?Bu komanda ilə qarzıdakı seçkilərdə nəinki qələbə çalmaq mümkün deyil?

img

27-01-2012 [12:05]


Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Cənab Məmməd Əlizadə Fransa Parlamenti qondarma erməni soyqırımının inkarına görə cəzanın tətbiq edilməsi barədə Aşağı Palatanın qəbul etmiş olduğu qanunu təsdiqlənməsinə münasibət bildirib. -Məmməd müəllim, bugünlərdə Fransa Parlamenti qondarma erməni soyqırımının inkarına görə cəzanın tətbiq edilməsi barədə Aşağı Palatanın qəbul etmiş olduğu qanunu təsdiqlədi. Türkiyə və Azərbaycan bunun qarşısını almaqda aciz qaldı. Bu prosses zamanı Azərbaycan diasporunun gördüyü və görməyə çalışdığı işi yetərli hesab etmək olarmı? -Mən bu suala cavab verməmişdən öncə məlum qanun haqqında bir neçə söz demək istəyirəm. Əvvəla bu qanunun ortaya çıxmasını təkcə prezident Nikole Sarkozinin türklərə və İslam dünyasına olan şəxsi nifrəti, seçki öncəsi manevri, Fransız cəmiyyətindəki islamafobiya və erməni diasporuun səyləri prizmasından gözdən keçirmək qətiyyən doğru deyil. Baxmayaraq ki, bu sadaladıqlarımın da rolu az olmayıb. Amma bu faktorlar öncələr də mövcud idi, fəqət heç bir zaman bənzər qanunun Senatda qəbul etməsi üçün yetərli olmamışdır. Bu dəfə isə sözügedən faktorlara bir yenisi və onlardan daha güclüsü əlavə olunmuşdur ? Yəhudi faktoru! Yəqin ki, nəyə işarə etdiyimi anladınız. Söhbət Yaxın və Orta Şərqdə baş verən və əslində qlobal xarakter daşıyan Böyük Geosiyasi İnqilab fonunda Türkiyə-İsrail münasibətlərinin xarakterinin dəyişməsindən və dünya yəhudilərinin Türkiyəni cəzalandırmaq üçün dünya miqyasında atdıqları addımlardan gedir. Məsələnin əsl səbəbi budur. Azərbaycan disporunun sərgilədiyi tutuma gəlincə, məncə bu tutum ümumilikdə Azərbaycan hökümətinin sərgilədiyi son dərəcə passiv, hətta təssüflə qeyd edərdim ki, immitasiya xarakterli mövqeyə tam adekvat olmuşdur. Hərçənd ki, dövlətimiz öz bütün imkanlarını ortaya qoysa idi, qanunun işıq üzü görməsinin qarşısını almaq olardı. Lakin bu yetərincə edilmədi. -Sizcə Azərbaycan diasporunu güclü saymaq olarmı? -Bu və ya digər diasporun gücü onun keçirdiyi immitasiya xarakterli aksiyaların sayı ilə deyil, diasporun təsir gücü ilə ölçülür. Bu baxımdan Azərbaycan diasporu olduqca böyük potensialına rəğmən çox zəif və sönük təsir bağışlayır. Bu da onun ölkənin milli maraqlarından daha çox iqtidarın ölkə daxilindəki və xaricindəki müxaliflərə qarşı ideoloji, siyasi bir alət kimi istifadə edilməyə çalışılmasından qaynaqlanır. Məhz bu siyasət nəticəsində diasporumuz bir neçə yerə parçalanıb və bu gün diaspor adından çıxış edənlər iqtidara xidmət edənlərdir və etiraf edək ki, heç də diasporun ən intellektua və mədəni hissəsi deyil. Bir sözlə, Azərbaycanın xaricdəki diasporu son 20 il ərzində daxili siyasətin alətinə çevrildiyindən ondan nə isə böyük nəticə və qələbə gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. Əvvəla onu deyim ki, azərbaycan ərazisində gedən proseslər eyni ilə xaricdə yaşayan soydaşlarımızın da həyatında özünü göstərməkdədir. Yəni müxalifəti və iqtidarı dəstəkləyənlər şəkilində bölünmələri. Əgər əlavə etsək ki, burada regionçuluq üstəgəl şəxsi maraqlar da özünü göstərməkdədi o zaman hər şey aydın olur. Bir də, axı, bu qələbəni dövlətin müəyyən kürsüsündə otran bəzi iqtidar sahibi olan məmurların özü istəməlidir. Onların isə ermənilər üzərində qələbə çalmaq və işğal altında olan torpaqları qaytarmaq istiqamətində güclü istəyinin olduğu qətiyyən hiss edilmir və hətta belə təəssürat yaranır ki, Prezidentin komandası bunda maraqlı deyil. -Siz iqtidarı ittihammı edirsiniz? -Baxın, cənab İlham Əliyevin çox sevdiyim bir kəlamı var: İş olan yerdə mütləq nəticə də olmalıdır. Bu kəlam mənim həyat fəlsəfəmə çevrilib və həmin fəlsəfədən çıxış edərək deyirəm ki, 20 ildə Qarabağ məsələsində heç bir irəliləyiş yoxdursa, deməli Prezidentin komandası, eləcə də bu komandanın əmri ilə oturub-duran ?diaspor? ya heç bir iş görməyib, ya da çox az iş görüb. Fakt isə budur ki, ortada heç bir gözəgəlimli nəticə yoxdur və nə qədər ki, dövlətimizin başçısı bəzi rüşvətxor və korrupsionerlərlə işləməkdə davam edəcək, heç bir irəliləyiş də olmayacaq. Bu komanda ilə qarşıdakı seçkilərdə nəinki qələbə çalmaq mümkün deyil, əksinə ölkəmizin inqilab burulğanına sürüklənməsi gözlənilir. Çünki xalq artıq bu komandadan, rüşvət və korrupsiyadan, regionçuluqdan bezib və bu komanda ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinin mümkünlüyünə inanmır. Bir sözlə, komanda Heydər Əliyev kursundan çoxdan sapıb. O. mütləq dəyişilməlidir və dəyişikliyə də müvafiq qanunlara uyğun olaraq, yaşı 65?dən yuxarı olan məmurların istisnasız olaraq hamısının təqaüdə göndərilməsindən başlamaq lazımdır. Söhbət 2-ci, 4-cü, 6-cı və sairə sırada duran yüksək çinli məmurlardan gedir. Xalq da görməlidir ki, ölkədə islahatlara start verilib. Əks təqdirdə Azərbaycanda da Misir, Liviya, Yəmən və Suriya hadisələrinin bənzəri təkrarlanacaq. İqtidardakıların, deyəsən, aşağıların artıq kütləvi hal almağa başlayan narazılığından, qəzəb, nifrət və inqilab əhval-ruhiyyəsindən xəbəri yoxdur. Fəlakət pusquda durmuş ilan kimi yavaş-yavaş yaxınlaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA