Azər Həsrətin təzkilatı qeydiyyata alındı

img

13-08-2012 [11:15]


2003-cü ildə qurulan və daha çox özünün Orta Asiya ölkələrindəki fəaliyyəti ilə tanınan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN ? Central Asian and Southern Caucasian Freedom of Expression Network) adlı təşkilat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bu barədə MİA-ya açıqlama verən CASCFEN sədri Azər Həsrət deyib ki, nəhayət başçılıq etdiyi qurum 9 ildən sonra dövlət qeydiyyatına alınıb. ?Düzdür, onun qeydiyyatının bu qədər yubanmasında Azərbaycan hakimiyyətini günahlandıra bilmərik. Çünki bu qurum 2003-cü ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) struktur vahidi kimi qurulmuşdu. Əsas məqsəd Orta Asiya və Güney Qafqaz bölgəsində ifadə azadlığı və jurnalistlərin hüquqlarının qorunması idi. Şəbəkə özünün ilk fəaliyyət ilində beynəlxalq səviyyədə tanınmış və hətta çox nüfuzlu mükafatlardan birinə - Beynəlxaq Mətbuat İnstitutunun (International Press Institute) ildə bir dəfə təqdim etdiyi ?Azad Media Öncülü? (Free Media Pioneer) mükafatına layiq görülmüşdü. Lakin zaman keçdikcə biz hiss etdik ki, CASCFEN heç bir quruma bağlı olmadan müstəqil fəaliyyət göstərməlidir. Buna görə də bu il iyun ayının 7-də təşkilatı müstəqil şəkildə təsis edib sənədləri müvafiq dövlət qurumuna təqdim etdik. Sevinirik ki, qeydiyyat prosesi çox da uzun sürmədi. Avqustun 8-də artıq qeydiyyat şəhadətnaməsini bizə təqdim etdilər?, - deyə Azər Həsrət bildirib. ?QHT-lərin dövlət qeydiyyatında çox zaman süründürməçilik müşahidə edildiyi halda CASCFEN-in belə qısa müddət ərzində qeydiyyatdan keçə bilməsini necə izah edərdiniz?? sualına cavab olaraq Azər Həsrət deyib ki, ?istənilən halda bu, müsbət bir görsənişdir. Həm də mən elə bilirəm ki, bu bir müddət öncə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun QHT rəhbərləri ilə keçirdiyi görüşdə verdiyi sözlərin əməli tətbiqidir. Orada bir sıra QHT rəhbərləri dönə-dönə onun diqqətinə çatdırmışdı ki, qeydiyyatla bağlı problemlərin həllinə ehtiyac var. Əli müəllim də öz növbəsində söz vermişdi ki, bütün iradlar, xahiş və təkliflər nəzərə alınacaq. Ən azından bizə münasibətdə verilən vədin yerinə yetirildiyini təsdiq edə bilərik?. Təşkilatın əsasən hansı yöndə fəaliyyət göstərəcəyinə gəlincə, CASCFEN sədri deyib ki, ?əsas missiyamız söz azadlığı mədəniyyətinin formalaşdırılmasına yardım etmək olacaq. Bu gün ölkəmiz Avropa ailəsinin bir üzvü kimi beynəlxalq standartlara uyğun söz azadlığı mühitinin yaradılmasında maraqlıdır və biz də vətəndaş olaraq bu yöndə öz sözümüzü demək istərdik. Təbii ki, Orta Asiya bölgəsindəki çalışmalarımız da eyni sürətlə davam edəcək?. Azər Həsrət onu da bildirib ki, yaxın günlərdə qurumun idarə heyətinin formalaşdırılması nəzərdə tutulur. Artıq bunun üçün namizədlər də müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR