Rüstəm ibrahimbəyovun ittifaqı açıqlama yaydı

img

25-06-2012 [07:05]


Bu gün Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının iclası keçirilib. Mia.az -ın xəbərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi adından yayılan açıqlmada deyilir: "İyunun 21-də respublika mətbuatı peşəkar kinematoqrafçıların əksəriyyəti üçün gözlənilməz olan bir məlumat yaydı. Məlumat yeni ictimai kino birliyinin yaranması haqdadır. Azərbaycan Kinematoqrafçılar İttifaqının nizamnaməsi onun üzvlərinin milli kinomuzun maraqlarına zidd olmayan bir təşkilat yaratmasına etiraz edə bilməz. Bu təşkilatların yaranmasının nə dərəcədə məqsədəuyğun və effektiv olmasına zaman qiymət verə bilər. Baş verənlərə neqativ qiymət verməyə tələsmədən, yeni yaranan qurumun bəzi rəhbərlərinin İttifaqın ünvanına söylədiyi tənqidlərinə öz təəccübümüzü bildirməyi zəruri hesab edirik. Onlar bizim İttifaqın seçilmiş katibləri olaraq işlərimizdə fəal iştirak edərək, bizim problemlərimizlə tanışdırlar və bilirlər ki, İttifaq bir neçə ildir Prezidentin milli kinomuzun inkişafına yönələn sərəncamını həyata keçirmək üçün dövlət tərəfindən heç bir maddi dəstək almır. Onu da gözəl bilirlər ki, buna baxmayaraq, təşkilatımız nizamnaməyə uyğun olaraq uğurla fəaliyyət göstərir. Kinematoqrafçılar İttifaqı ən fəal yaradıcı təşkilatlardan biridir. Şəhərimizdə ilk müasir tələblərə cavab verən kinoteatr İttifaqın dəstəyi ilə bərpa olunub, 15 ildən artıqdır ki, Azərbaycandan kənarda tanınmış Beynəlxalq "Şərq-Qərb" Kino Festivalı keçirilib, peşəkar kino kadrların hazırlanması üçün Beynəlxalq Kino Məktəb yaradılıb və məktəbin yetirmələri uğurla fəaliyyət göstərirlər. Şəkidə 30 ildən artıqdır ki, ölkədə yeganə Yaradıcılıq Evi fəaliyyət göstərir, İttifaqın təşəbbüsü ilə Milli Məclis "Kino haqqında" Qanun qəbul edib, prokat şəbəkəsinin tamamilə dağıldığı bir zamanda İttifaq milli filmlərin bölgələrdə təqdimatını həyata keçirib, görkəmli kinematoqrafçıların yubileylərini və əlamətdar tarixləri qeyd edir. Təkcə bu il ərzində 20-yə yaxın Azərbaycanda çəkilən filmlərin təqdimatı və müzakirəsi keçirilib. Katiblik bəyan edir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri öz ictimai baxışlarında azaddır və biz onların işinə qatışmırıq. Eyni zamanda təkrarən bildiririk ki, Prezidentin Azərbaycan kinosunun inkişafı üçün 2007-ci ildə verilən sərəncamının ən vacib maddələri olan, "Azərbaycanfilm"in müasir texniki təchizatı və yenidən qurulması, xaricdə gənc kadrların təhsil alması, bölgələrdə milli filmlərin prokatı hələ də yerinə yetirilmir. Əlbəttə, biz dərk edirik ki, bu işlərin həllinə birbaşa cavabdeh olan təşkilatları bizim bunu təkidlə təkrar etməyimiz narahat edir, lakin söhbət həyatımızı həsr etdiyimiz işdən gedir və bizim susmağa ixtiyarımız yoxdur. 50 il bundan qabaq Milli Kinomuzun maraqlarının müdafiəsi üçün yaranan Azərbaycan Kinematoqrafçılar İttifaqı öz sıralarında kino sənətinə sözdə yox, əməldə sadiq olan və öz töhfələrini verən insanları birləşdirərək bundan sonra da işini davam etdirəcək". Xatırladaq ki, iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adlı yeni qurum yaradılıb. Yeni ittifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Nərimanfilm" Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir. Müzakirələrdən sonra xalq artisti Şəfiqə Məmmədova alternativ ittifaqın sədri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA