22-04-2012 [05:52]
[b]İlahə Fəda həmkarlarından birini yekə-yekə danışmaqda, digərini isə oxuya bilməməkdə ittiham etdi [/b]
Uzun müddətdir gözə dəyməyən tanınmış müğənni İlahə Fəda gözlənilmədən əməkdaşımıza zəng edərək, onunla görüşmək istədiyini bildirdi. Görüşüb, söhbətləşdik. Məlum oldu ki, İlahə xanımı narahat edən ciddi məsələlər var və artıq səbr kasası dolub...
- İlahə xanım, deyəsən, biznes-ledi olmanız, Sizi musiqidən ayırıb?
- Artıq bir neçə ildir ki, yükdaşıma biznesi ilə məşğul oluram. Amma səhnədən ayrılmamışam. Sadəcə, gördüyüm işləri reklam etmirəm, çünki toylara getmirəm. Çox müğənnilər reklamı ona görə edirlər ki, toylara baha getsinlər. Vaxt ayıra biləndə, dəvət aldığım verilişin səviyyəsi ürəyimcə olanda, efirdə görünürəm.
Dünyanın bir çox şəhərlərində konsertlərim olub. 2008-ci ildə gözəl bəstəkarımız Cavanşir Quliyevin dəvəti ilə Kiprdə, "Yaxın Doğu" Universitetində Müstəqillik Gününə həsr olunmuş konsert verdim. Musiqiçilərin təyyarə ilə gediş-gəlişini, cib xərcliyini, otel haqqını mən ödədim.
Sonuncu dəfə 2010-cu ilin dekabrında Naxçıvanda kamera orkestri ilə konsert vermişəm. Konsertlərimin əksəriyyətini öz hesabıma etmişəm.
- Razılaşın ki, təbliğat olmasa, geniş kütlə etdiklərinizdən xəbər tutmaz.
- Reklam, efir - hamısı puldur. Bu sahədə qazanc yoxdur deyə, hamı toylara üz tutur. Müğənnilərə yazığım gəlir. Toylardan əziyyətlə 5-10 manat pul qazanırlar, onu da efirlər əllərindən alır.
- Çoxdandır klip çəkdirmirsiniz...
- Sonuncu "Gedəcəyəm" klipimi 2000-ci ildə çəkdirmişəm. Amma 1994-cü ildə ilk klipim çıxanda, ancaq Zülfiyyə Xanbabayevanın klipləri vardı. İlk klipimi Əşrəf Abbasovun canlı orkestrlə oxuduğum "Baxdı mənə" adlı mahnısına çəkdirmişdim. Yaşlı insanların da xoşuna gəlmişdi. O zaman müğənnilərimiz belə mahnılar oxumurdu. Xalq və klassik mahnılarımız, demək olar ki, yaddan çıxmışdı. Buna görə, gənc müğənninin Şövkət Ələkbərovanın repertuarına müraciət etməsi gözlənilməz oldu.
- Musiqimizin indiki vəziyyəti Sizi qane edir?
- İnsanların zövqlərindəki "virusu" təmizləmək biz musiqiçilərin öhdəsinə düşür. Buna görə kütlənin səviyyəsinə düşmək olmaz. Şövkət xanım, Rəşid bəy xeyli vaxtdır dünyalarını dəyişiblər, amma sənətləri bu gün də yüksək dəyərləndirilir.
Lakin bu gün sənət adından danışan sənətsizlər də az deyil. Bu yaxınlarda Cabbar Qaryağdıoğlunun adını, soyadını daşıyan nəticəsinin məclisində oldum. Məclis gözlədiyimin əksinə olaraq, milli musiqimizdən uzaq ab-havada keçirdi. Növbəm çatanda, gözəl xalq mahnılarımızı oxudum. Təkcə yaşlılar deyil, gənclər də mənə təşəkkür etdilər. Xalqımız sənətə dəyər verir, amma gərək onu göstərəsən.
- İlahə Fəda müasir musiqidən uzaqdır, yoxsa...
- Yeri gələndə, caza, roka da qulaq asıram. Amma şou-biznes bizdə düzgün qurulmayıb. Mən sənətdə də varam, biznesdə də, amma onların bir araya gəldiyi şou-biznesdə yoxam. Bacımla sənətə gələndə, sadəcə, oxumaq istəmişik, sonradan bilmişik ki, oxumağa görə pul da verirlər.
- Sovet dövründə insanların əksəriyyəti musiqi təhsili alırdı. İndi isə hətta bəzi müğənnilərimizin də musiqi savadı yoxdur.
- Ona görədir ki, həmin dövrdə böyük bəstəkarlarımız vardı. Ramiz Mirişli, Cahangir Cahangirov, Fikrət Əmirov, Emin Sabitoğlu kimi bəstəkarlarımızın əsərlərinə qulaq asanda, elə bilirsən xalq mahnısıdır. Çətin olduqlarından, indiki müğənnilərin əksəriyyəti həmin mahnıları düzgün oxuya da bilmirlər. Amma bəzən peşəkar və mədəni ifaya da rast gəlirsən.
- İnsanlar peşəkarları deyil, populyarları tanıyır. Populyarlar arasında milli musiqimizə xələl gətirənlər varmı?
- Əlbəttə. Türk telekanallarında Brilyant Dadaşovanın çıxışını gördüm və özümü çox pis hiss etdim. Brilyant xanım orada Emin Sabitoğlunun Nigar Rəfibəylinin sözlərinə yazdığı "Alagözlüm" mahnısını pis gündə oxudu. Bu mahnının möhürünü vaxtilə Akif İslamzadə vurub. Özü də türklər bizim bu kimi bir sıra köhnə mahnılarımızı yaxşı bilirlər. Məsələn, "Məni atdın ay qız", "Reyhan", "Daşlı qala" və s. Brilyant xanım isə "Ala gözlüm"ü baş-ayaq oxudu, özü də xoşagəlməz geyimdə. Əynində bir qarış yubka vardı. Nə olsun ki, gözəl, zərifsən? Axı, xalq artistisən. Ayağında da 5 il öncə dəbdən düşmüş saçaqlı çəkmələr vardı. Mən, bu çəkmələri dəbdə olanda da geyinmədim, çünki qadını çox eybəcər, kobud göstərir. Belə geyimdə "Ala gözlüm"ü oxumaq olar?
Brilyant xanım həmişə özünü məşhur türk müğənnisi Ajda Pekkana oxşatmağa çalışıb. Amma Ajdanın da geyiminə baxın, Brilyant xanımın da. Buna görə çox əsəbiləşdim.
- Digər xalq artistimiz Aygün Kazımova da çox vaxt gənc, şıltaq qızlar kimi geyinir.
- Aygün tamam başqadır, musiqi tərzi də fərqlidir. Bir də ki, Aygün Kazımova iddialı deyil. Demir ki, mən beləyəm, eləyəm... Sadəcə, çıxıb oxuyur, şousunu göstərir. Şıltaqlıq da ona yaraşır. Bu yolu estradamızda o qoydu. Özü də Aygün səmimidir. Amma Brilyant Dadaşova yekə-yekə danışır, vətənpərvərlikdən dəm vurur. "Sarı gəlin"i "Taksim"də nə gündə oxudular? ANS də onların cavabını yaxşı verdi. Ermənilərin oxuduğu "Sarı gəlin"i də səsləndirdilər, bizimkilərin oxuduğunu da. Belə ifadan sonra, onu ermənilərlə oxuyan Sezen Aksunu da qınamaq olmur.
Müğənnilərimiz "Taksim" meydanında 10 min insanın içində "Sarı gəlin"i səhv oxudular. Belə çıxdı ki, ermənilər "Sarı gəlin"i bizdən çox istəyirlər. "Sarı gəlin"i hər iki ifada eşidən digər millətlərin nümayəndələri görəcəklər ki, onu ermənilər daha peşəkar oxudu. Deməli, mahnı da onlarındır. Səhv etmirəmsə, İradə İbrahimova, Zülfiyyə Xanbabayeva da orada idi. Təəssüf ki, hamısı ən məşhur müğənnilərimizdir. Bunları deməyə haqqım var. 17 illik musiqi savadına malikəm. Həmişə xalqıma da, sənətimə də hörmət etmişəm, peşəkar musiqi təqdim etməyə çalışmışam. Bundan əlavə, biznes adamı kimi dövlətimə fayda verirəm, vergi ödəyirəm. Həm nümunəvi vətəndaş, həm də özünə hörmət edən xanımam.
Bacım Fədayə Laçın bəzi oxuya bilməyən müğənnilər qədər gündəmdə olmasa da, sənəti çox güclüdür. Şövkət Ələkbərova və Elmira Rəhimovadan sonra onun öz yeri var. Qadın müğənnilərdən söz düşəndə - xalq artistlərindən tutmuş mənim özümə kimi - Fədayə Laçının adı gələndə, ehtiyat etmək lazımdır.
- Bu yaxınlarda "Sarı gəlin" mahnısını efirdə korifey sənəkarımız Flora Kərimova da yüksək səviyyədə oxumadı.
