11-12-2011 [05:25]
[b]Müğənniyə "adımı çəksən başını kəsəcəm",- mesajı verilib [/b]
Gənc müğənni Rövşən Civişovun əxlaqsız qadınların Azərbaycan efirini zəbt etməsi barədə açıqlaması səs-küysüz ötüşməyib. Vəzifəli şəxslərin, iş adamlarının milli musiqimizi nüfuzdan salan müğənniləri himayə etdiyini deyən R.Civişov həmkarlarından həm alqış, həm də təpki alıb. Digər müğənni Əli Mirəliyev isə qəzetimizə açıqlamasında gənc həmkarı ilə həmrəylik nümayiş etdirib.
Ə.Mirəliyev deyib ki, bu gün "mavi" və fahişələr efirə çıxıb, xalqa öyüd-nəsihət verirlər. Halbuki bu adamlar öz keçmişlərinə baxıb utanmalıdırlar: "Bakı çox da böyük şəhər deyil. Sən bu qapıdan çıxıb, o birisinə girirsən və hamı bunu görür. Efirdə kişilikdən danışırlar. Sən özün həyatda düz yaşa, bəsdir. Mən canımı qoyub konsertlər verəndə Səməd Səmədov hardaydı? Hər ay solo-konsert verirdim. Bunlar isə ciblərinə işləyiblər. O vaxt Səməd kimilərini telekanalın qapısından içəri buraxmırdılar. ?iyə? Çünki Bədii Şura vardı. Arxaları ilə öyünən, ona-buna hədə-qorxu gələnlər televiziyaya həsrət idi. Elə ki, onlar telekanal rəhbərlərinin cibinə yol tapdılar, televiziyalar su yoluna çevrildi. Musiqi rüşvətin qulu oldu. İndi hansı telekanalı açırsan, toy müğənnilərini görürsən. Görün, hansı dövrana çıxmışıq. Muğam ifaçısı masaj oluna-oluna dərs deyir, özü də "ah, of, canın yansın, bir az aşağı..." - deyə-deyə. Səhv etmirəmsə, həmin muğam ifaçısı "Şöhrət" ordenlidir. Bəlkə masaj məsələsinə görə alıb bu ordeni? Ayıbdır!
Ancaq mən oxumağı bacarmışam. Kiməsə yaltaqlanım, belə şeylər olmayıb. Biz oxumaqla məşğul olmuşuq. Amma indi kişilər var, nəyə desən gedirlər. Bütün sahələrdə özbaşlınalıq hökm sürür. Bunun zərbəsi isə sənətdən çox dilimizə dəyir".
Ə.Mirəliyev telekanallar üçün xarakterik olan nöqsanlar barədə də danışıb. Deyib ki, heç bir telekanal milli-mənəvi dəyərlərimizə zərbə vuran bu cür neqativ halları müzakirə etməyə həvəs göstərmir: "Xəzər" telekanalının "Xəbərlər" proqramının bir aparıcısı var. Kanal rəhbəri onun danışığını eşitmir? "5 nəfər öldü!", "Biri yaralandı!", "Dəhşətli qəza oldu!"... Bunu sadə sözlə demək olmaz? Aparıcı elə bir vurğu vurur ki, az qala, ürəyin partlasın. İnsanların əsəblərini tarıma çəkməyə ona kim icazə verib? Guya yenilik gətirib? Ay aparıcı, köhnə kəndə yenilik gətirə bilməzsən. Bunun öz dili, öz dəbi var".
Mirəliyevin sözlərinə görə, bu gün Azərbaycanda mədəniyyət sektoruna rəhbərlik edən adamların böyük əksəriyyətinin musiqidən anlayışı yoxdur: "Bir mədəniyyət və turizm naziri var. Axı, o, hansı mədəniyyətə xidmət edir? Onun bu xalqın mədəniyyətindən xəbəri varmı? Bu şəxs ancaq əməkdar və xalq artisti fəxri adlarını verdirməklə məşğuldur. Özü də oxuya bilməyənlərə! Bəs, Süleyman Abdullayevə, Akif İslamzadəyə niyə fəxri ad verilmir? Akif Azərbaycan mahnılarının bir neçəsinin canlı heykəlini qurub. Bəs, digərləri hansı işi görüb? İki muğam oxuyana "Şöhrət" ordeni verirlər, amma Qulu Əsgərov kimi bir sənətkar fəxri ad almadan köçdü bu dünyadan. Amma Canəli Əkbərov, Arif Babayev fəxri adların, ordenlərin içərisində itib-batırlar.
Qulu Əsgərov "Leyli və Məcnun"u oynayıb, Canəli onun kimi oynaya bilərmi? Heç vaxt. Düzdür, o da oxuyur. Amma o, Qulu Əsgərov ola bilməz! Qulu Əsgərov oxuyanda bütün zal ağlayırdı. Görün, nə qədər təsirli oxuyub. Hələ Rübabə Muradovanı demirəm.
Teymur Əmraha niyə fəxri ad vermirlər? Teymurun Azərbaycan musiqisinə çəkdiyi əziyyəti havayı yeyənlərin biri etməyib. Amma hələ də evi yoxdur. Canəliyə verilən evin bir otağını da ona versinlər də..."
Müsahibimiz bildirib ki, bu siyasət keçmişi unutmağa hesablanıb. O, unutqanlıq üzündən torpaqlarımızın işğal olunduğunu, milli-mənəvi dəyərlərimizin arxa plana keçdiyini də deyib: "Biz unutqan millətik. Tarix boyu ermənilər, farslar bizi işğal edib. Həmişə qul olmuşuq. Tarix təkrar olunur. Biz neyləsək də əsarətdən qurtara bilmirik. Maariflənməkdənsə, geri gedirik. Hər şeyi unuduruq. Dost ilə düşmənə dəqiq qiymət verməliyik. Düşmənə dost deyib, onun yanına gediriksə, onunla bir stolda otururuqsa, bu nə dərəcədə düzdür? Düşmənlə nə qədər söhbət etmək olar? Müharibə gedirdi, şəhidlər verirdik. Belə bir vaxtda müharibəyə "stop" deyib başladıq fəxri adlar paylamağa. Xalq artisi itə tök oldu. Biabırçılıqdır. Bu boyda dərdi qoyub toy-bayram edib, villalar tikiriksə, daha belə millətə nə deyəsən? Əgər mənim torpağım düşmən əlindədirsə, bir vətəndaş kimi necə sevinə bilərəm?!"
Ə.Mirəliyev deyib ki, həqiqi sənətkarlar qayğıdan məhrum olduqları üçün səsi, musiqi təhsili olmayan adamlar meydan sulayırlar: "Mən 40 ildir ki, səhnədəyəm, amma cəmi 140 manat pensiya alıram. Bu pulla necə dolanım? Yaxşı ki A?S var, mənə maaş verir. O da olmasa, nə edərdim? 50 yaşı tamam olmamış adamı xalq artisti fəxri adı, "Şöhrət" ordeni, Prezident təqaüdü ilə təmin edirlər. Amma mən bilmirəm ki, bu adları onlara hansı göstəricilərinə görə verirlər? Onlar Azərbaycan musiqisinin inkişafı üçün hansı işləri görüblər? Musiqinin qolunu sındırıblar, dilimizə yad ünsürlər gətiriblər. Fəxri adlar onlara buna görəmi verilib?
40 ilin xanəndəsi kənarda qalıb. Bizim zəhmətimizin üstündən qara xətt çəkib, yeni bir səhifə açıblar. Belə də şey olar? Birdən Səid Rüstəmov, Üzeyir Hacıbəyov, Cahangir Cahangirov dirildi, onlara nə cavab verəcəksiniz? Musiqiçilər, danışın da. Yoxsa, lal olmusunuz? Prezident təqaüdü, fəxri adlar hamınızı gözükölgəli edib? Rəhmətliklərin yazdıqları musiqilər kənarda qalıb, Azərbaycan musiqisində təzə bir "janr" əmələ gəlib. Bu janrın dədəsi-nənəsi bilinmir. Bic musiqiləri kim yazır? Bic musiqilər bu xalqı məhvə aparır. Hələ aparıcıları demirəm. Özlərindən o qədər razıdırlar ki... Aparıcılar dilimizə təzə sözlər gətiriblər. Onda belə çıxır ki, Səməd Vurğun, Əliağa Vahid, Süleyman Rüstəm düz yazmayıblar? Bu qədər mübarizə aparıram, iradlarımı bildirirəm, amma nə faydası. Zəng edib hədə-qorxu gəlirlər. Toy müğənnilərinin, aparıcıların adını çəkmək olmur. Deyirlər, "mənim adımı çəksən başını kəsəcəm". Bu nədir? Deyirəm, filankəs, sən düz oxumursan, bu Azərbaycan musiqisi deyil. Deyir "sən kimsən ey, düz oxuyursansa, sənə də xalq artisi adı versinlər". Səməd Səmədov ermənicə oxudu, xalq artisti oldu. İndi toylarda, efirlərdə forsundan az qalır ki, cırılsın. Zarafat deyil, kişi xalq artistidir.
Müğənnilərin, aparıcıların çoxu özlərini apara bilmirlər. Tərbiyyələri yoxdur. Camaat acından ölür. Amma bəzi ziyalılar, xalq artistləri, yazıçılar, şairlər, millət vəkilləri efirə çıxıb deyirlər ki, yaşayışımız əladır. Xalqı niyə çaşdırırlar? Axı, hər şey qaydasında deyil. Torpağı işğal altında olan bir dövlət qaydasında olar? Birdəfəlik desinlər ki, ay xalq, dövlətin bu torpaqları geri qaytarmağa gücü çatmır. Camaat da öz işini bilib, həyatını qursun. İnsanlara boş yerə ümid vermək lazım deyil.
Həyatım başa çatıb. Amma nəvə-nəticələrim var. Bu boyda ağır yükü onların çiyinlərində qoyub getmək istəmirəm..."
Bahar RÜSTƏMLİ