20-05-2012 [03:39]
Tanınmış vəkil Aslan Ismayılovun Gəncə hadisələri ilə bağlı müsahibəsinə növbəti cavab daxili işlər naziri və gömrük komitəsinin sədri olmuş Tahir Əliyevdən gəlib. Tahir Əliyevin Aslan Ismayılovun müsahibəsinə cavab olaraq redaksiyamıza ünvanladığı yazını oxuculara təqdim edirik:
Bu ?vəkilliy"in gerçək vəkilliklə əlaqəsi yoxdur
?Azadlıq? qəzetinin 9 və 10 may 2012-ci il tarixli saylarında vəkil Aslan Ismayılovun müsahibəsi dərc edilib. Bu müsahibədə əsasən 1993-cü ilin iyun ayında Gəncə şəhərində baş verən hadisələrdən bəhs edilib. Xüsusilə, Deputat Istintaq Komissiyasının fəaliyyəti haqqında müəyyən subyektiv, bir qədər də həqiqətə uyğun olmayan ifadələr yer alıb. Həmçinin müsahibədə mənimlə bağlı qərəzli və uydurma fikirlər səslənib. Haqqımda deyilən uydurmalara cavab vermək haqqımı tanıyacağınıza, fikirlərimi olduğu kimi cəmiyyətə təqdim edəcəyinizə şübhə etmədiyim üçün mövqeyimi sizə təqdim edirəm.
Aslan Ismayılov verdiyi müsahibəsində bildirib: ?Deputat Istintaq Komissiyasının üzvləri ilə yanaşı, Gəncəyə Az.TV-nin çəkiliş qrupu da gəlmişdi. Gəncə hadisələri ilə bağlı əksər dindirmə prosesi videolentə alınıb. Niyə həmin çəkilişləri ortaya çıxarmırlar? O çəkilişlər ortaya çıxsa, hər şey aydın olacaq. Kimin Gəncədə hansı sualları verdiyi bilinəcək. Mən Gəncədə o zamankı baş prokuror Ixtiyar Şirinovu, milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbəri, daxili işlər nazirinin müavini Qalib Məmmədovu, MTN-nin demək olar ki, bütün strukturlarının rəhbərlərini, Qazaxlı Aliki dindirmişəm. Özü də videoçəkilişin tətbiqi ilə. Bu videoçəkiliş var, amma onu ortaya çıxarmırlar. Bu adamların hamısı Gəncədə həbs edilmişdi. Həmin videoçəkilişləri ortaya çıxarsalar, onda görəcəksiniz ki, yalnız mən və Mirmahmud Mirəlioğlu əsl həqiqətləri üzə çıxarmağa çalışmışıq. Yəni bizim suallarımız obyektiv araşdırmaya yönəlmişdi. Digərləri isə AXC hakimiyyəti əleyhinə suallar ünvanlayırdı. Hakimiyyəti günahkar çıxarmağa çalışırdı. Xüsusilə, Tahir Əliyevin suallarını qeyd etmək olar. Tahir Əliyev və digərlərinin sualları ona yönəlmişdi ki, hakimiyyət Gəncədə çevriliş edib, hərbi hissəni bombalayıb və s. Sürət Hüseynovdan qəhrəman düzəltməyə çalışırdılar?.
Yalanın dərəcəsi olmalıdır
Mən Aslan Ismayılovun bu fikirlərinə bir qədər aydınlıq gətirmək istəyirəm. Aslan Ismayılov yalan danışır. Mənim iştirakımla Gəncədə heç bir dindirmə olmayıb. Mən də çox istərdim ki, Aslan Ismayılovun dediyi çəkilişlər - əgər varsa, ortaya çıxarılsın. Onda kimin düz, kimin yalan danışdığı tam aydın olar və mübahisəyə də yer qalmaz. Mən Gəncədə Ixtiyar Şirinovla, Sülhəddin Əkbərlə, Qalib Məmmədovla və qazaxlı Aliklə görüşmədiyim üçün, təbii ki, Aslan Ismayılovun dediyi sualları da verməmişəm. Mən hər hansı bir sual vermək üçün ilk öncə bu şəxslərlə üz-üzə oturmalı idim. Əgər bu olmayıbsa, deməli vəkil yalan danışır... Dediklərimin doğru olduğunu həmin şəxslərdən də soruşmaq mümkündür. Bilirsinizmi, yalanın da dərəcəsi olar... Əslində Deputat Istintaq Komissiyası Gəncədə qısa zaman ərzində olub. Təcili olaraq bizi Bakıya Milli Məclisin iclasına çağırıblar. Ikinci dəfə mən Gəncəyə Heydər Əliyevlə getmişəm. Bu səfər zamanı da hər hansı bir dindirilmə aparılmayıb.
Maneə ilə rastlaşan hərbi hissəyə gedə bilməzdi
Ancaq Aslan Ismayılov durmadan yalanlarını davam etdirərək deyir: ?Dindirmələrdən sonra Gəncədəki situasiya təxminən mənə aydın oldu. Mən anladım ki, bütün bunlar hakimiyyəti devirmək üçün təşkil olunub. Ona görə də, təkid edirdim ki, guya hökumət qüvvələri tərəfindən bombalanan hərbi hissəyə gedək. Mirmahmud Mirəlioğlu mənə dəstək verirdi. Amma Tahir Əliyev və hakimiyyətin əleyhinə olan digərləri maraqlı görünmürdü. Bütün bunlara baxmayaraq, mən hərbi hissəyə getdim. Az.TV-nin operatoru da mənimlə gəldi?.
Hörmətli redaksiya, Aslan Ismayılov kimin qarşısında təkid etdiyini, kimin onun hərbi hissəyə getməsinə mane olduğunu qeyd etmir. Əgər Aslan Ismayılov məni nəzərdə tutursa, belə bir şey baş verməyib. Yox, əgər söhbət mənə qarşı qərəzdən gedirsə, bu, artıq ayrı məsələdir. Aslan Ismayılovun özü də qeyd edib ki, Gəncədə hərbi hissəyə gedib. Yəni öz sözünü təkzib edib. Əslində, Aslan Ismayılov hansı cürətə sahib idi ki, Gəncədə o dövrdə təkidlər etsin, yaxud komissiyada Tahir Əliyevlə mübahisəyə qalxsın? Bunların hamısı uydurmadır və özünü ?geroy? obrazında qələmə verməkdən başqa bir şey deyil.
Mən Gəncə hadisələri zamanı Xalq Cəbhəsi hakimiyyətini müdafiə edən Aslan Ismayılov adlı şəxsi tanımıram. Çünki belə bir fakta rast gəlməmişəm. Dediyimin doğru olduğunu Ixtiyar Şirinin Pənah Hüseynlə telefon danışığında təsdiqləyir. Həmin telefon danışığında Pənah Hüseyn Ixtiyar Şirinə açıq şəkildə deyib ki, Aslan Ismayılov onların hakimiyyətini müdafiə etməyib.
Abdulla Allahverdiyevi Deputat Istintaq Komissiyası dindirib
Aslan Ismayılov müsahibəsində bir məqama da toxunub ki, ona reaksiya verməmək ədalətsizlik olardı. Vəkil iddia edib ki, Bakıda daxili işlər naziri Abdulla Allahverdiyevi, Pənah Hüseyni, baş qərargah rəisi Nurəddin Sadıqovu, Imam Mustafayevi dindirib. Bu prosesdə iştirak edən bir şəxs olaraq Aslan Ismayılovun yalana üstünlük verdiyini bildirməyi özümə borc sayıram. Aslan Ismayılovun adını çəkdiyi vəzifəli şəxslər Deputat Istintaq Komissiyasında dindirilib. Hətta yadımdadır ki, daxili işlər naziri Abdulla Allahverdiyev müraciət etdi ki, Tahir Əliyev Daxili Işlər Nazirliyinin işini yaxşı bilir, özü də nazir olub. Məni Tahir Əliyev dindirsin. Deputat Istintaq Komissiyası və mən Abdulla Allahverdiyevin xahişinə hörmətlə yanaşdıq. Abdulla Allahverdiyevə sualları şəxsən mən verdim. Pənah Hüseyn, Isa Sadıqovu, baş qərargah rəisi Nurədin Sadıqovun və digərlərinin dindirilməsi Deputat Istintaq Komissiyasında olub. Bunların hamısı videolentə alınıb. Mənim hafizəm yaxşı olduğundan, indi də onların verdiyi ifadələri əzbərdən xatırlayıram...
İsa Sadıqov bir hərbçi kimi əmri yerinə yetirmişdi
Yeri gəlmişkən, Isa Sadıqov haqqında bir məqamı qeyd etmək yerinə düşər. Deputat Istintaq Komissiyası Isa Sadıqovu da dindirmişdi. Bu dindirmədən on il sonra mən Isa Sadıqovla Dənizkənarı Milli Parkda təsadüfən görüşdüm, xeyli söhbət etdik. Deputat Istintaq Komissiyası tərəfindən onun dindirilməsi məsələsinə də toxunduq. Onun verdiyi ifadə bu dəqiqə də, yadımdadır. Isa Sadıqov yaxşı hərbçi, gözəl insandır, mənim ona böyük hörmətim var. Isa Sadıqov bir hərbçi kimi əmri yerinə yetirib.
Onsuz da mən indi Aslan Ismayılovun yalanlarına cavab verirəm. Gələcəkdə 1988-ci ildən bu yana Azərbaycan xalqının və ictimaiyyətin bilmədiyi bir çox həqiqətləri, o cümlədən də Gəncə hadisələri haqqında geniş bir müsahibə verməyi planlaşdırıram.
Aslan İsmayılov kim idi ki, mənimlə zarafat etsin?
Aslan Ismayılov Gəncə hadisələri ilə bağlı mənim haqqımda daha bir uydurmanı ?tirajlayıb?. Bu uydurma da ondan ibarətdir ki, guya Milli Məclisdə mənimlə mübahisə edib. Mübahisənin kökündə isə Gəncə hadisələrinə yanaşma durub. Bunun ardınca fikirlərini davam etdirən Aslan Ismayılov qeyd edir ki, mənimlə mübahisə elə həddə çatıb ki, guya mən onun xirtdəyindən tutaraq pəncərədən bayıra atmaq istəmişəm. Siz bir fikir verin, bu cümləni işlətdikdən az sonra Aslan Ismayılov bildirir ki, guya daxili işlər naziri postuna təyinatdan əvvəl Milli Məclisdə mənimlə zarafat edib. Necə ola bilər ki, mənimlə gərgin mübahisə edən Aslan Ismayılov az sonra heç bir şey olmayıbmış kimi mənimlə zarafat etsin? Birincisi, özünə hörmət edən şəxs heç vaxt qəzetə müsahibəsində bildirməz ki, ?Tahir Əliyev mənə dedi ki, sənin xırtdəyindən tutub pəncərədən bayıra ataram?. Ikincisi, o dövrdə Aslan Ismayılov kim idi ki, mənimlə zarafat etsin?
A.Ismayılov bildirir ki, guya mən ona demişəm ki, ?qardaşın? daxili işlər naziri təyin ediləcək. Əslində məni az-çox yaxından tanıyanlar bilirlər ki, leksikonumda ?qardaşın? müraciəti yoxdur. Mənim iki qardaşım var. Üçüncü qardaşa isə ehtiyacım yoxdur. Əgər Aslan Ismayılova qardaş lazımdırsa, bunu başqa yerdə axtarsın.
Aslan İsmayılov nədən qəfildən qərəzli danışmağa başlayıb?
Konkret olaraq məsələnin mahiyyətinə gəldikdə mən dəfələrlə mətbuata açıqlamalarımda demişəm ki, Heydər Əliyev Milli Məclisin sədri olaraq prezidentin səlahiyyətlərini icra edərkən daxili işlər naziri vəzifəsini mənə, baş prokuror vəzifəsini isə Əli Ömərova təklif etmişdi. Mən və Əli Ömərovu öz kabinetinə dəvət edən Heydər Əliyev bu təyinatlarla bağlı Milli Məclisə təqdimat yazdığını bildirmişdi. Ancaq mən bir neçə saatdan sonra Heydər Əliyevin qəbulunda oldum, ona öz təşəkkürümü bildirdim və müəyyən səbəblərdən daxili işlər naziri postunu tuta bilməyəcəyimi söylədim. Heydər Əliyev də mövqeyimə hörmətlə yanaşdı. Bunu həmin dövrdə Milli Məclisdə hər kəs bilirdi.
Vaqif Novruzovun nazir təyin ediləcəyi haqda isə məndə əvvəlcədən informasiya var idi. Çünki bunu mənə Heydər Əliyevin özü demişdi. Aslan Ismayılovun mənimlə bağlı bu uydurmalarını başa düşmək çətin deyil. Aslan Ismayılovu kim və nə danışdırır? Bu əslində prinsipcə aydındır. Bu müsahibədə hər şey açıq-aydın görünür. Aslan Ismayılov niyə indiyə qədər susurdu və indi qəfildən qərəzli danışmağa başladı? Mən bir hüquqşünas olaraq vəkil peşəsinə daima hörmətlə yanaşmışam. Vəkillik Institutu hər zaman düzgünlüyün, ədalətin çarçısı olub. Aslan Ismayılovun etdiyi bu ?vəkilliyin? isə gerçək vəkilliklə heç bir əlaqəsi yoxdur.
"Azadliq.az"