- "Sarı gəlin" əsəblərimə toxunan mövzudur. Bu məsələni çox şişirdiblər. Yeri gələndə, "Sarı gəlin" elə də böyük əsər deyil. Əgər, onun qədrini biliriksə, düzgün oxumalıyıq. Əks halda verin, ermənilərnin olsun. Bu boyda torpaqları vermişik, bir "Sarı gəlin"i nə böyük problem ediblər?
Londonda muzeydə tarın, kamançanın, balabanın erməni xalq musiqi aləti kimi təqdimatını görmüşəm!
- Sizcə, sənətdə özündən yaşca böyük olana irad tutmaq nə dərəcədə doğrudur?
- Kiminləsə bağlı iradımı gündəmə gəlmək üçün bildirmirəm. Sadəcə, artıq duyğularımı boğa bilmirəm. Yaşlı özünü yaşına uyğun aparmırsa, ona söz demək olar. Amma bu iradı müəyyən qədər haqqı olanlar tutmalıdır.
Vaxtilə Flora Kərimovaya da çox əsəbiləşmişdim. Sərxan Kərəmoğlu ilə qalmaqalını ona heç yaraşdırmadım. Evinin içinə salıb, ona sirrini niyə verirdi? O kim, Flora xanım kim? Qadasını alım, o şedevrdir, ondan yoxdur. Amma belə səhvlərə yol vermək olmaz.
- Müğənnilərimizin türk şou-biznesinə can atmasına necə baxırsınız? Elə Brilyant Dadaşova, Aygün Kazımova... İradə İbrahimova da bu yaxınlarda türk musiqi şirkətlərindən biri ilə müqavilə imzalayıb.
- Qoy gedib oxusunlar. İradə İbrahimova oxuya bilmir, bundan sonra türklərlə nə müqavilə bağlayacaq? O heç, onu qoyduq bir qırağa. Aygün, Brilyant isə qoy getsinlər. Amma Azərin kimi öz musiqimizə hörmət etməyi unutmasınlar. Kimsə xalqın yaratdığı sənətə ciddi baxmayanda, dözə bilmirəm. Bu vaxta kimi dözürdüm. Amma gördüm ki, ölçü götürən yoxdur.
- Bunun səbəbini nədə görürsünüz?
- Səbəb mənəviyyatda, insanların mənliyindədir. Röyadan xoşum gəlir. Amma o, dəb salandan sonra, oxumaqla "tutuzdura" bilməyənlər, ərə getməklə, şəxsi həyatları ilə gündəmə gəlirlər.
- Bəzən əsl sənət adamları kənara çəkilməklə də, meydanı istedadsızlara verirlər.
- Razıyam. Kimlərsə meydanı, sadəcə, sulaya bilərlər, amma meydanın sahibləri var. Özümü nəzərdə tutmuram. Sənəti düzgün icra edən, xalqa, kökə bağlı insanları deyirəm.
- Amma geniş kütlə meydan sahiblərindən çox, elə meydanı sulayanları tanıyır. Bir çoxları İlahə Fədanı tanımadıqlarını da deyə bilər.
- Bacım Fədayə Laçını bütün sənət aləmi tanıyır. Mənsə, özümü reklam etmirəm. Bunun üçün az-çox pulum da var, sponsora ehtiyacım yoxdur. Filarmoniyadakı konsertimə 40 min manat pul xərcləmişdim, özü də tamaşaçıları biletlə deyil, dəvətnamə ilə çağırmışdım.
Brilyant xanım da məni gözəl tanıyır. Çox məclislərdə rastlaşmışıq. Həmişə ona hörmətimi göstərmişəm.
- Musiqimizin doğru yönə yönəlməsi üçün nələr etmək lazımdır?
- Mehriban xanım muğam məsələsində çox gözəl addım atdı. Muğam dirildi. Vaxtilə məclislərdə muğam oxunanda, toy sahibi deyirdi ki, buranı yasxanaya çevirməyin. Artıq yavaş-yavaş "ələnmə" gedir. Ələyi də sənətdə haqqı olan sənətkarlar hərəkətə gətirməlidir.
- Azərbaycan musiqisinə həm də müasir estrada daxildir.
- Bu gün bizdə estrada yox səviyyəsindədir, çünki gündəmdə daha çox dəxilsiz mahnılardır. Yenə də ümidliyəm, çünki Azərbaycan musiqisi o qədər böyükdür ki, ona zövqsüzlər heç nə edə bilməzlər.
Elşad ÜMİD