21-09-2012 [01:56]
Professor, əməkdar hüquqşünas, iş adamı İlham Rəhimov ?Yeni Müsavat?a müsahibə verib. İlham bəylə öz ofisində görüşüb, saat yarım ərzində Ramil Səfərovun azadlığa buraxılması, ölkədəki, regiondakı siyasi durum, özünün şəxsi həyatı haqqında dolaşan şayiələr və sair məsələlərlə bağlı geniş söhbət etdik. Müsahibənin ikinci hissəsini təqdim edirik.
(əvvəli ötən sayımızda)
- Professor, hazırda millət və dövlət adına heç də başucalığı gətirməyən bir problemimiz var; xaricdə, xüsusilə Rusiyanın şəhərlərindəki Azərbaycan diasporunun liderlərinə, aktivlərinə qarşı sui-qəsdlər həyata keçirilir, əksər hallarda isə bu cinayətlərin arxasından elə soydaşlarımız çıxır. Bu problem haradan qaynaqlanır? Qarşısını almaq mümkün deyilmi? Siz Rusiya çapında nüfuzu və təsir imkanları olan azərbaycanlılardansınız. Bu cür neqativ proseslərə müdaxilə etmək imkanlarınız yoxdurmu?
- Düzdür, belə faktlar Rusiyada var. Özü də təəssüf ki, buna tez-tez rast gəlinir. Bildiyimə görə, bu yaxınlarda Dərbənddə də bu kimi hadisə baş vermişdi. Bugünlərdə də Ulyanovsk şəhərində də belə məsələ olub. Ulyanovskda bu olay baş verəndə mən Rusiyada idim, sui-qəsdə məruz qalan diaspor fəalı, iş adamı İslam Hüseynovu tanıyıram. Bu hadisə ilə bağlı televiziyadan xəbər tutdum və dərhal İslamla əlaqə saxladım. Hadisənin mahiyyətini mənə danışdı və mənə bunun arxasında kimlərin dayandığını bildirdi. Onunla danışandan sonra İstintaq Komitəsinin sədri Bastırıkinlə əlaqə saxladım, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə telefon danışığını təşkil etdim. A. Bastırıkindən bu məsələni şəxsən nəzarətə götürməsini xahiş etdim, bildirdim ki, bu, İslama qarşı baş verən birinci sui-qəsd deyil. Komitə sədri təklif etdi ki, İslam təhlükəsizliyi ilə bağlı başqa şəhərə getsin. Dedim ki, bu onun şəxsi işidir, amma obyektivlik naminə, Bastırıkin dərhal istintaq idarəsinin rəisini tapdı, ona ciddi göstərişlər verdi, bildirdi ki, bu işi şəxsən özünün ayırdığı müstəntiq araşdıracaq. Həmçinin İslamın təhlükəsizliyinin təminatı üçün tapşırıqlar verdi. Daha sonra İslama dedim ki, bəlkə təhlükəsizliyi üçün başqa şəhərə köçsün. Amma o cavab verdi ki, qorxaq adam deyil, heç yerə getmək fikri yoxdur. Bildirdi ki, bu şəhərdə yerli hakimiyyətlə münasibətləri yaxşıdır, burada nüfuzu da var və mübarizəsini davam etdirəcək, cinayətkarlara görə buradan gedəsi deyil. Onun bu mövqeyi mənim də xoşuma gəldi. Bu işlə dövlət orqanları ciddi məşğuldur, mən də bu proseslə maraqlanıram, hesab edirəm ki, cinayətkarlar qısa müddətdə tapılıb cəzalandırılacaq. Belə hadisələr olur və mən Rusiyada hüquq-mühafizə orqanları rəhbərlərini şəxsən tanıdığıma görə imkan daxilində bu problemlərin çözülməsi üçün çalışıram.
- Son zamanlar, xüsusilə Ramil Səfərovun əfvindən sonra Rusiyanın Azərbaycana təzyiqlərinin artması barədə məlumatlar və müşahidələr var. Rus qoşunlarının Ermənistan ordusu ilə birlikdə təlimlərə başlaması, Azərbaycanın Ermənistana hücumu olarsa, onu dəf etməyin taktikası baxımından manevrlər edilməsi, ora desantlar atması da ciddi məsələdir. Bu prosesə dair sizin fikirlərinizi bilmək maraqlı olardı...
Təlimlərin Rusiya tərəfindən təhlükə, Azərbaycana qarşı hansısa hazırlıq olması haqda versiyalar inandırıcı deyil
- Mənə elə gəlir ki, məsələ heç də belə deyil və bunu ciddi qəbul etmək lazım deyil. Əvvəla, Ramil Səfərov məsələsi heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz. İkincisi, Rusiya müstəqil dövlət olaraq öz ərazilərində kimlə istəyir təlimlər keçirə bilər. Ola bilsin, Rusiya sabah da Azərbaycanla birgə Xəzər dənizində təlimlər keçirsin. Mən bu məsələni şişirtməyin tərəfdarı deyiləm, burada hər hansı bir təhlükə görmürəm. Təlimlərin Rusiya tərəfindən təhlükə, Azərbaycana qarşı hansısa hazırlıq olması haqda versiyalar inandırıcı deyil.
- Rusiyanın daxilində Putinə qarşı etirazlar səngimir. Bu, hansı sonluqla yekunlaşa bilər? Oradakı prosesləri heç şübhəsiz, siz də izləyirsiniz. Rusiyada anti-Putin inqilabı ehtimalı varmı?
- Elə bir dövlət yoxdur ki, orada etiraz aksiyaları olmasın. Hər bir ölkənin özünəməxsus problemləri ilə bağlı aksiyalara rast gəlirik. Hazırda əksər Avropa dövlətlərində ən müxtəlif sosial problemlərlə bağlı kütləvi aksiyalar keçirilir. Əksər MDB dövlətlərində olduğu kimi, Rusiyada isə etiraz aksiyaları sosialdan daha çox siyasi problemlərlə bağlıdır. Bu da təbiidir, çünki Rusiya Avropa deyil, orada problemlər, yanaşmalar fərqlidir. 150 milyonluq əhalinin lap 1 milyon nəfəri etiraz etsin, bu, bütövlükdə xalqın yox, müəyyən bir kəsimin mövqeyidir. Mümkün deyil ki, bütün xalq bir nəfər kimi lideri, prezidenti qəbul etsin. Bunun özü anormal bir iş olardı ki, hamı bir nəfər kimi bir lideri dəstəkləyir. Bu mümkün də deyil. Hətta Atatürkü də türk xalqı bir nəfər kimi qəbul etmirdi. Söhbət çoxluqdan gedir. O cümlədən Putini də qəbul etməyən müəyyən, bəlli olan müxalif çevrə var və o özü də bunu normal qəbul edir. Bundan təəccüblənmir, narahat olmur, təbii proses kimi yanaşır. İnqilaba gəldikdə, bunun baş verəcəyinə inanmıram. Ona görə ki, Rusiya xalqının çox böyük əksəriyyəti Putini qəbul edir, dəstəkləyir. Səbəb də odur ki, Putin xalqının yaxşı yaşaması üçün gerçəkdən çox işlər görüb və görür. Eyni zamanda o, dünyada Rusiyanın nüfuzunu xeyli qaldırıb. B.Yeltsinin dövrü ilə müqayisə etdikdə, görürük ki, Rusiya nə qədər irəli gedib, hər yerdə sözünü deyir və onu eşidirlər. Rusların isə bir psixologiyası var ki, dövlətləri həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan güclü olsun. Bunu da Putin həyata keçirə bilib, Rusiyanın itirilmiş mövqeyini, köhnə statusunu bərpa edib. İndi Rusiya dünyada gedən proseslərdə fəal iştirak edən söz sahibidir.
- Putindən söz düşmüşkən, Rusiyanın başında duran qüdrətli bir insan sizin dostunuz və tələbə yoldaşınızdır. Bu fakt zaman-zaman bir sıra söz-söhbətlərə səbəb olur. İndi də söhbət gəzir ki, sizi Rusiyada böyük vəzifəyə dəvət ediblər. Bu cür söz-söhbətlərin bir əsası varmı?
- Əvvəla, mən Azərbaycan vətəndaşıyam, Rusiya vətəndaşı deyiləm. Halbuki bunu istəyən azərbaycanlıların Rusiya vətəndaşlığı alması üçün köməkliklər etmişəm, amma özüm heç vaxt bunu istəməmişəm. Düşüncəm budur ki, mən bir azərbaycanlı kimi, Azərbaycan vətəndaşı olmalıyam. Bu mənim üçün prinsipial məsələdir. Rusiyada da bizdəki kimi, dövlət işinə yalnız bu ölkənin vətəndaşları qəbul olunur. Ona görə də mənim Rusiyada yüksək vəzifə alacağım barədə xəbərlərin yayılması, ümumiyyətlə, məsələnin bu cür qoyuluşu doğru deyil. Amma son vaxtlar mən daha çox guya Azərbaycanda hansısa vəzifəyə gətiriləcəyim haqda məlumatlara rast gəlirəm. Hətta bu vəzifənin adını da bəziləri çəkirlər. Mən dəfələrlə demişəm, siyasətlə məşğul olmuram, olmaq fikrim də yoxdur. O ki qaldı vəzifəyə, gəlin açıq danışaq, mən 60 yaşımı adlamışam. Bu cür xəbərlər yazanlar düşünmürlər ki, 60 yaşdan sonra insanlar vəzifədən pensiyaya gedir?! Buna heç bir baxımdan ehtiyacım yoxdur. İnsan vəzifəyə gedəndə ilk növbədə düşünür ki, nə qazanır, nə itirir. Adətən insanlar vəzifəyə bu prinsiplərlə gedir ki, xalqına, dövlətinə öz bilik və bacarıqları ilə xidmət etsin, ikincisi, özünün nüfuzu, yaxşı yaşayışı, təminatı olsun, qohum-əqrəbasına gün ağlasın. Səmimi desək, bu belədir. Amma bunun müqabilində vəzifəyə gedən insan müəyyən azadlıqlarını itirir, asılacağı olur. Mənim isə bir elm xadimi, bir iş adamı kimi xalqıma, dövlətimə xidmət etmək üçün imkanlarım daha genişdir. İkincisi, maddi baxımdan da kifayət qədər imkanlarım var, şükürlər olsun. Bu şərtlər daxilində vəzifəyə gedib nə üçün azadlığımı, sərbəstliyimi itirməliyəm? Belə şayiələr kimlərəsə bəlkə lazımdır. Bu onların problemidir.
- Bugünlərdə sizin haqqınızda Ədalət Partiyasının funksioneri Etimad İsmayılov belə bir açıqlama vermişdi ki, guya siz İlyas İsmayılovdan sonra bu partiyanın rəhbəri olmaq istəyirsiniz, amma sizin buna potensialınız çatmaz...
- (Gülür). Əvvəla, mən xeyli illər öncə Ədalət Partiyasında müavin olanda İlyas müəllim açıqca deyirdi ki, ondan sonra partiyanın rəhbəri məni görmək istəyir. Mən deyirdim ki, bunu istəmirəm. İndi onun oğlunun bu cür açıqlama verməsi məni təəccübləndirdi. Çünki xeyli vaxtdır Ədalətdən aralanmışam, ora ilə heç bir əlaqəm yoxdur. İndi İlyas müəllimin oğlu bunu niyə, nə məqsədlə ortaya atır, özü bilər, əgər o reallıqları bilmək istəyirsə, atasından soruşsun, İlyas müəllim onu başa salar.
- Neçə vaxtdır sizin şəxsi həyatınız barədə söz-söhbətlər dolaşır. Tanınmış bir xanımla ailə qurmağınız hadisəyə çevrilib. Sanki bir sıra bədxahlarınızı da hərəkətə gətirib. Şəxsi həyatınızla bağlı yayılan xəbərlərə necə baxırsınız?
- İnsanların şəxsi həyatını ictimailəşdirmək, bununla da kiminsə ömür yoluna kölgə salmaq xalqımızın mentalitetinə uyğun deyil, yüz illərlə mövcud olan etik-əxlaqi davranışımıza ziddir. Belə məsələlərə dədə-babalarımızın münasibəti tam başqa cür olub. Adı bəllidir... Zaman dəyişib, ictimai-siyasi quruluşun adı ayrıdır, hər zamanın, quruluşun yaratdığı problemlər mövcuddur, insanlar üçün. Kimsənin şəxsi həyatına müdaxilə etməklə problem həll etmək əxlaqa ziddir. Bu gücsüz, iradəsiz, mənəviyyatca kasıb adamların əməlidir. Nə isə, həyat davam edir, karvan da yolunda...
Bəzi KİV-lər mənim müsahibəmi dərc edib, təşəkkür. Ümummilli problemlərin həllinə doğru atılan hər addıma qarşı korporotiv münasibətlər bəsləyən adamları ziyalı adlandırmaq olmaz. Bu baxımdan demək istəyirəm ki, bəzi məlum KİV-lərdə Ramil Səfərovun ekstradisiyası ilə bağlı problemlərin həllində konkret olaraq məni dövlət başçısına qarşı qoymaq cəhdləri var. Bu təxribatdır. R.Səfərovun ekstradisiyası ilə bağlı bütün məsələlər, əvvəllər də qeyd etdiyim kimi, cənab prezidentin tapşırığı ilə baş verib və icra olunub. Bu cür insanların məqsədləri aydındır və bəri başdan iflasa uğrayıb. İstər KİV olsun, istərsə də arxasında duranlar. Bu insanların məqsədləri aydın, kimliyi bəlli, hərəkətləri perspektivsizdir.
Amma yaxşı olardı ki, bunu edənlər kişi kimi öz ad-soyadlarını da yazsınlar. Bəzi dostlar mənə deyir ki, bu dedi-qodulara reaksiya vermək lazımdır, razı olmuram. Avropalılarla söhbət edəndə məndən soruşurlar ki, niyə sizinkilər bir sözü danışanda and içirlər? Deyirəm, burda nə var ki, siz and içmirsiniz? Onlar deyir, biz yalan danışmırıq ki, and içək. İkincisi, avropalılar onlar haqda dedi-qodular olanda buna reaksiya vermirlər. Bununla onlar səbirli olduqlarını sübut edirlər, eyni zamanda qarşı tərəfi əsəbiləşdirirlər. Mən də bu yolu seçdim. Bu dedi-qoduları yayan qüvvələrin təxminən kimliyi və məqsədi mənə bəllidir. Sadəcə, bu adamlara fikir vermək, reklam etmək istəmirəm.
- Azərbaycanda iqtidarla müxalifət arasında bir proses başlayıb. Bəziləri bunu siyasi dialoqun başlanğıcı kimi qiymətləndirir. Siz ölkəmizdəki siyasi prosesləri izləyirsinizmi və siyasi düşərgələr arasındakı münasibətlərə qiymətiniz necədir? Özünüzün nə zamansa siyasi arenada rol ala biləcəyiniz ehtimalı varmı?
- Ümumiyyətlə, iqtidarla müxalifətin masa arxasında oturub hansısa vacib, ümummilli məsələni müzakirə etməsini alqışlayıram. Amma YAP-la müxalifət partiyalarının məlum görüşündə müzakirə mövzusu, predmeti düzgün seçilməmişdi. Ona görə ki, Ramil Səfərov dialoq predmeti deyildi ki, YAP-la müxalifət oturub bunu müzakirə eləsinlər, qətnamə qəbul etsinlər, beynəlxalq təşkilata göndərsinlər. Əgər onlar oturub Qarabağ məsələsini müzakirə etsəydilər, bu başadüşüləndir, çünki qlobal, siyasi prosesdir. Amma konkret bir adamı, Ramil Səfərovu predmetə çevirib görüşmələrini, bunu da dialoq adlandırmalarını heç cür qəbul edə bilmirəm. Bunun mənası nə indi anlamadım. İndi o qətnaməni göndərdikləri beynəlxalq təşkilat həmin sənədə və bunu imzalayanlara qeyri-ciddi baxacaq. Bu, qeyri-ciddi məsələ idi, çünki həmin o beynəlxalq təşkilatlar məlum qüvvələrin müzakirə etdiyi mövzu ilə əlaqədar mənfi rəy veriblər.
- Burada məsələ belə qoyulmuşdu ki, beynəlxalq təşkilatlara Ramil Səfərov məsələsində vahid mövqe olduğu göstərilsin...
?Ramil Səfərov məsələsini dialoq
predmeti etməyə ehtiyac yox idi?
- Əvvəla, nə YAP, nə də müxalifət partiyaları bütün xalqın adından danışa bilməzlər. İkincisi, Azərbaycan xalqı öz davranışı ilə bu məsələdə öz fikrini nümayiş etdirib, burada heç bir parçalanma olmamışdı. Təzədən iqtidar və müxalifətin yığışıb buna dair sənəd qəbul etməsi nəyə lazım idi? Bu, mənasız bir iş idi. Bunun nə xarakter daşıdığı mənə aydın olmadı. Əgər sizin məqsədiniz real dialoqdursa, qlobal məsələləri qoyun, müzakirə edin, bunu hər kəs alqışlayar. Ancaq burada hansı mövzu tapılmışdı, nə müzakirə olundu? Prezident fərman verib, əfv edib, məsələ bitib, bunu təzədən niyə müzakirə edirdilər, bu başa düşülmədi. Bunlar nəzərə almadılar ki, bu sənədi Avropa İttifaqına yollayacaqlar. Bəs bu təşkilatda deməyəcəklər ki, iqtidarla müxalifət ilk dəfədir bir araya gəlib, mənasız olmayan bir müzakirə aparıblar, amma heç Qarabağ yadlarına düşməyib. Fikirləşəcəklər ki, görəsən, bunların başqa heç bir dərdi yoxdur? Bəli, mən Ramilin ekstradisiyası prosesində iştirak etmişəm, əfv olunmasını da alqışlayıram. Amma bu cür müzakirələr açmağa, yaxud da bir türk polkovnikinin Ramilə cəbhə boyunca heykəllər qoyulması kimi avantürist fikirlərinə, hay-küyə ehtiyac yoxdur. Mən Ramili tanıya adam kimi deyim, o özü də bu şeyləri qəbul eləməz. Hər zaman hay-küy bizə problem yaradıb, sonra da başımıza döymüşük ki, bunu niyə etdik.
- Son günlərin hadisələrindən biri də müsavatçı gənc Nigar Yaqublunun avtoqəzaya görə həbs olunmasıdır. Bir hüquqşünas kimi, bu məsələyə münasibətiniz necədir?
- Mən vaxtilə Ekspertiza İnstitutunun direktoru işlədiyim üçün bu məsələləri, təcrübəni yaxşı bilirəm. Çox hallarda avtoqəzalar zamanı həbs-qətimkan tədbiri seçilmirdi. Həmçinin işin mahiyyətindən asılı olaraq həbs-qətimkan tədbiri seçilməsi də olurdu. Konkret bu işdə hakim bu cür qərar qəbul edib, bu onun öz işidir. Mən özüm o işdə hakim olsaydım, Nigar xanımın barəsində həbs-qətimkan tədbiri seçməzdim. Birincisi, bu xanımdır, ikincisi, Azərbaycanda yaşayır, ölkə vətəndaşıdır. Həbs-qətimkan tədbirini o zaman seçirlər ki, şəxsin qaçıb istintaqdan gizlənmək, yaxud istintaqa təsir etmək imkanları var. Bu, ehtiyatsızlıqdan baş verən qəzadır, burada istintaqa heç kim təsir edə bilməz, belə işlərdə əsas ekspertizanın rəyidir. İkincisi, bu qız Azərbaycandan hara qaçası idi? Bu cür işlər hamının başına gələ bilər. Bütün bunları nəzərə alıb, mən onun barəsində həbs-qətimkan tədbiri seçməzdim.