Lalə Şövkətin hökumətdən 7 maddəlik tələbi

img

24-01-2012 [04:52]


?Dünən Fransa Senatı qondarma "erməni soyqırımını" inkara görə cinayət məsuliyyətinin nəzərdə tutan və Fransa Milli Assambleya tərəfindən artıq qəbul olunmuş qanun layihəsini təsdiq edib. Bu qanun həm tarixin kobud saxtalaşdırılması, həm də ümumbəşəri dəyər olan söz azadlığına, ifadə azadlığına olan böyük zərbədir. Bununla Fransa Senatı nəinki Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlərə böyük ziyan vurdu və Fransaya olan etimadın tam itirilməsinə təkan verdi, həm də öz dəyərlərinə xəyanət etdi?. MIA-nın məlumatına görə, bu bəyanatla ALP lideri, professor Lalə Şövkət çıxış edib. Bəyanatda qeyd olunur ki, Fransanın Xalq Hərəkatı Uğrunda Birliyi (Union pour un Mouvement Populaire) partiyası tərəfindən qondarma "erməni soyqırımının" tanınması və bunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanun layihəsi Fransa parlamentinə təqdim olunandan dərhal sonra keçən il dekabrın 17-də L. Şövkət xüsusi bəyanatla çıxış edib və ondan sonra da mediada Azərbaycan hakimiyyətini təcili olaraq bu ədalətsiz, qəbuledilməz populist siyasi aksiyaya qarşı kompleks tədbirlər görülməsini tələb edib: ?Amma, çox təəssüf ki, Azərbaycan iqtidarı bu ərəfədə hər hansı bir adekvat yetərli addım atmadı. Bu çox acınacaqlıdır, ona görə ki, bu məsələ təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bir addımdır. Məhz Azərbaycanın Qarabağ probleminə görə 20 ilə yaxındır Ermənistanla bütün diplomatik əlaqələri kəsən, bununla bərabər dünya ictimaiyyətinin və Avropa Birliyinin təkidlərinə baxmayaraq Türkiyə-Ermənistan sərhədlərini açmayan Türkiyə birmənalı olaraq Azərbaycana dayaq durduğunu və əsl strateji müttəfiq olduğunu sübut etdi. Lakin, buna rəğmən Azərbaycan hakimiyyəti Fransa ilə münasibətlərdə öz kəskin mövqeyini ortaya qoya bilmədi?. Bəyanatda daha sonra vurğulanır ki, bu gün, Qarabağ probleminin həll olunmaması ilə təcəssüm olunan geosiyasi izolyasiyada olan Azərbaycan üçün Türkiyə ilə sıx, sözün əsl mənasında strateji müttəfiqlik münasibətləri həyati zərurətə çevrilib. Bunu dərk etməmək dövlətçiliyimiz üçün böyük təhlükə ilə nəticələnə bilər. Azərbaycan iqtidarı "Bir millət ? iki dövlət" deyimini şüar deyil, gərçək strateji siyasi xətt olduğunu sübut etməlidir. Bu, Azərbaycanın milli maraqlarına yeganə cavab verən bir strategiyadır. Bu gün Azərbaycan dövlətindən təxirəsalınmaz qətiyyətli və cəsarətli addımlar tələb olunur: 1. İlk olaraq, Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən dərhal uzaqlaşdırılmalıdır. 2. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. 3. Yaranmış duruma uyğun olaraq Azərbaycanın Fransa ilə siyasi, iqtisadi və mədəni əlaqələrinə yenidən baxılmalıdır. 4. Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Konseyi Fransanı onun parlamenti tərəfindən qəbul olunmuş bu mənfur qanunun Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Konvensiyasına zidd olduğuna görə Avropa İnsan Haqları Məhkəməsinə verməlidir. 5. Dövlət başçısı, onun xanımı və Fransanın "Fəxri legion" ordeni ilə təltif olunan digər Azərbaycan vətəndaşları Fransanın bu addımına etiraz olaraq bu ordendən imtina etməlidirlər. 6. Azərbaycan vətəndaşlarına Fransaya səyahət etməmək tövsiyə olunmalıdır. 7. Bütün digər hüquqi, siyasi, iqtisadi, sosial yöndə addımlar Türkiyə ilə birgə uzlaşmalıdır. Ümidvaram ki, Azərbaycan hakimiyyəti bu dəfə öz birmənalı mövqeyini əməlləri ilə sübut edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA