ViP Siyasi Şurazının iclası keçirilib

img

05-12-2011 [06:45]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şuraşının iclası keçirilib. İclasda VİP-in müxalifətdaxili inteqrasiya prosesində iştirakı, partiyanın qarşıdakı dövrə aid fəaliyyəti və cari məsələlər müzakirə edilib. Birinci məsələ ilə bağlı çıxış edən VİP sədri Əli Əliyev müxalifət partiyalarının birgəliyinə yönəlik təşəbbüslər, bu istiqamətdə aparılan danışıqların gedişi və nəticəsinə dair ətraflı məlumat verib. Ə.Əliyev VİP, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Azərbaycan Liberal Partiyasının (ALP) bir arada olmaq qərarına gəldiklərini, üç partiyanın iştirakı ilə formalaşdırılacaq təsisatla əlaqədar İşçi Qrupunun yaradıldığını diqqətə çatdırıb. Məsələyə münasibət bildirən Siyasi Şura üzvləri müxalifət partiyalarının təmərküzləşməsinə ehtiyac olduğunu önə çəkərək, üç partiyanın bir araya gəlmək qərarını təqdir ediblər. VİP-in 2012-ci ildə həyata keçirəcəyi fəaliyyətin ümumi istiqamətlərinin müzakirəsindən sonra qərara alınıb ki, partiyanın rayon təşkilatlarına bu məsələyə dair təkliflərini Mərkəzi Aparata təqdim etmələri tövsiyə olunsun və onların əsasında Fəaliyyət Proqramı hazırlanaraq təsdiq edilsin. Müzakirələrin gedişində bəzi qüvvələrin 2013-cü il prezident seçkiləri məsələsini gündəmə gətirməklə müxalifət üçün ziyanlı tendensiyanı gücləndirməyə çalışdıqları xüsusi vurğulanıb. Siyasi Şura üzvlərinin bu məsələyə dair ümumi mövqeyi bundan ibarət olub ki, qarşıdakı 2012-ci il ərzində müxalifətin fəaliyyəti ölkədə demokratik mühitin maksimum gücləndirilməsinə yönəldilməlidir. Siyasi Şura üzvləri VİP-in növbəti prezident seçkilərində iştirak formasının müəyyənləşdirilməsinə dair 2013-cü ilin əvvəlində qərar verilməsini daha məqsədəuyğun sayıblar. Cari məsələlərin müzakirəsi zamanı tanınmış yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi qətiyyətlə pislənilib və hüquq-mühafizə orqanlarından yazıçının qətlinin təşkilatçıları ilə icraçılarının tezliklə aşkarlanaraq cəzalandırılması tələb olunub. VİP Siyasi Şurası hökumətin Bakı Metropolitenində gediş haqqının və bəzi kommunal xidmətlərin qiymətinin qaldırılmasına dair əsassız qərarını kəskin tənqid edərək, bu addımı əhalinin mütləq hissəsini təşkil edən aztəminatlı təbəqəyə qarşı soyğunçuluq kimi qiymətləndirib. Siyasi Şura üzvləri hakimiyyət orqanlarının bəzi bölgələrdə inanclı vətəndaşların ibadətinə mane olmaları hallarının mütəmadi təkrarlandığını vurğulayaraq, hakimiyyətdən cəmiyyətdə qarşıdurma yaradan qanunsuz addımlara son qoyulmasını tələb ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA