Siz onu tanıyırdınızmı? - Mən onu Rusiyada çalışmış bir biznesmen kimi tanıyırdım. Səhv etmirəmsə, İvanişvili 2005-ci ildə Rusiyadan getmişdi, Fransada yaşayırdı. Onun Rusiyada nə biznesi var idisə, hamısını satıb getmişdi. Onun hazırda Rusiyada heç bir biznesi yoxdur. - İlham müəllim, çox maraqlı bir tendensiya da müşahidə olunmaqdadır. Sosial şəbəkələrdə 2-3 gündür ki, ?Azərbaycanın İvanişvilisi?nin İlham Rəhimov olacağı iddiası yer alır. Siz bizə ötən müsahibənizdə demişdiniz ki, 60 yaşdan sonra insanlar vəzifəyə yox, pensiyaya gedir və bundan sonra heç bir vəzifə, siyasətə qoşulmaq iddianız yoxdur. - Mən bəzi siyasətçilər, bəzi insanlar kimi fikrimi deyib, sonra dəyişənlərdən deyiləm. Xüsusilə söhbət siyasətdən gedirsə. Mənim belə bir iddiam qətiyyən yoxdur. İkincisi, mən heç zaman gizli bir iş görmürəm, nə məqsədim, fikirlərim, planlarım varsa açıqca söyləyirəm, heç zaman gizli planlar həyata keçirmirəm. Çünki mənim nəzərimdə ən təhlükəli və pis iş nəyisə gizli etməkdir. Mən hər hansı bir iş görsəm, onu açıq, şəffaf şəkildə həyata keçirirəm. - Buna rəğmən sizin haqqınızda bu kimi iddiaların yer almasının haradan qaynaqlandığını düşünürsünüz? Sanki sizə qarşı bir kampaniya başlayıb... - Bunu ortaya atan, bu kampaniyanı aparan bəzi qüvvələr var. Bunun bir qolu Moskvadadır, böyük hissəsi Bakıdadır. Təxmini bilirəm ki, mənə qarşı kampaniyanı kimlər təşkil edir və onların məqsədləri nədir. Sadəcə, bunları ciddi qəbul etmirəm və baş qoşmaq istəmirəm. - Əgər siyasi iddianız yoxdursa, indiki bir vaxtda ?Azərbaycanın İvanişvilisi? deyib ?tərifləmək?, sizi məqsədli şəkildə hədəfə, zərbə mövqeyinə çıxarmaq cəhdi kimin planı ola bilər? Paralel olaraq da haqqınızda ?Forbes? jurnalında dərc olunmuş məqalədəki məqamların təhrif olunmuş, kontekstdən çıxarılmış şəkildə təqdim olunması, şəxsi həyatınızın gündəmə gətirilməsi və sair... Bütün bunlar üst-üstə düşən təsadüfdürmü? Bunları izləyirsinizmi və qiymətləndirməniz necədir? - Mən Bakıda da olsam, xaricdə də olsam yazılanların hamısından məlumatım var. Bunlar, qeyd etdiyim kimi, bəzi qüvvələrin apardığı kampaniyadır. Məqsədləri də mənə aydındır. - Professor, az öncə ?Forbes? jurnalı sizinlə bağlı geniş bir yazı dərc etdi. Sizi tanıyanların əksəriyyəti həmin yazılarda başqa İlham Rəhimovu gördülər... Həmin məqalədə yazılanlarda doğru olmayan, razılaşmadığınız məqamlar çoxdurmu? - ?Forbes? dünyaca tanınmış bir jurnaldır, çox dillərə tərcümə olunaraq yayılır. Əsasən də iş adamları ilə bağlı yazılar dərc edirlər. Bu jurnal bir neçə ay idi ki, məndən müsahibə götürməyə cəhdlər edirdi, bununla bağlı məni izləyirdi. Bakıdakı ofisimə də nümayəndələri gəlmişdi, hətta mənimlə görüşmək üçün doğulduğum Tovuz rayonuna da getmək istəyiblər. Moskvada da ofisimə gəliblər, tanışlarım vasitəsilə məni axtarıblar müsahibə almaq üçün. Mən onlara müsahibə vermək istəmədim... - Səbəb nə idi? Niyə onlara danışmaq istəmirdiniz? - Səbəb o idi ki, ?Forbes? jurnalında mənim tanıdığım bir neçə iş adamlarından aldıqları müsahibələrlə tanış olmuşdum. Bu jurnalın bir adəti var ki, müsahibə aldıqları adamların fikirlərini öz istədikləri kimi təqdim edirlər, amma elə görünür ki, bunu sən demisən. Buna görə də mən onlara müsahibə vermək istəmədim. Nəhayət, onlar dedilər ki, müsahibə vermirsinizsə, biz özümüz məlumatları yığıb çap edəcəyik. Mən də dedim, bu onların öz işləridir, nə cür istəyirlər etsinlər. Bunlar da elə ediblər, hətta ən xırda məqamlara qədər - Tovuzda anadan olmağımı, Quba ilə əlaqələrimi belə dərc ediblər. Amma bu yazıda məqsəd bundan ibarət olub ki, mənim bütün fəaliyyətimi gətirib Putinlə bağlamışdılar. - Hətta sizi Putinin pullarını idarə edən adam kimi təqdim etmişdilər. Bunların bir əsası varmı? Elşad MƏMMƏDLİ (ardı var)

Digər xəbərlər
SON XƏBƏRLƏR