ilham Rəhimov: ?Mən Ramilin yerinə olsaydım, silahı götürüb sərhədə gedərdim?

img

20-09-2012 [12:38]


Professor, əməkdar hüquqşünas, iş adamı İlham Rəhimov ?Yeni Müsavat?a müsahibə verib. İlham bəylə öz ofisində görüşüb saat yarım ərzində Ramil Səfərovun azadlığa buraxılması, ölkədəki, regiondaki siyasi durum, özünün şəxsi həyatı haqqında dolaşan şayiələrlə və sair məsələlərlə bağlı geniş söhbət etdik. Müsahibənin birinci hissəsini təqdim edirik. - İlham müəllim, xeyli müddətdir mətbuatda görünmürsünüz. Bu nəylə bağlıdır? - Bunun əsas səbəbi odur ki, siyasətlə məşğul olmuram. Mətbuatda daha çox siyasətçilər, siyasi arenada olan adamlar görünür. Media əməkdaşları özləri də daha çox siyasətçilərlə ünsiyyətdə olurlar. Onlardan müsahibələr alırlar. Amma elm adamları, iş adamları ilə bir o qədər də yaxınlıq etmirlər. Media əhli məni də mətbuatda siyasətçi kimi görmək istəyir, ancaq indiyədək bir iş adamı, bir alim kimi mənimlə söhbət etməyə cəhdlər olmayıb. Digər tərəfdən, işlərimlə əlaqədar çox vaxt Azərbaycanda olmuram. Bu səbəblərdən də mətbuatda çox da görünmürəm. Lakin özüm son vaxtlar mediaya danışmasam da, mətbuat mənim haqqımda çox yazır. Buna görə təşəkkür edirəm, məni yaddan çıxarmırlar. - Yeri gəlmişkən, elm adamı, iş adamı kimi hansı işləri görürsünüz? - Elm adamı kimi, yəqin bilirsiniz, bu yaxınlarda daha bir kitabım işıq üzü gördü, onun yaxşı təqdimatı oldu. İndi digər kitab üzərində çalışıram. Bir müddətdən sonra o da çap olunacaq. İşgüzar fəaliyyətimdən sonra boş vaxtlarımda hobbim idmanla və elmlə məşğul olmaqdır. İş adamı kimi fəaliyyətimlə bağlı isə indi açıqlama vermək istəməzdim. Çünki bu yaxınlarda dünyada tanınan, çox nüfuzlu bir jurnal mənim işgüzar fəaliyyətimi əks etdirən məqalə dərc edəcək. Mən özüm uzun müddət həmin jurnalın müsahibə təklifinə razı olmadım, amma sonda bəlli oldu ki, onlar özləri araşdırma aparıblar, maraqlı bir material ortaya qoyacaqlar. Orada iş adamı kimi nə etdiyim konkret əksini tapacaq, ona görə indi bu haqda danışmaq istəməzdim, o yazıda hər şeylə tanış olacaqsınız. - Siz mərkəzi ofisi Budapeştdə yerləşən Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidentisiniz. Beynəlxalq hüquq normalarına görə, necə hesab edirsiniz, zabitimiz Ramil Səfərovun ölkəyə gətirilməsi və prezident tərəfindən əfv olunması nə dərəcədə qanunidir? ?Mən bu işlə birbaşa cənab prezident İlham Əliyevin tapşırığı və razılığı ilə məşğul olurdum? - Mətbuatda da bu haqda getmişdi, Ramil Səfərov məsələsi ilə bağlı hələ bir neçə il öncə həbsxanada onun yanında olmuşdum. Sonra mediaya bu haqda qısa xəbər verdim, amma görülən işlər, nə etmək istədiyimiz barədə heç nə danışmamışdıq; bu o zaman doğru deyildi. İctimaiyyət də bilirdi ki, bu işlə məşğulam. Bu prosesin içərisində olduğum üçün məsələnin mahiyyəti və detalları barədə bilgiliyəm. O zaman bunları gizli saxlamalı idik, indi daha bunları açıb söyləmək olar. Mən bu işlə birbaşa cənab prezident İlham Əliyevin tapşırığı və razılığı ilə məşğul olurdum. Yəni mən bu məsələnin hüquqi həll mexanizmlərini araşdırırdım. Bu məsələ ilə bir vətəndaş və bir hüquqşünas, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti kimi məşğul olmağı özümə borc bilirdim. Ramil Səfərov məsələsini dərindən bilmək üçün gərək gedib Macarıstandakı hüquqşünaslarla diskussiya aparmaq, Ramilin özü ilə söhbət etmək, xüsusilə cinayət işi ilə tanış olmaq lazım idi. Cinayət işini oxumayana qədər hansısa nəticəyə gəlmək, həqiqəti, çıxış yollarını bilmək çətin idi. Bu prosedurları keçəndən sonra Macarıstandakı rəsmilərə sübut etməyə çalışdım ki, birincisi, Ramil Səfərova verilən cəza törətdiyi cinayətə uyğun gəlmir, həddindən artıq yüksəkdir, ağırdır. Düzdür, hakim hökm verəndə daxili inamını da nəzərə alır, amma mən onlara bildirdim ki, Ramil Səfərova hökm çıxararkən, cəza verərkən yalnız ağırlaşdırıcı halları nəzərə alıb, amma onun işi ilə bağlı yüngülləşdirici halları nəzərə almayıb. Bu dəqiq belə idi. - Hansı amillər nəzərə alınmamışdı? - Məsələn, nəzərə alınmamışdı ki, Azərbaycanla Ermənistan düşmən dövlətdir, Ramil özü qarabağlıdır, onun doğulduğu torpaq erməni işğalındadır, ermənilər onun qohum-əqrabasını qətlə yetirib. Bunlar hamısı psixoloji məqamlardır və hökm verilərkən nəzərə alınmayıb. Ramilin özünün psixoloji durumu belə cəza veriləndə nəzərə alınmamışdı. Mən bunu sübut etdim ki, cəza məsələsində hakimlər düzgün mövqe tutmayıblar. Burada bizim özümüzün də müəyyən günahımız olub, bunu macar hüquqşünaslar da mənə irad tutdular. Günahımız o idi ki, Ramil Səfərovun istintaqı gedəndə biz Azərbaycanda çox hay-küy qaldırdıq, kortəbii kampaniya apardıq. Bunu etmək lazım deyildi, sadəcə, güclü hüquqi müdafiə taktikası qurmalı idik. Həmçinin prosesdə ictimai xadimlər iştirak etməli idilər. Amma Azərbaycanda hay-küy qaldırılması hakimlərə də təsir edibmiş. Onlar da hökm çıxaranda daxili inamları başqa cür olub... Nə isə, biz nəhayətdə bunu isbatladıq ki, Ramil Səfərova olduqca ağır cəza verilib və o, beynəlxalq hüquq normalarına görə, Azərbaycana ekstradisiya oluna bilər. Belə də oldu. Bu prosesdə mənim funksiyam o idi ki, məsələnin hüquqi həll mexanizmini araşdırım. İkinci mərhələdə isə bu işlə dövlət və şəxsən prezident özü məşğul idi. Nəticə də bəllidir. - Prezident tərəfindən həyata keçirilən bu iş Azərbaycanın ciddi uğuru və haqqı idi, amma dünyada buna münasibət birmənalı olmadı. ABŞ prezidentinə qədər, yuxarıdan aşağıya, bir çox dünya ünvanları bu məsələyə neqativ reaksiya verdilər. Lakin tarixdə erməni terrorçularının vaxtından əvvəl həbsdən buraxılmaları faktı da var. Heç kim onlara Ramil Səfərov faktına olduğu qədər ?diqqət? yetirmədi. Azərbaycana qarşı bir təzyiq kampaniyası var. Ümumiyyətlə, bu proses ətrafında cərəyan edənləri necə qiymətləndirirsiniz? ?Sual edirəm: Ramil həbsdə olanda, anası rəhmətə gedəndə o adamlar zabitimizin evinə getmişdilərmi, atası ilə maraqlanmışdımı?? - Bu məsələnin iki həll yolu var idi; birincisi, Ramil ekstradisiya olunurdu və cəzasını burada davam etdirirdi, bir müddətdən sonra əfv olunurdu. İkincisi isə o idi ki, ekstradisiya olunur və Azərbaycana gələn kimi əfv olunur. Azərbaycan prezidenti də bu ikinci yolu seçdi. Azərbaycan prezidenti çox cəsarətli qərar verdi. Mənim yadıma gəlmir ki, hansısa dövlət başçısı belə bir cəsarətli qərar qəbul eləsin. Bu bir növ presedent oldu deyə, həm bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin buna reaksiyası oldu. Çünki bunu heç kim gözləmirdi. Məncə, prezident də öncədən bu cür reaksiyaların olacağını bilirdi. Amma buna baxmayaraq, bu cəsarətli addımı atdı. Bu, düzgün qərar idi. Ona görə də Ramil Səfərov məsələsinə cinayət işi kimi yox, həm də siyasi iş kimi baxmaq lazımdır. Çünki bu, iki dövlət arasında gedən müharibənin fonunda, bununla bağlı baş vermiş hadisədir. Odur ki, buna siyasi nöqteyi-nəzərdən baxmaq lazımdır. Həm hüquqi, həm də siyasi baxımdan prezident doğru qərar qəbul etdi. Məndə narahatlıq doğuran və xaricdən reaksiyaların verilməsinə də səbəb olan əsas məsələ Ramil Səfərov Azərbaycana gələndə onu çox hay-küylü qarşılanması idi. Bu cür etmək lazım deyildi. Prezident fərman vermişdi, sakitcə gəlməli idi evinə, vəssalam. Mətbuatdan mənə aydın oldu ki, Ramil ölkəyə gələndə xeyli ictimai xadimlər, hətta deputatlar yığışıb onun evinə getmişdilər. Sual olunur, Ramil həbsdə olanda, anası rəhmətə gedəndə o adamlar zabitimizin evinə getmişdilərmi, atası ilə maraqlanmışdı? Bu məsələni hay-küylü hadisəyə çevirmək beynəlxalq aləmi də qıcıqlandırdı. Mənim çox xoşuma gəldi ki, prezident əfv fərmanı verdi, başqa heç bir reaksiya vermədi, yalnız onu dedi ki, atdığı addımda heç bir qanun pozuntusu yoxdur. Tamamilə doğru bir mövqe idi. Eşitdiyimə görə, Ramil Səfərova Müdafiə Nazirliyində iş veriblər. Mən Ramilin yerinə olsaydım, silahı götürüb sərhədə gedərdim, xidmətimi orada davam etdirərdim. Nəinki o cür oğlan, belə bir zabit gedib Müdafiə Nazirliyində kağız-kuğuzla məşğul olsun. Onun cəbhə xəttində qulluq etməsi oradakı əsgərlərin də ruh yüksəkliyinin artmasına səbəb olar. Bu təklifimə görə ola bilər Ramil məndən inciyər, amma mən öz fikrimi deyirəm, o özü hansı qərarı verəcək, öz işidir. - Təhlükəsizlik baxımından onun erməni ilə qarşı-qarşıya dayanması doğrudurmu? - Heç bir təhlükə ola bilməz. Cəbhədə o qədər bizim qəhrəman oğlanlarımız var ki. İkincisi, o erməni tərəfə keçmir ki, düşmən nə bilir Ramil hansı hissədə qulluq edir. Və ən pis halı deyək, vətən uğrunda şəhid olmaq şərəfdir. Onunla hələ görüşməmişəm, görüşəndə özünə də deyəcəm... O ki qaldı erməni terrorçularının da bir zamanlar azad edilməsi zamanı beynəlxalq aləmin buna reaksiya verməməsi məsələsinə, bunlar fərqli məsələlərdir, müqayisəni doğru saymazdım. Beynəlxalq təşkilatların Ramil Səfərov məsələsi ilə bağlı reaksiyası heç də onların bütövlükdə Azərbaycana olan münasibəti deyildi, bu, konkret bir hadisəyə münasibət idi. Mən mətbuatda bəzi deputatların, rəsmilərin fikirlərini oxudum ki, ?beynəlxalq təşkilatların dedikləri boş şeydir, buna əhəmiyyət vermək lazım deyil, biz özümüz bilərik nə edirik?. Bu cür düşünmək də doğru deyil. Əgər biz həmin beynəlxalq təşkilatların üzvüyüksə, deməli, o ailənin təmsilçisiyik, yəni onların reaksiyasına bu cür yanaşmaq olmaz. Bu cür mövqe sərgilənirsə, ya gərək o təşkilatların üzvlüyündən çıxaq, ya da doğru bildiyimiz, haqq edib atdığımız addımları həmin təşkilatlar qarşısında əsaslandırmalı, müdafiə etməliyik. Savadımızla, siyasətimizlə doğruluğumuzu sübut etməliyik. Yoxsa elə onları saymadığımızı demək olmaz. Bu, doğru mövqe deyil. Şükür, bu məsələdə bizim tutarlı, dəyərli sübutlarımız və faktlarımız var, sadəcə, onları başa salmalıyıq. - Professor, hazırda millət və dövlət adına heç də başucalığı gətirməyən bir problemimiz var; xaricdə, xüsusilə Rusiyanın şəhərlərindəki Azərbaycan diasporunun liderlərinə, aktivlərinə qarşı sui-qəsdlər həyata keçirilir, əksər hallarda isə bu cinayətlərin arxasından elə soydaşlarımız çıxır. Bu problem haradan qaynaqlanır? Qarşısını almaq mümkün deyilmi? Siz Rusiya çapında nüfuzu və təsir imkanları olan azərbaycanlılardansınız. Bu cür neqativ proseslərə müdaxilə etmək imkanlarınız yoxdurmu? (ardı növbəti sayımızda)

Digər xəbərlər
SON XƏBƏRLƏR