Mətbuat yayımı firmaları həyəcan təbili çalır, BŞiH-in sözçüsü isə köhnə közklərin yığızdırılacağını deyi

img

08-07-2012 [05:48]


[b]?Eurovision 2012" mahnı müsabiqəsindən bir müddət əvvəl Bakıya yeni köşklər gətirildi. Bunlar gözəllik və dizayn baxımından məqbul olsa da, qəzet yayımına törətdiyi əngəllər bu yeniliyin heç də arzulanan olmadığını ortaya çıxardı. Belə ki, təzə köşklərdə qəzet tapmaq müşkülə çevrilib. Əslində burada qəzetdən başqa hər şey tapmaq mümkündür desək, daha doğru olar. [/b] Belə ki, burada istənilən şirniyyat məmulatları, siqaretlər, uşaq oyuncaqları, meyvə şirələri, hətta bəzilərində bujiteriya malları da tapmaq olar. Bu isə onları qəzet köşkünə deyil, ərzaq malları satan mini marketlərə bənzədir. ?Yeni Müsavat" qəzetinə müraciət edən oxucular bildirir ki, bu köşklərdə təzə və gündəlik, oxunaqlı qəzet tapmaq problemdir: ?Ya vaxtı keçmiş, ya da informasiya xarakterli olmayan krossvord, əyləncə xarakterli qəzetlərə rast gəlinir. Müxalifət qəzetləri isə ümumiyyətlə satılmır?. Digər tərəfdən isə paytaxtda əvvəldən fəaliyyət göstərən köhnə köşklər götürülür. Burada əsas zərər qəzetlərə, redaksiyalara dəyir. Hazırda ?Qasid?, ?Qaya? və ?Azərmətbuatyayım?ın köhnə köşklərini götürürlər. Yeni köşklərin kimə məxsusluğuna gəlincə, yayılan məlumatlarda Bakı Şəhər İcra Hakimiyyəti göstərilir. Amma qurum bu köşkləri sahibkarlara icarəyə verir. Belə ki, ?28 May? metrosu yaxınlığındakı köşklərin birinin satıcısı bizimlə söhbətdə köşkü icarə ilə işlətdiklərini dedi. Onun sözlərinə görə, onlar qəzetdən çox gündəlik tələbata mallarına üstünlük verir. ?Bizə belə tapşırıq verilib. Hərdənbir qəzet də satırıq? - deyə adını çəkmək istəməyən satıcı bildirdi. ?Bu tapşırığı sizə kim verib? sualına o, ?bilmirəm? cavabını verdi. Digər bir köşkdə də nə ?Yeni Müsavat?, nə də ?Azadlıq? qəzeti tapa bildik. Burada əsasən iqtidar qəzetləri satılırdı. Satıcıdan müxalifət qəzetlərinin olub-olmadığını soraq alırıq. Deyir ki, səhər saatlarında satılıb qurtarıb. ?Hər qəzetdən 2-3 dənə gətirirlər. O da satılıb? - deyə Eldar adlı satıcı bildirdi. Daha sonra metronun ?Gənclik? stansiyasının çıxışındakı yeni köşkə yaxınlaşırıq. Burada da eyni mənzərənin şahidi oluruq. Köşkün vitrinini pirojnalar, şokoladlar, sərin sular bəzəyib. Köşkdəki asılqanın yuxarı hissəsində rəsmi qəzetlər - ?Azərbaycan?, ?Ədəbiyyat?, ?Respublika?, ?Xalq?, eləcə də hökumətyönlü qəzetlər ?525-ci qəzet?, ?Şərq?, ?Kaspi? qəzetləri satılır. Əvvəllər köhnə köşklərdə lap aşağıda ?Yeni Müsavat?, ?Azadlıq?, ?Bizim Yol?, ?Gündəm-Xəbər? qəzetləri qoyulurdusa, indi onları da görmədik. Satıcıdan həmin gün köşkə gətirilən qəzetlərin sayını xəbər alırıq. Deyir ki, müxalifət qəzetlərinin hər birindən 4 dənə gətirilib, onlar da satılıb. Satıcı köşkə qəzetlərin hansı firmadan gətirilməsindən, hansı qəzetlərin çox satılmasından və ümumiyyətlə, qəzet işindən xəbərsiz olduğunu dedi: ?Bizə gətirib verirlər. Mənimki alverdi. Haradan bilim müxalifət qəzeti hansıdır??. Metronun digər çıxışındakı köşkə gətirilən qəzetlər isə toplu halda divar dibinə qoyulub. Satıcı deyir ki, onlar köhnə nömrələrdir. Nərimanov rayonunda yeni köşklərdə satıcı kimi yeni işə düzəldiyini deyən Məmməd kişi isə bizə dedi ki, bəzən alıcılarla qəzet üstündə mübahisələr də olur: ?Gəlib bizdən müstəqil və ya müxalif yönlü qəzet istəyirlər. Biz isə həmin qəzetlərin satışına qadağa qoyulduğunu bildirəndə, alıcılar bizim üstümüzə düşürlər. Axı biz nə edək, bizə deyirlər satma, biz də satmırıq?. Adının çəkilməsini istəməyən digər bir köşkün satıcısı deyir ki, bəzi səbəblərə görə, köşkə gündəlik gələn ?Yeni Müsavat? və ?Azadlıq? qəzetlərini içəridə bağlamada saxlamalı olurlar: ?Nə edək, hamısı gəlib bizə ?ilişir"". Metronun ?Elmlər Akademiyası? stansiyasında ?Yeni Müsavat? qəzetinin 4 iyul buraxılışını tapa bildik. Satıcı deyir ki, bugünkü buraxılışı (6 iyul tarixli) gəlməyib: ?Biz ?Qasid" firmasından alırıq. O da gəlməyib. Amma çox zaman gətirirlər. Müxalifət qəzetləri əsasən səhər saatlarında satılır". ?Qara Qarayev? metro stansiyasının yaxınlığında yerləşən iki köşkdə də qəzetdən başqa hər şey satılır. Buradakı satıcı da qəzetlərin yeni tarixli nüsxələrini satmamalarına izahat verə bilmədi. Vitrindəki qəzetlər isə ötən ay çap olunanlardır. Metronun ?Neftçilər? stansiyası yaxınlığında yerləşən ?Qasid? firmasının köşkündən isə bildirirlər ki, yaxın günlərdə onların da köşkünün qapadılacağı gözlənilir: ?Yeni köşklər bizi çox narahat edir. Qəzet satışı gündən-günə zəifləyir. Yeni köşklərdə isə qəzet satmırlar?. 20 ildir əl yayımı ilə məşğul olan Rüstəm kişi də bildirdi ki, yeni köşklərin qəzet satmaq fikri yoxdur: ?Bizə isə küçələrdə imkan vermirlər qəzetimizi sataq?. ?Torqovı?da (Nizami küçəsi) açıq köşklərdə əvvəllər qəzet satılsa da, indi yalnız əyləncə jurnalları və rusdilli qəzetlər satılır. Satıcıdan bunun səbəbini soruşuruq. Deyir ki, burada daha çox əl yayımı ilə qəzet satılır: ?Biz ziyana işləyirik. Ona görə də yerli qəzetləri satmaqdan imtina etmişik?. [b]Rəsmi mövqe: ?Bakıda bir dənə də köhnə köşk qalmayacaq?[/b] Qeyd edək ki, qəzetlərin yayımı əvəzinə ticarətlə məşğul olan yeni köşklərin fəaliyyəti KİV məhsullarının yayımına maneə törətdiyi üçün qanuna da ziddir. Belə ki, ?KİV haqqında? Qanunun 26-cı maddəsinə görə, məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir. Elə bu məsələ iyunun 30-da qəzet redaktorlarının Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənovla görüşündə də müzakirə edildi. Redaktorlar hələ də ümid edir ki, Ə.Həsənovla görüşdən sonra bu problem qismən də olsa aradan qaldırılacaq. ?Qaya? və ?Qasid? mətbuat yayımı firmalarından bildirirlər ki, hər iki firmaya təzyiqlər davam edir. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə deyir ki, bu şikayətlər ona da tanışdır. Amma o, həmin köşklərdə müxalifət qəzetlərinin satılmasına şahid olub: ?Yeni köşklərin quraşdırılma yerlərini Bakı Şəhər İcra Hakimiyyəti müəyyənləşdirir. Proses davam edir. Paytaxtdakı bütün köhnə köşklər tədricən yeniləri ilə əvəzlənəcək. Bakıda bir dənə də köhnə köşk qalmayacaq?. Günay MUSAYEVA, "Yeni Müsavat"

Digər xəbərlər
SON XƏBƏRLƏR