"Azərbaycanda yer sürüzmələri, subasmalar, hətta zəlzələ də mümkündür"

img

18-03-2012 [05:17]


[b]Firudin Qurbansoy: "Nostradamus mövcud olmayıb!" [/b] Şərq təqvimi ilə Əjdaha ili ilk qədəmlərini bir neçə gün sonra qoyacaq. Bu səbəbdən də astroloq Firudin Qurbansoyla görüşüb, yeni ilin xüsusiyyətlərini bir daha öyrənmək istədik. Görüşümüz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş tutdu. Məlum oldu ki, F.Qurbansoy adıçəkilən institutun aparıcı elmi işçisi və filologiya üzrə fəlsəfə doktorudur, orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri ilə məşğul olur. Öncə o, institutdakı işi barədə danışdı: - Orta əsrlər ədəbiyyatımıza yeni prizmadan yanaşırıq. Cəmiyyəti ciddi nəzarətdə saxlayan sovet rejiminin ədəbi irsimizə xüsusi baxışı var idi. Sosialistlər aparıcı qüvvə kimi fəhlə sinfini ideallaşdırdığından, tədris proqramlarına Nizami Gəncəvinin məhz "Kərpickəsən kişinin dastanı"nı salmışdılar. Onun şairliyinin böyüklüyü, fəlsəfəsinin dərinliyi isə arxa plana çəkilmişdi. Yalnız sovet rejimi dağılana yaxın bu müqavimət qırıldı və insanlar proletar deyil, həqiqi Nizamini öyrənməyə başladılar. Bunlar orta əsrlərdə yaşamış bütün ədiblərimizə aiddir. - Sovet rejimi astrologiyanı da qadağan etmişdi? - Rəsmi qadağa yox idi. Ruslar imkan daxilində astroloqlardan istifadə edirdilər. Amma onlara böyük meydan verilməmişdi. Astrologiyaya münasibət SSRİ-nin dağılmasına az qalmış dəyişdi. "İzvestiya" qəzetində astroproqnozlar dərc olunmağa başladı... - Sovet dövrü 20 ildən çoxdur ki, geridə qalıb. Amma astrologiya bizdə hələ də inkişaf etməyib. - Okkult elmləri hələ ki, akademiya sistemində birləşə bilməyib. Elmin inkişafı üçün maddi potensial olmalıdır. Bizdə elmin inkişafına o qədər də fikir vermirlər. Alimlərin maaşına, tələbələrin təqaüdünə baxın. Kitab mağazalarının çoxu bağlanıb, bəziləri isə alt paltarı mağazasına çevrilib. - Bizdə parapsixoloqlara, astroloqlara qeyri-ciddi işlə məşğul olanlar kimi baxırlar. - Elmi dünya səviyyəsində tanıda bilən hansı alimimizi təqdir edirik? Nə vaxt televiziyanı açırsan, müğənniləri təbliğ edir. Nadir İbrahimovu tanımırlar, amma Nadir Qafarzadəni hamı tanıyır. Halbuki İbrahimov çox böyük astronom olub, Beynəlxalq Astronomiya Cəmiyyəti tərəfindən 1977-ci ildə Marsda kraterə onun adı verilib. - Siz də elm adamı olduğunuz halda, astroloq kimi tanınımısınız. - Nizami, Nəsimi, Füzuli və digər klassik şairlərimizi öyrənəndə, istər-istəməz bu məlumatlara rast gəlirik. Amma ulduzların qədim adlarını bilmiriksə, bu barədə yazan şairlərin nə demək istədiklərini də başa düşmürük. Buna görə, aspiranturada Füzulini tədqiq edəndə, Qurani-Kərimi də öyrəndim. Dinimizi bilmədən, klassikaya girmək olmaz. Nücum elmini də Füzulini başa düşmək üçün öyrəndim. - Quranda astrologiya da var? - Quranda hər şey var. Vaxtilə bizdə astrologiyaya təncim, nücum, yəni ulduz elmi deyiblər. Klassikamız bu məlumatlarla zəngindir. 1988-ci ildə Azərbaycan radiosunda "Münəccim" adlı verilişim çıxdı. Sevilsə də, bir il sonra onu bağladım. Çünki 1990-cı ilin yanvarında baş verəcək hadisələri görürdüm. Amma bu barədə danışa bilməzdim... Tədricən astrologiya ilə bağlı kitabçalarım çıxdı və daha çox tanındım. - Astrologiya riyazi hesablamaların aparılmasını da tələb edir. Bu işlə də məşğulsunuz? - Bunsuz olmur. Astrologiya ulduzların hərəkətinə hesablanan elmdir. Bununla bağlı, astronomların məlumatları çap olunur. Həmin kitablarda dərc olunan rəqəmlər, bizim üçün sözdür. O kitablardan istifadə edirik. Bakıda yaşayıb, ulduzlara baxmaq əlverişli deyil. Buradan göy cisimləri o qədər də dəqiq görünmür, hava da həmişə açıq olmur. - Son vaxtlar 13-cü bürc haqqında söz-söhbət geniş yayılıb. Bu barədə nə deyə bilərsiniz? - 13-cü bürc 1976-cı ildən elmə məlum olan faktdır. Bizimkilər indi ayılıblar. Kainatın gözümüzə görünən sektorunda 88 bürc var. Günəş sistemi onların 12-si ətrafında dövr edir. Günəş sistemi noyabrın 29-dan dekabrın 17-nə kimi Oxatan bürcü ilə Oğlaq bürcü arasında yerləşən İlantutan və ya İlan ovsunçusu adlı bürcün təsiri altında olur. Bu bürc əxlaqsızlığın, mədəniyyətsizliyin, tərbiyəsizliyin - bütün mənfi keyfiyyətlərin daşıyıcısı və himayəçisidir. - 13-cü bürc 76-cı ildə aşkar edilibsə, niyə görə onu indiyədək qəbul etmirlər? - Astrologiyanın kütləyə təqdimatı klassik bünövrə üzərində baş verib. Çağdaş astrologiya elmi qədim məlumatlarla kifayətlənməyərək, elmin nailiyyətlərini tətbiq etsə də, bunu kütləyə təqdim etmirlər. Buna ehtiyac da yoxdur. - 2012-ci ildə dünyanın sonunun gələcəyini şumerlərin və Mayyaların tanıdığı Nibiru adlı 10-cu planetlə də bağlayırlar. - Nibiru bizim Günəş sisteminə daxil olmadığından 10-cu planet ola bilməz. Onun 2036-cı ilə kimi Yerlə toqquşma ehtimalı yoxdur. Dünyanın axırı haqqında cəfəngiyyat müəyyən mərkəzlərə, xüsusən də Amerika kəşfiyyatına sərf edir. Camaatı qorxu altında saxlamaq istəyirlər ki, istədiklərini etsinlər. Mayyaların təqvimində də belə şey yoxdur. Mayya təqvimləri fikus yarpaqlarında rənglə yazılmış dövrü cədvəllərdir. Orada dünyanın sonu barədə məldumat yoxdur. İsa peyğəmbər çarmıxa çəkiləndən sonra hər il dünyanın axırı barədə məlumatlar yayılır. Elə ötən il bu barədə 2 dəfə məlumat yayıldı. Nə oldu? Bunlar uydurmadır! - Bəzi mənbələr, əslində, 12 planetin olduğunu deyir. - Bu, Qurani-Kərimdən çıxan ideyadır. Yusif əleyhissəlam yuxuda görür ki, 11 ulduz ona baş əyir. Atası ona bu yuxunu digər 11 qardaşına danışmamağı tövsiyə edir... Yeri gəlmişkən, 10-cu səyyarə yeni tapılıb və mən 12 planetin olmasına inanıram. Yerin özünün də oxşarı var. Başqa yerlərdə də həyat mövcuddur və bəzi sivilizasiyalar bizdən ağıllıdır. Çünki onların UNO kimi elə texnikaları var ki, bunu dərk etmək imkanımız xaricindədir. - Şərq təqvimi ilə Əjdaha ili yeni başlayır. Bu ili necə görürsünüz? - Əjdaha ili martın 21-də, Bakı vaxtı ilə səhər saat 09.36-da girəcək. Əjdaha ili özü ilə xeyir-bərəkət gətirmir. Adətən, qıtlıq, hərbi əməliyyatların gərginləşməsi baş verir. Deməzdim ki, bu il bizə rahatlıq və firavanlıq gətirəcək. - 1988-ci il də Əjdaha ili idi. Qarabağ düyününün "cücərmə" ili... - Əjdaha ili barədə ətraflı məlumat almaq istəyənlər, "Hər gün üçün münəccim öncəgörümləri" adlı kitabımı alsınlar. İl boyu nə baş verəcək, kimin başına nə gələcək, uğurlu günlər və s. barədə orada oxuya bilərlər. - Bəs, təbii fəlakətlər necə, gözlənilir? - Planetdə təbii fəlakətlər çox olacaq. Suyun səviyyəsinin qalxmasından, sunami, zalzələ, vulkanlara kimi. Azərbaycanda isə yer sürüşmələri, subasmalar, hətta zəlzələ də mümkündür. Mən bunların dəqiq tarixini, yerini deyə bilərəm. Bunun üçün böyük hesablamalar aparmışam. Maraqlanan qurumlar, nazirliklər əlaqə saxlasınlar, əməkdaşlıq edək. Bunu mətbuata