Vahid Əhmədov adının istintaqda çəkilməsindən danızıb

img

11-04-2012 [10:30]


?Yeni Müsavat?ın dünənki sayında Qubada yerli icra hakimiyyəti başçısının internetdə yayılmış videosu ilə bağlı başlayan və xalq üsyanına çevrilən hadisələrin istintaqı ilə əlaqədar daha bir ilginc informasiya dərc olunub. İnformasiyada deyilirdi ki, bu hadisələrdə əsas təqsirkarlardan biri kimi təqdim edilən və həbs olunan Quba bələdiyyəsinin sədri Elxan Əliyev istintaq zamanı deputat Vahid Əhmədovun adını çəkib. İnformasiyanı verən mənbənin məlumatında iddia edilirdi ki, E.Əliyev baş prokuror Zakir Qaralova deyib ki, icra hakimiyyəti başçısı Rauf Həbibovun məlum toplantıdakı çıxışından qubalılar haqda təhqiramiz ifadələrin yer aldığı hissənin kasetini hazırlamağı ona deputat Vahid Əhmədov tapşırıb. Bildirilir ki, bu dindirmədə daxili işlər naziri Ramil Usubov da iştirak edirmiş. Bələdiyyə sədrinin dediyinə görə, V.Əhmədov ona deyib ki, icra başçısının qubalılar haqda dediklərini prezidentə göndərəcək. Xatırlatmaq lazımdır ki, V.Əhmədov Quba hadisələri zamanı etirazları sakitləşdirmək üçün əsas rol oynayanlardan biri idi. Məhz onun rayon əhalisinin qarşısına çıxması, onları sakitləşdirməsi və həmin gün tutulanların buraxılmasına nail olması bütün gün ərzində davam edən çaxnaşmaları yatırmışdı. V.Əhmədov bu hadisələr zamanı demişdi ki, prezident tərəfindən rayona göndərilib və qubalıların tələblərini haqlı sayır. Deputat icra hakimiyyəti başçısının fəaliyyətindən narazı olduğunu da gizlətməmişdi və demişdi ki, onun qubalıları təhqir etməsi birinci dəfə deyil. Prezidentin Rauf Həbibovu vəzifədən kənarlaşdırması da təsdiqlədi ki, icra başçısı ciddi səhvə yol verib. Ölkə prezidenti onu səhvinə görə cəzalandırdı. Qeyd edək ki, bu vaxta qədər istintaqda Quba hadisələrinə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rolunun da araşdırıldığı barədə mətbuatda məlumatlar gedib. Əsas versiyalara görə, məqsəd nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bölgədə onun mövqelərini sarsıtmaq idi. Lakin indi belə görünür ki, istintaqda yeni fiqurların da rolu araşdırılır. Əgər bələdiyyə sədri deputat V.Əhmədovun adını çəkibsə, ortaya bir sıra suallar çıxır. Eyni zamanda hansısa qüvvələrin izi azdırmaq və əsl günahkarları cəzadan xilas etmək məqsədilə prosesi başqa istiqamətə yönəltməyə çalışması da istisna edilmir. Barəsində yayılan məlumata deputat Vahid Əhmədovun münasibətini öyrəndik. ?Yeni Müsavat?a açıqlamasında V.Əhmədov bildirdi ki, bütün hallarda bunu məqsədli və yanlış informasiya sayır: ?Çünki reallığı əks etdirmir. Vahid Əhmədov kimlərisə öyrədib ortalığı qarışdıracaq qədər aşağı düşməyib. Mən dövlət adamıyam və onun mahiyyətini dərk edirəm. Ona görə belə çirkablar mənə yapışmaz. Mən bu informasiyanı məqsədindən asılı olmayaraq dövlətçiliyə zərbə vurmağa cəhd və təhlükəli addım sayıram?. Qeyd edək ki, Qubanın bələdiyyə sədri Elxan Əliyevin istintaq zamanı deputat Vahid Əhmədovun adını çəkməsi xəbərini redaksiyamıza mötəbərliyinə şübhə etmədiyimiz mənbə verib. ETİBAR, "Yeni Müsavat"

Digər xəbərlər
SON XƏBƏRLƏR