07-10-2012 [04:11]
İyirmi ildir, erməni işğalı altında olan Qarabağı itirdiyimiz tarix ilbəil uzandıqca, bu əzəli torpaqlarımızla aramızda olan məsafə də sanki eyni sürətlə böyüyür. Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Qarabağ üzərində sahiblik haqqımızı tez-gec bərqərar edəcəyimizə yönəlik inamımızı itirməsək də, zaman bu nikbinliyimizdən asılı olmayaraq, əleyhimizə işləməklə, dayanmadan irəliləyir.
Zaman hərəkətdə olsa da, aradan keçən kifayət qədər böyük müddət ərzində Azərbaycanla Qarabağı vahid məkan halında yenidən birləşdirmək təəssüf ki, hələ də mümkün olmayıb. Bu birləşmənin nəyə görə baş tutmamasının obyektiv və subyektiv səbəblərini təkrar xatırlatmağa da ehtiyac yoxdur ? onsuz da, hamıya məlum olan həqiqətlər mövcud reallığı dəyişmək gücündə deyil. Lakin ortadakı gerçəklik ümidsizliyə qapılaraq, Qarabağ qədər böyük bir itki ilə barışmaq üçün heç bir halda əsas verə bilməz. Çünki nəinki bu məsələyə dair ən bədbin düşüncədə olan azərbaycanlılar, eyni zamanda, kənar qüvvələrin birbaşa dəstəyi və iştirakı ilə müvəqqəti uğur qazanmış ermənilərin çox nikbin kəsimi də, Qarabağın əvvəl-axır Azərbaycanın tərkibinə qaytarılacağını gözəl bilir. Hər halda, müasir dünyanın tələbləri, o cümlədən hər kəs üçün dəyişilməz olan tarixi qanunauyğunluqlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi qalmasını diqtə edir.
Erkən və orta əsrlər Azərbaycan dövlətçiliyinin mühüm bir parçası olmuş Qarabağ əzəli torpaqlarımızda təşəkkül tapmış tarixi dövlətlərimizin və xanədanların hər zaman böyük diqqət mərkəzində olub. Xüsusilə, Səfəvilər və qismən də Qacar imperiyaları dönəmində Qarabağın idarəçiliyinə, qorunmasına və inkişafına xüsusi önəm verilmiş, dövlətin ən nüfuzlu tayfa təmsilçiləri bu bölgəyə rəhbər təyin edilmişlər. Hətta Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin rəhbərliyinə gətirilmiş Ziyadoğlu sülaləsi təxminən 3 əsr müddətində imperiyanın bu strateji vilayətinə uğurla rəhbərlik edib. Lakin Səfəvilər İmperiyasının süqutundan sonra dövlətin ərazisində yaradılmış onlarla kiçik feodal dövlətdən biri olan Qarabağ Xanlığı tarixin çətin sınaqlarından çıxmaq gücündə olmadı. Yarım əsrə yaxın müddətdə mövcudluğunu qorumağı bacaran xanlıq regionda cərəyan edən mürəkkəb siyasi proseslər, xüsusilə də, Qarabağ hökmdarı İbrahim xanın uzaqgörməyən siyasəti, o cümlədən, Ağa Məhəmməd Şah Qacarın qətlə yetirilməsindən sonra hakimiyyətə gəlmiş Fətəli Şahın səbatsızlığı nəticəsində xanlıq Rusiya İmperiyası tərəfindən işğal olundu. Rus işğalından sonra imperiyanın cənub sərhədlərinin təhlükəsizliyi və yerli türk əhalisinin Osmanlı və Qacar imperiyalarına yaxınlaşmasının qarşısını almaq məqsədi güdən çar rejimi Qarabağda etnik düzəni qeyri-təbii yolla dəyişdirməyə qərar verdi. Bu siyasətin nəticəsi olaraq, özəlliklə Rsiya və Qacar imperiyaları arasında 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qarabağa minlərlə erməni ailəsi köçürüldü və kəskin diskriminasiyaya məruz qalan yerli əhalinin Rusiyaya qarşı müqavimət gücü xeyli zəiflədi. Bu fonda birinci Pyotrun vəsiyyətinə əməl edən Rusiyanın mərkəzi və bölgə hakimiyyətinin məqsədyönlü siyasəti ermənilərin Qarabağda ciddi say artımına və idarəetmədə mövqelərinin möhkəmlənməsinə təkan verdi. Bu siyasətin nəticəsində hərbi-siyasi baxımdan ciddi surətdə təşkilatlanmağa nail olan ermənilər tədricən baş qaldırmağa və Qarabağla bağlı iddialarını açıq şəkildə ortaya gətirməyə başladılar. Əlbəttə ki, bu məsələdə onları belə cəsarətləndirən çar Rusiyasının təhrikedici və stimullaşdırıcı siyasəti idi. Rusiya imperator sarayından və Qafqaz canişinliyindın hərtərəfli dəstək alan ermənilər artıq XX əsrin ilk illərindən etibarən, Bakıda və xüsusilə də Qarabağda türk əhalisinə qarşı açıq silahlı hücumlara başladılar. 1905-ci ildə yenə də Bakıda, Qarabağda və Azərbaycanın digər bölgələrində ermənilərin planlı hücumları ilə bu günə qədər davam edən qanlı düşmənçiliyin əsası qoyuldu. 1905-ci ildə ermənilərin qəfil hücumları qarşısına hazırlıqsız çıxan soydaşlarımız vəziyyətin əlverişsiz olmasına baxmayaraq, qısa müddət ərzində toparlanmağı bacardılar və Rusiyadan hərtərəfli dəstək alan ermənilərin cavabını layiqincə verdilər. Tərəflər arasında müvəqqəti anlaşmaya rəğmən, soydaşlarımız da, ermənilər də yaxşı bilirdilər ki, həlledici savaş hələ irəlidədir.
1914-cü ildə başlayan Birinci Dünya Müharibəsinin 3-cü ilində - 1917-ci il ilin fevralında Rusiyada baş verən burjua inqilabı imperiyanın əsir millətlərinin yenidən öz müstəqilliklərini bərpa etmələrinə yol açdı. Yaranmış tarixi şəraiti düzgün qiymətləndirən Azərbaycanın milli elitası 1918-ci il mayın 28-də İslam aləmində ilk demokratik respublikanın əsasını qoyaraq, Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulduğunu büyün dünyaya bəyan etdilər. Qısa müddətdən sonra Gəncəyə, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik qüvvələrindən azad etməsindən sonra isə yeni paytaxta köçən AXC hökuməti əsas diqqətini elan olunmuş sərhədlər daxilində ölkənin bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasına yönəltdi. Təbii ki, bu fəaliyyətin əsasını ermənilərin son on illərdə üstünlük əldə etməyə çalışdıqları və 1918-ci ilin mayında Antanta dövlətlərinin təkidi ilə əzəli Azərbaycan torpaqlarında süni surətdə yaradılmış Ermənistana birləşdirmək istədikləri Qarabağda AXC-nin suverenliyinin bərpa olunması təşkil edirdi. Bu məqsədlə AXC hökumətinin qərarı ilə 1919-cu il yanvarın 15-də Qarabağ general-qubernatorluğu təsis edildi və görkəmli dövlət xadimi Xosrov bəy Sultanov bölgəyə rəhbər təyin olundu. AXC-nin Qarabağla bağlı qətiyyətli siyasətindən təşvişə düşən yerli ermənilərinin ?milli qurultay? adlanan süni qurumu 19 fevral 1918-ci il və 23 aprel 1919-cu il tarixli bölgəni ?Ermənistanın ayrılmaz hissəsi? olması haqqında qərar qəbul etdi. Bundan sonra həmin ilin avqust ayına kimi bölgədəki erməni hərbi birləşmələri bir neçə dəfə hücuma keçməyə cəhd göstərsələr də, uğursuzluğa düçar olaraq geri otuzdurdular. Bundan sonra Böyük Britaniyanın vasitısçiliyi ilə 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətləri arasında hərbi qarşıdurmaya son qoyulmasına dair müqavilə imzalandı. Həmin müaviləyə əsasən, Ermənistan öz hərbi qüvvələrini Zəngəzurdan çıxarmalı olsa da, İrəvan bu razılaşmanı yerinə yetirmədi. Bundan başqa, erməniləri dəstəkləyən beynəlxalq çevrələrin təsiri üzündən qeyd olunan müqavilə Azərbaycanın Qarabağda hərbi-siyasi mövcudluğunu kifayət qədər məhdudlaşdırırdı. Bununla belə, Ermənistanın sözügedən müqavilənin şərtlərinə əməl etməyəcəyinə əmin olan AXC hökuməti 1920-ci ilin əvvəllərindən başlayaraq, Qarabağ üzərində nəzarətin bərpası istiqamətində qətiyyətlə hərəkətə keçdi. Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyasına keçməkdən imtina haqqında nvbəti qərarından sonra X.Sultanovun hazırladığı tədbirlər planının icrasına başlanıldı. Vəziyyətin ciddiləşdiyini görən ermənilər 1920-ci il martın son ongünlüyündə hərbi qiyam qaldırsalar da, bölgəyə yeridilmiş Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən darmadağın edildilər və Qarabağda AXC-nin suverenliyi tam bərqərar edildi.
Çox təəssüf ki, bundan cəmi bir neçə həftə sonra - həmin il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyasının işğalına məruz qalması bu tarixi zəfərin nəticələrini maddiləşdirməyə imkan vermədi. Sovet hakimiyyəti ermənilərin Qarabağda yenidən güclənmələri üçün əlindən gələni əsirgəmədi. Bu isə tarixin yenidən təkrarlanmasına ? ermənilərin yenə də öz himayədarlarının təhriki ilə Azərbaycan ərazilərinin işğalı niyyətinə düşərək, regionda bu gün davam edən qanlı müharibəyə rəvac vermələrinə səbəb oldu.
Amma çoxsaylı nümunələrə əsaslanıb əminliklə deyə bilərik ki, tarix heç də sadəcə, bir istiqamətdə təkrarlanmır. Bu isə o deməkdir ki, AXC-nin varisi olan Azərbaycan Respublikasının ölkənin ərazi bütövlyünü bərpa edəcəyi və Qarabağ üzərində bu dəfə birdəfəlik nəzarəti təmin edəcəyi gün çox uzaqda deyil.
[b]Seymur VERDİZADƏ
(Məqalə Xocavənd Rayon İcra Hakimiyyətinin elan etdiyi ?Yaddan çıxmaz Qarabağ? müsabiqəsinə təqdim olunur)[/b]