çıxarmağın yeri yoxdur. İstəmirəm ki, camaatı ürəkkeçmə xəstəliyinə mübtəla edim. Camaatın bilməyinin nə xeyri var? Hadisəyə bir həftə qalmış evlərini atıb qaçsınlar? Amma bu fəlakətlərin təsirini azaltmaq üçün müəyyən işlər görmək olar. - Astrokarmaya görə, biz öz əməllərimizdən savayı, özümüzdən qabaq yaşayanların "nübarını dadırıq". Pis nübardan necə qorunmaq olar? - İnsanların təfəkkürünü dəyişmək üçün "minbər" olmalıdır. İndiki minbər efir və mətbuatdır. Mətbuat maddi çətinliyə görə oxunmur. Efirdə də "şükür Allaha" ağıllı söz eşitmirsən. Həmişə qeybət edirlər. Elmi məlumat, təfəkkürü inkişaf etdirən məqamlar yoxdur. Sanki alimlərimizin hamısı qırılıb. Bir-iki telekanalı çıxmaq şərtilə, düşündürücü, öyrədici proqramlar yoxdur. Varsa da, çox aşağı səviyyədədir. Cavanları maraqlandıra bilmirlər. Onlar ideyasızdırlar. Cavanlara Azərbaycanın taleyi barədə sual versək, bizə idiot kimi baxacaqlar. Elmdən çox, şou-biznesə maraq var. Bizi bu səmtə kənardan istiqamətləndirirlər, çünki milli konsepsiyamızı qura bilməmişik. Vətənpərvərlik tərbiyəsini apara bilmirik. Məktəblərdə dərs keçilmir. Bu mühiti dəyişmək üçünsə xeyli vaxt lazımdır. Böyük bir səltənətin xarabalıqlarında yaşayırıq. Özümüzə gəlməmişik. Kimsə böyük vəzifəyə çıxanda da, özünü düşünür. Bizə yol göstərən "memarlar", öncəgörücülər gərəkdir. - Yəni Azərbaycana Nostradamus kimi şəxs lazımdır? - Mişel Nostradamus adlı şəxs olmayıb! Onu alman əsilli 5 yəhudi uydurub. Öncəgörücü deyəndə, sabahı görən, məntiqi, düşüncəsi olan, millətin gününə ağlayan zəkalı insanları nəzərdə tuturam. Axı, ənənələrimiz, hər şey əldən gedir. Alimlərimiz nə gündə yaşayırlar? Alimi, elmi olmayan xalq elmlilərin quludur. - Xaricdə insanların öz günlərini astroloji proqnozlara uyğun qurmaları adi haldır. Bizdə isə buna riyaət etmirlər. - Bunun biznes və tibbi tərəfi də var. Məsələn, Ay Qoç bürcündə olanda, başla bağlı əməliyyatlar etmək, heç saç qırxdırmaq da olmaz. Buna təcrübəli həkimlər də əməl etmirlər. Həmin zaman diş çəkdirənlərin qanı da dayanmır. Belə nadanlıqdan insan həyatını da itirə bilər. Buna görə, elmi təbliğ etmək, şərait yaratmaq, bədbəxt alimlərə bir gün ağlamaq lazımdır. Polisimiz, ordumuz güclüdür, amma elm ordumuz zəifdir. Hara gedirik? - Keçmişdə şahların şəxsi münəccimləri olub. Hökumət başında dayananlar Sizə maraq göstərmir? - Bunu şahlardan soruşun. Amma xarici ölkələrdə bu var. Hökumət astroloqları himayəsinə alır. Onlar da hökumət üçün işləyirlər. Rusiyadan başlamış, Amerikaya, Yaponiyaya kimi bütün qüdrətli dövlətlərdə bu xidmət var. Rusiyada bu xidmət SSRİ dövründə "KQB"nin tərkibində idi. Dövlət başçılarının hamısının fərdi astroloqu olub. - Bu işi açıq şəkildə Hitler həyata keçirib... - Astrologiyanı tətbiq edən uduzmaz. - Bəs, Hitler niyə uduzdu? - Hitlerin uduzmasının səbəbi o idi ki, öz gücünə həddən artıq aludə olmuşdu. Bunu ona təlqin edən düşmən qüvvələr də var idi. Xüsusən də yəhudi mənşəlilər alman adı ilə gizlənib çox təxribatlar törətmişdilər. Həm ruhi, həm siyasi, həm də hərbi istiqamətdə. Hitler bunun güdazına getdi. Onun özü də çox çılğın idi. Çılğınlıqla siyasət uyuşmur. - 2012-ci ilə çoxları qələbə ili kimi baxır. Bəziləri "Eurovision" müsabiqəsini əldə bayraq edərək, işıqlı gələcəkdən dəm vururlar. - Bu barədə danışmaq istəmirəm. Yaşayırıqsa, bu da pis deyil. Elşad ÜMİD

Digər xəbərlər
SON XƏBƏRLƏR