isa Qəmbər: "Lorin sadəcə narahat olur ki..."

img

27-05-2012 [05:58]


Azərbaycanın ev sahibliyi etdiyi ?Eurovision-2011? Mahnı Müsabiqəsinin final şousu İsveçin qələbəsi ilə başa çatdı. Səsvermə başlayandan axıradək İsveç üstünlüyü qoruyub saxladı. Beləliklə, 57-ci ?Eurovision? Mahnı Müsabiqəsində İsveç təmsilçisi Lorinin ifa etdiyi ?Eyforiya? mahnısı müsabiqənin ən sevilən mahnısı oldu. Qeyd edək ki, Mərakeş əsilli müğənni Lorin finaldan öncə Azərbaycanda müxalifət partiyalarının sədrləri ilə görüş keçirmişdi. Mayın 23-də Bakıdakı ?Villa Petroleum?da yerləşən restoranda İsveç səfirliyinin bu ölkəni ?Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən müğənni Lorinin şərəfinə təşkil etdiyi ziyafətə müxalifət liderləri İsa Qəmbər və Əli Kərimlinin dəvət olunması hakimiyyətdə çox ciddi təlaşa səbəb olmuşdu. Xüsusilə də bu ziyafət məclisində müxalifət liderlərinin Lorinlə görüşməsi, sonradan isə İsveçin Azərbaycandakı səfiri Mikael Erikssonun Lorinə ?Eurovision? səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanda siyasi məhbusların olması ilə bağlı fikirlər bildirməsini xahiş etdiyi xəbərinin yayılması iqtidarın narahatlığını bir qədər də artırmışdı. Elə bu səbəbdən də İsveç səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat istənilmişdi. XİN-ə çağırılan diplomat mətbuata açıqlamasında bildirmişdi ki, Lorindən müsabiqədə siyasi bəyanatlarla çıxış etməyi xahiş etməyib: ?Mən nazirliyin əməkdaşlarını əmin etdim ki, bu məlumat həqiqətə uyğun deyil?. Amma hakimiyyət nümayəndələri bu açıqlamadan sonra da tam arxayınlaşmamışdı. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, bu hərəkətlər ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlikdir. Bütün bunlara baxmayaraq, Lorin öz çıxışı zamanı heç bir bəyanat səsləndirmədi və ?Eurovision? 2012-nin qalibi oldu. Maraqlıdır, Müsavat başqanı İsa Qəmbər Lorinin bu zəfəri haqqında nə düşünür? Sorğumuza cavab verən İsa Qəmbər Lorinin qələbəsinə çox şad olduğunu dedi: ?Çünki Lorin həm ifası, həm də musiqisi və peşəkarlığı ilə qələbəyə layiq idi. Onun ifa etdiyi mahnı çox gözəl idi, çox gözəl də oxudu. Lorinin çox enerjili tərzi var. Mahnını çox maraqlı tərzdə ifa etdi. Eyni zamanda hiss olunur ki, Lorin çox yaxşı bir insandır. Hakimiyyət onu burada siyasətçi kimi siyasi proseslərdə iştirak etmiş şəxs kimi tənqid atəşinə tutmaq istədi. Amma Lorinin bütün çıxışlarından, müsahibələrindən görünürdü ki, o, sadəcə yaxşı insandır. Mən inanıram ki, o, bundan sonra da belə görünəcək. Lorin sadəcə narahat olur ki, niyə Azərbaycanda bu qədər gözəl, istedadlı, mehriban insanlar zülm altında yaşamalıdırlar. Niyə onlar həqiqəti dedikləri üçün həbs olunma təhlükəsi ilə üzbəüz olmalıdırlar, niyə onlar Azərbaycandakı hakimiyyətin maraqları uğuruna mülkiyyətlərini itirməlidirlər, bu əziyyətləri, məhrumiyyətləri çəkməlidirlər. Lorin bütün bu məsələlərdən narahat idi və bunu açıq şəkildə ifadə edirdi?. İ.Qəmbərin fikrincə, Lorinin qələbəsində onun professionallığı və gözəl ifası dayanır: ?Amma eyni zamanda hesab edirəm ki, avropalı musiqisevərlər onun şəxsiyyətinə Azərbaycandakı mövqeyinə, davranışına da qiymət verdilər. Mənim ?Eurovision?a baxarkən öz prinsipim var. Açığını deyim ki, hər il Türkiyə səs verirəm. Mənim üçün Türkiyə təmsilçisinin nə cür oxuması həlledici olmur. Türkiyəli iştirakçı hansı səviyyədə oxumasına baxmayaraq, mənim səsim hər zaman birinci ona olur. Ən yaxşı kim oxuyursa, ona da səs verirəm. Bu dəfə mənim səslərim Türkiyə təmsilçisi ilə Lorin arasında bölündü. Çox şadam ki, Lorinin qələbəsində mənim də səslərim var. Təbrik edirəm Lorini və Lorini dəyərləndirənləri?. İsa Qəmbərin sözlərinə görə, İngiltərə təmsilçisi dünya şöhrətli müğənni Engelbert Hamperdink öz davranışı nəticəsində axırıncı yerlərdən birini tutub: ?Əminəm ki, Engelbert kimi dünyanı görmüş, artıq elə bir problemi olmayan, zəngin, hər bir imkanı olan insan bir balaca öz humanizmini, insanlara insani münasibətini sərgiləsəydi, bir mövqe ortaya qoysaydı, axırıncı yerlərdə qalmazdı?. İ. Qəmbər ?Eurovision? 2012 də Azərbaycanın kifayət qədər yüksək yer tutduğunu da vurğuladı: ? Səbinə Babayevin 4-cü yer tutması kifayət qədər yüksək yer idi. Hesab edirəm ki, Səbinə çox istedadlı xanımdır. Çox gözəl də ifa etdi. Və düşünürəm ki, müsabiqə Azərbaycanda keçirilməsəydi, ötən il Eldar və Nigarın qələbəsi olmasaydı, bu il Səbinə daha öndə bir yer tuta bilərdi. Yəni qalib gəlmiş bir ölkənin dördüncü yer tutması çox yüksək bir nəticədir. Səbinəni, tərəfdarlarını və sevənlərini uğurlu nəticəyə görə təbrik eləmək olar. Mən bu xanımın gələcəyinə inanıram?. "Musavat.com"

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA