?Qarabağ Bloku?nun növbəti toplantısı keçirilib

img

22-02-2012 [06:01]


Bu gün ?Qarabağ Bloku?nun növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzində dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələr müzakirə obyekti olub. Toplantının gündəliyində müzakirə olunan məsələlər sırasında ilk olaraq 20 il öncə ermənilər tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı məsələsi olub. ?Qarabağ? Blokunun toplantısında Xocalı soyqırımının 20 illiyi ilə bağlı aparılan müzakirələrdə beynəlxalq ictimaiyyət bəşəriyyətə qarşı baş vermiş bu dəhşətli cinayətə hüquqi qiymət verməyə, bu hadisədə günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi, bu qanlı hadisə zamanı Azərbaycan vətəndaşlarına dəymiş maddi və mənəvi ziyanın ödənilməsi istiqamətində səylər göstərməyə çağırılıb. Toplantı iştirakçıları eyni zamanda Azərbaycan vətəndaşlarını Xocalı soyqırımını unutmamağa, xalqımızın üzləşdiyi bu cür faciələrin bir daha təkrarlanmaması naminə daim həmrəy və özünü müdafiə imkanının möhkəmlənməsi istiqamətində mübarizə aparmağa çağırıb. ?Qarabağ? Bloku Azərbaycan hökumətini də Xocalı soyqırımını dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində ardıcıl və prinsipial şəkildə iş aparmağa bu istiqamətində bütün imkanlardan, o cümlədən Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi imkanlarından səmərəli istifadə etməyə çağırıb. Toplantıda ?Qarabağ? Blokunun 26 fevral tarixində Xocalı abidəsini ziyarət olunması barədə də qərar qəbul edilib. Müzakirələrdə son günlər Azərbaycanda dindarlara qarşı terror və başqa ittihamlarla yeni təqib kampaniyasının aparılmasından narahatlıq ifadə olunub. Toplantı iştirakçıları hesab edib ki, bu məsələ ilə bağlı hüquq mühafizə orqanları ictimaiyyətə obyektiv məlumat verməli, onlara qarşı qaldırılmış cinayət işinin istintaq və məhkəmə prosesi şəffaf aparılmalı və həbs olunanların effektli müdafiəsi təmin olunmalıdır. Eyni zamanda qeyd edilib ki, həbs olunanlara qarşı qaldırılmış cinayət işləri sübut olunarsa bu mövcud hakimiyyətin vətəndaşların təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməməsinin göstəricisi və hüquq mühafizə orqanlarının zaman-zaman ölkədə kriminogen durumun tam nəzarət altında olduğu barədə verdiyi bəyanatların yalan olduğunu təsdiq etmiş olacaq. ?Qarabağ? Bloku İran-Azərbaycan arasındakı münasibətlərdə son dövrlər yaranmış arzuolunmaz münasibətlərin yaşanmasından bir daha narahatlığını ifadə edib və hər iki dövlət rəsmilərini iki qonşu dövlətin münasibətlərinə xələl gətirəcək açıqlamalar verməkdən çəkinməyə çağırıb. Toplantıda həmçinin Rusiya Prezidenti Dmitri Medvedyevin ilk dəfə Kremlə qarşı radikal müxalif mövqedə olan siyasi partiyaların liderlərini dialoqa dəvət etməsi də müzakirə olunan məsələlər sırasında olub. ?Qarabağ? Bloku bu hadisəni nəticəsindən asılı olmayaraq müsbət addım kimi dəyərləndirmiş eyni zamanda Rusiya siyasətini öz ölkələrində birbaşa və dolayısı tətbiq edən bəzi postsovet ölkələrdə, o cümlədən Azərbaycanda bu tipli addımların atılmasını zəruri hesab edib. Eyni zamanda ?Qarabağ? Bloku ölkədə siyasi islahatların aparılması naminə hakimiyyətlə siyasi dialoqa daim hazır olduğunu bir daha bəyan edib. Toplantıda son zamanlar Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı oliqarx-məmurların və onların bizneslərini ?fırladan? şəxslərin korrupsiya yoluyla topladıqları çirkli pulları ?yumaq? üçün fəaliyyət göstərən mafioz qruplaşmanın ifşa edilməsi və Azərbaycanın Mərkəzi Bankının sifarişi ilə milli banknotların çapı üçün Avstriya şirkəti ilə bağlanmış müqavilə ətrafında ortaya çıxan beynəlxalq rüşvət qalmaqalı ətrafında da müzakirələr aparılmış və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ölkənin iqtisadi təhlükəsizliyini təhdid edən bu faktlar üzrə dərhal araşdırma aparmağa və ictimaiyyətə bu barədə obyektiv məlumat verməyə çağırılıb. ?Qarabağ? Bloku ölkədə ara-sıra kiçik ranqlı bəzi dövlət məmurlarının rüşvət alma ittihamı ilə həbs olunmasını və bu faktları korrupsiyaya qarşı mübarizə kampaniyası kimi cəmiyyətə təqdim olunmasını hakimiyyətin korrupsiyaya qarşı mübarizə imitasiyası kimi dəyərləndirib və bu tipli həbslərin ortada olan iri həcmli korrupsiya hallarını ört-basdır etməyə xidmət etdiyini bildirib. Toplantıda aran bölgəsində Kür daşqınlarından ziyan çəkən vətəndaşların problemlərinin hələ də öz həllini tapmaması və bundan dolayı həmin bölgədə yaranmış sosial gərginliyi problemin həll olunması ilə deyil, insanların təqib olunması ilə həllinə cəhd edilməsi kəskin olaraq pislənilib. ?Qarabağ? Bloku hökumətdən və aidiyyatı orqanlardan Kür daşqınından əziyyət çəkən insanların problemlərinin qısa müddətdə ölkə başçısının verdiyi sərəncama uyğun olaraq həll olunmasını eyni zamanda bu ilki yağıntıların miqdarının çox olmasını nəzərə alaraq həmin bölgədə yeni daşqınların baş vermə ehtimalının yüksək olmasını nəzərə alaraq qabaqlayıcı tədbirlərin görməsini tələb edib. Toplantıda həmçinin ötən həftə ərzində qərarların icra vəziyyəti barədə məlumat dinlənilmiş və yeni qəbul olunmuş qərarların icra olunması üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA