"ilin adamı" mükafatı sahiblərinə təqdim edildi

img

07-02-2012 [12:47]


Bu gün Bakıda Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun təsis etdiyi "İlin adamı" mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasimdə ANS Şirkətlər Qrupunun rəhbərliyi, millət vəkilləri və sənət adamları iştirak ediblər. Tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev bildirib ki, "İlin adamı" mükafatı artıq 11-ci dəfədir ki, təqdim edilməsinə baxmayaraq , ilk dəfədir ki, mükafat bir yox, iki nəfər verilir. "Bu mükafat "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qələbə sevincini yaşadan Eldar Qasımov və Nigar Camala verilir. Onlar bu ada ötən il bütün Avropanı arxada qoyaraq Vətənimizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiklərinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdıqlarına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Azərbaycana gətirilməsi ilə ölkəmizə marağın artmasına səbəb olduqlarına və bununla da Azərbaycanın ümumi inkişafına samballı töhfə verdiklərinə görə layiq görülüblər", deyə Seyfulla Mustafayev qeyd edib. Mərasimdə qonaqlara "Eurovision-2011" qaliblərinin uğurlarından ibarət videoçarx nümayiş olunub və nəhayət Eldar Qasımov və Nigar Camal səhnəyə dəvət edilib. "İlin adamı" diplomlarını qaliblərə Seyfulla Mustafayevin özü təqdim edib. Diplomlardan əlavə Eldar və Nigara məşhur "Raymond weil" saat şirkəti tərəfindən onlar üçün xüsusi hazırlanmış dəyərli saatlar hədiyyə edilib. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu "İlin adamları"na həmçinin pul mükafatı da təqdim edib. Seyfulla Mustafayev bildirib ki, bank qanunlarına görə pul mükafatı ancaq bir adamın adına yazılmalı olduğundan, pul mükafatı el adəti ilə kişinin adına yazılıb. "Onlar bunu özləri bölüşdürərlər", deyə S. Mustafayev sözlərini zarafatla bitirib. Təqdimetmə mərasimindən sonra ürək sözlərini deyən Eldar Qasımov öncə hamını salamlayıb: "ANS Şirkətlər Qrupuna və Çingiz Mustafayev Fonduna dərin təşəkkürümüzü bildiririk ki, bizi bu gözəl mükafata layiq görmüsünüz və bizim işimizi belə dəyərləndirmisiniz. Əminəm ki, Azərbaycan gələn illərdə də belə qələblələrlə zəngin olacaq. Çox sağ olun!" Nigar Camal isə bu mükafata layiq görüldüyünə görə çox xoşbəxt olduğunu bildirdi: "Dərin təşəkkürümü bildirirəm. Biz çox xoşbəxtik, bu bizim üçün böyük mükafatdır. Çox sağ olun ki bizə inandınız və bizi seçdiniz". Daha sonra onlaq qonaqlar üçün Azərbaycana qalibiyyət gətirdikləri "Running Scared" mahnısı ifa ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA