Qəzet redaktorları üçün yeni tələb

img

08-08-2012 [05:36]


Azərbaycanda ali təhsili olmayanların və texniki təhsilli şəxslərin qəzetlərdə redaktorluq etməsinin qarşısının alınacağı gözlənilir. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Trend-ə bildirib ki, bu məsələ Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" imzaladığı sərəncamın icrasını həyata keçirmək məqsədilə yaradılan AMEA-nın işçi qrupunun hazırladığı təkliflər planında öz yerini tapıb. Onun sözlərinə görə, redaktor kimi humanitar sahədə təhsili olan, Azərbaycan dilinin qaydalarını səlis bilən şəxslər işləməlidirlər. Amaşov qəzetlərə stilist redaktorların cəlb olunmasını da vacib sayıb və bu məsələnin də öz həllini tapacağına ümidvar olduğunu bildirib. Amaşov qeyd edib ki, təkliflər sırasında ədəbi dil normalarının pozulmasının qarşısını almaq məqsədi ilə Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası nəzdində dilçi mütəxəsislərdən ibarət müvafiq ekspert şuralarının yaradılması da yer alıb. İşçi qrupu tərəfindən hazırlanan təkliflər dil qaydalarını mütəmadi pozan qəzetlər üçün müəyyən ictimai qınaqla yanaşı, hər hansı cərimələrin təyin olunmasını da özündə əks etdirir. Təkliflər arasında KİV nümayəndələrinin və o cümlədən teleradio aparıcılarının, diktorların əbədi dil normalarına dair bilgi səviyyəsini müəyyən edən monitorinqlərin keçirilməsi, həmçinin qəzetlərin dili ilə bağlı tez-tez monitorinqlərin təşkil edilməsi yer alıb. Dilçi alimlər, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda KİV-lərin dili ilə məşğul olan şöbənin yaradılmasını da təklif edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR